Təhlükəli sekta Azərbaycanda genişlənə bilər

“Üzüm bağı kilsəsi” üzvləri feysbukda çox fəaldırlar



Paytaxtda 5 yaşlı oğlunu boğaraq öldürdüyü deyilən gənc ananın "İsa peyğəmbər və üzümçülərin sektası” adlı dini təriqət üzvü olması xəbəri ictimaiyyətdə təşvişlə qarşılanıb. Xatırladaq ki, hadisə srağagün Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 33-də baş verib.

Yasamal Rayon Prokurorluğundan "Sputnik Azərbaycan” saytına verilən məlumatda qeyd olunurdu ki, hadisəni törətməkdə şübhəli bilinən ana - Nazilə Qulubəyovanın həyat yoldaşı

Rövşən Qulubəyov axşam saatlarında 102 xidmətinə zəng edərək yoldaşı və oğlunun mənzildə bağlı qapı arxasında qaldıqlarını xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları mənzildə uşağın cansız bədənini döşəmənin üstündə aşkar ediblər. Ana isə evdə olmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qulubəyova həbs edilib. Uşağın isə boğularaq öldürüldüyü məlum olub. Qadın isə izahatında etiraf edib ki, "İsa peyğəmbər və üzümçülərin sektası” dini təriqətinin üzvüdür. Qadın izahatında sektanın üzvlərin ianələri hesabına fəaliyyət göstərdiyini bildirib.

N.Qulubəyovanın ya öz anası, ya da qayınanasının milliyyətcə rus olduğu və məhz onun vasitəsilə gənc qadının bu sektaya üzv olduğu deyilir.

Qeyd edilir ki, bu sekta haqqında indiyədək heç bir məlumat olmayıb.

Sözügedən sekta barədə əldə edilmiş məlumatlarsa bundan ibarətdir: "Sekta ən təhlükəli, totalitar dini təriqətlərdən biridir. Bu sekta yevangelist hərəkatı kimi 20-ci əsrin 60-cı illərində ABŞ-da meydana çıxıb. Hazırda "Üzümçülər” Assosiasiyasının ABŞ-da və dünyanın 200-ə yaxın ölkəsində 600-ə yaxın kilsəsi var. Hər kilsə avtonomdur və Assosiasiyanın bərabərhüquqlu tərəfdaşıdır. Sekta fəal missionerlik fəaliyyəti ilə məşğuldur.

İlahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında belə bir dini sekta haqqında məlumatsız olduğunu dedi:

- İlk dəfədir ki, belə bir dini sekta adı eşidirəm. Ümumiyyətlə, sektalar gizli şəkildə fəaliyyət göstərirlərsə, həm də təşkilatlana bilirlər. Bu sektanın adı İsa Peyğəmbərlə bağlıdırsa, oraya qeyri-azərbaycanlıların toplaşması da təəccüblü deyil. Missionerlik fəaliyyətinə gəlincə, əsasən katoliklər və protestantlar bununla məşğuldur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hadisə ilə bağlı dünən açıqlama yayıb. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada qeyd edilir: "Üzüm bağı kilsəsi” adı dini icma DQİŞDK-də dövlət qeydiyyatından keçməyib və onun fəaliyyəti qeyri-qanuni sayılır. Həmin dini icmanın sənədləri qeydə alınmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olub. Lakin sənədlər qaydasında olmadığı üçün geri qaytarılıb”.

İnternet resurslarda axtarışlarımız zamanı "Üzüm bağı kilsəsi” üzvlərinin feysbuk üzərindən paylaşımları ilə qarşılaşdıq. Məlum oldu ki, "Üzüm bağı kilsəsi”nin üzvləri xeyli fəaldırlar. Onların paylaşımlarını da bəyənənlər də az deyil. "Kilsə” fəalları bu adda 2013-cü ildə feysbukda xüsusi səhifə yaradıb və istifadəçiləri ona üzv olmağa dəvət edirlər. Belə olduğu təqdirdə bu dini təriqətin üzvlərinin sayının artacağı da istisna sayılmaz.

Məlahət