Təhlillər, iqtisadi araşdırmalar aparmadan ixtisarlar aparırlar

Ziyad Səmədzadə: “Artan əmək ehtiyatları müqabilində yeni iş yerləri yaradılmalıdır”




Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində iki qanun layihəsinə baxılıb. Komitənin sədri, millət vəkili Ziyad Səmədzadə öncə qeyd edib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq parlament üzvləri yerlərdə keçirilən görüşlərdə fəal iştirak edir və yeni mərhələnin hədəflərinin müəyyənləşdirilməsi, iqtisadiyyatımızın neftdən asılılığının aradan qaldırılması və yerli istehsalın, sahibkarlığın inkişaf etdirilməsi üçün səmərəli təkliflər verirlər:

"İclasın gündəliyindəki qanun layihələri də mövcud iqtisadi durumda ölkəmizdə sahibkarlığın inkişafına kömək məqsədi daşıyır”.

"Bank sektorunda konsolidasiya aparılmalıdır” - deyən Z.Səmədzadə bildirib ki, bəzi kommersiya banklarında problemlər var, onların fəaliyyəti sağlamlaşdırılmalıdır: "Kommersiya bankları kreditləşmə siyasətində real sektora daha çox üstünlük verməlidirlər. Real sektora yönələn kreditlər üzrə faiz dərəcəsi də azaldılmalıdır. Bununla yanaşı, banklar regionlarda ipoteka kreditləşməsini aktivləşdirməlidir. Bu addım regionları, onların iqtisadiyyatını canlandıracaq.

"Sahibkarlığa müdaxilələrin aradan qaldırılması, müsbət nəticəsini verir”

Komitə sədri deyib ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində Azərbaycan büdcə gəlirlərinin formalaşmasında problemləri aradan qaldırmağa meyllənib: "Gələcək büdcə gəlirlərimiz birmənalı şəkildə qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır. Biz son zamanlar sahibkarlığın inkişafına xidmət edən bir sıra qanunlar qəbul etmişik və bir neçəsini qəbul edəcəyik. Bununla yanaşı, sahibkarların fəaliyyətinə müdaxilələrin aradan qaldırılması öz müsbət nəticəsini verir. Ölkə başçısının tapşırığına əsasən, regionlarda inkişaf, yeni iş yerlərinin açılması prosesi sürətləndirilib. Başqa sözlə, neftin kəskin ucuzlaşmasına baxmayaraq, iqtisadi inkişafımız davam edəcək”. Z.Səmədzadə qeyd edib ki, bir sıra təşkilatlar təhlillər, iqtisadi araşdırmalar aparmadan ixtisarlar aparırlar: "Azərbaycanda demoqrafik şərait əlverişlidir, əmək ehtiyatları kifayət qədərdir. Artan əmək ehtiyatları müqabilində yeni iş yerləri yaradılmalıdır”.

"O qədər də zəruri olmayan layihələrin icrası dayandırılacaq”

Millət vəkili vurğulayıb ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsi bu yaxınlarda Milli Məclisə təqdim olunacaq: "Büdcənin parametrləri barədə kifayət qədər məlumat verilib. Ana xətt ondan ibarətdir ki, o qədər də zəruri olmayan layihələrin icrası dayandırılacaq. Dövlət başçısının tapşırığına əsasən, heç bir sosial proqramın icrası dayandırılmayacaq. Ümumilikdə, büdcədə sosial xarakterli xərclər əhəmiyyətli dərəcədə artacaq. Dövlət Neft Fondundan transfertlər azalacaq”. Komitə sədri əlavə edib ki, büdcə kəsiri buraxılan istiqrazlar, kompleks özəlləşdirilmə və s. bu kimi addımlar hesabına bağlanacaq.

Yerli istehsal sahəsinə zərər vuran amillər aradan qaldırılacaq

Komitənin iclasında iştirak edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, bu qanun ölkəmizdə istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə hazırlanıb: "Yerli istehsal sahəsinə zərər vuran və ya belə bir təhlükə yaradan dempinqli, yaxud subsidiyalaşdırılan idxala qarşı həyata keçiriləcək tədbirləri tənzimləyəcək. Həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərər vurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirlər, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydaları bu qanunla tənzimlənəcək”. S.Babayev yerli istehsalın rəqabət qabiliyyətinin artırılması üçün kompleks tədbirlərin vacibliyinə də toxunub.

Yerli istehsalın inkişafına, rəqabət qabiliyyətinin artırılmasına münbit şərait yaradılmalıdır

Komitədə ikinci oxunuşda müzakirəyə çıxarılmış "Lisenziyalaşdırma və icazələrin verilməsi haqqında” qanun layihəsini isə deputat Tahir Mirkişili təqdim edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə Azərbaycanda hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı fəaliyyət növlərinin və tədbirlərin həyata keçirilməsi üçün xüsusi razılıq və icazə verilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən bu qanun layihəsinə əsasən lisenziyaların azaldılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Müzakirələr zamanı deputatlar Vahid Əhmədov, İlham Əliyev, Xanhüseyn Kazımlı qanun layihələrinə dair irad və təkliflərini diqqətə çatdırıblar. Beynəlxalq təcrübəyə istinadən ölkəmizdə antidempinq məsələlərinin, mühafizə tədbirlərinin, eləcə də lisenziyalaşdırmanın tənzimlənməsi vacibliyi söylənilib. Deputatlar yerli istehsalın inkişafına, həmçinin rəqabət qabiliyyətinin artırılmasına münbit şərait yaradılması üçün qanunvericilik bazasının gücləndirilməsini məqsədəuyğun sayıblar. Komitə sədri Z.Səmədzadə səslənən fikirlərə münasibət bildirərək deyib ki, Azərbaycanda sivil, azad bazar münasibətlərinin qurulması üçün hər iki qanun böyük əhəmiyyət daşıyır.

Müzakirələrdən sonra gündəlikdəki məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Bayramoğlu