Pərixanım Mahmudova: "Sovet dövründə Mirzə Cəlillə bağlı bəzi məsələlər gizli saxlanılıb, açılmayıb"
2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.
Məlumdur ki, C.Məmmədquluzadənin 150 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda ədəbiyyatımızın yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar əksini tapıb.
Sərəncamda Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Yazıçılar Birliyinin təklifləri də nəzərə alınmaqla, yubileyə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Yubiley tədbirləri çərçivəsində təbii ki, daha çox ziyarət ediləcək yer böyük ədibin Bakıdakı ev muzeyi olacaq. Bəs ev muzeyində hazırkı vəziyyət necədir?
C.Məmmədquluzadənin ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova ilə əlaqə saxladıq.
P.Mahmudova bildirdi ki, ev muzeyində hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir:
- Cəlil Məmmədquluzadə görkəmli yazıçı, ədib, ictimai xadim, publisist, Şərqdə ilk satirik jurnal - "Molla Nəsrəddin”in yaradıcısıdır. Biz çox şadıq ki, cənab Prezident C.Məmmədquluzadənin 150 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi məqsədilə sərəncam imzaladı. Həqiqətən də, bu, Prezidentin Cəlil Məmmədquluzadə şəxsiyyətinə və onun Azərbaycan ədəbiyyatı və ədəbi fikir tarixində tutduğu misilsiz mövqeyə yüksək dəyər verdiyini sübut edir. Biz də əlbəttə ki, yubileyə hazırlaşırıq.
Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının yaradılması ilə əlaqədar təmir-bərpa və bədii-tərtibat işlərinə ötən ildən başlanılmışdı.
Təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir. Hazırda muzeydə həm təmirçilər çalışır, həm də bədii tərtibatçılar gəlir. Təmir-bərpa işlərində məqsəd bu idi ki, ekspozisiya yenilənsin. Müasir tələblərə uyğun tərzdə qurulsun. Muzeyin iş planı tərtib edilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin rəyini almışıq. İsa müəllim bizə həmişə tövsiyələri, tapşırıqları ilə yardım edib. Bu dəfə də belədir. Ev muzeyində ekspozisiyanın yenilənməsi üçün işlər davam edir. Xeyli materiallarımız var.
Burada 5000 eksponat nümayiş olunacaq. Aprel ayınadək işlərin tamamlanması gözlənilir. Fevral ayı Cəlil Məmmədquluzadənin doğulduğu aydır, aprel ayı «Molla Nəsrəddin»in ilk sayının işıq üzü gördüyü aydır… İlin birinci rübü Cəlil Məmmədquluzadə ilə bağlı əlamətdar tarixlərlə zəngindir. Biz də çalışacağıq ki, qarşıdakı aylarda bərpa və tərtibat işləri tamamlansın və ev muzeyi yenilənmiş ekspozisiya ilə ziyarətə açılsın.
- Bəs, indiyədək nümayiş edilməmiş yeni eksponatlar olacaqmı?
- Yeni eksponatlar olması üçün gərək arxivlər açılsın. Burada əsas iş tədqiqatçıların üzərinə düşür. Biz tədqiqatçıların yazdıqlarından və üzə çıxardıqlarından istifadə edirik. Amma bizim tədqiqatçılar bir az tənbəldir. İllər əvvəl «Azərbaycan» jurnalında «Molla Nəsrəddin» jurnalı necə qapanıb, hansı hadisələr cərəyan edib, bütün bunlarla bağlı maraqlı yazı dərc edilib. Səhhətimlə əlaqədər indi iş yerində deyiləm, jurnalın sayını sizə dəqiq deyə bilmirəm.
Dəyərli ziyalımız Qulam Məmmədli «Molla Nəsrəddin»lə bağlı kitab yazıb. «Azərbaycan arxivi» jurnalında sovet dövründə Mirzə Cəlilə olan münasibət, hansı məhrumiyyətlərə düçar olması barədə yazılıb. Mirzə Cəlilin Məmməd Səid Ordubadi ilə söhbətləri var. Mirzə Cəlil deyir ki, «mən «Molla Nəsrəddin» nəşr edirəm, sizsə deyirsiz «Allahsız» jurnalı çap et». Bu məsələlər sovet dövründə gizli saxlanılıb, açılmayıb, üstü qapalı saxlanılıb. Amma indi gərək tədqiqatçılarımız işə başlasın. O zaman yeni eksponatlar da olar, materiallar da zənginləşər.
Məlahət Rzayeva