Yadigar Məmmədli: “Maarifləndirici və əyləndirici təlimlər jurnalistlərin əməkdaşlığını artırır”
Təhsil Nazirliyinin 3 günlük media seminarı...
Müşfiq Ələsgərli: “Əgər nazirlik müəyyən ekspertləri məsləhət bilirsə, təlimlərdə onları jurnalist auditoriyasına təqdim etsin”
Yadigar Məmmədli: “Maarifləndirici və əyləndirici təlimlər jurnalistlərin əməkdaşlığını artırır”
Yadigar Məmmədli: “Maarifləndirici və əyləndirici təlimlər jurnalistlərin əməkdaşlığını artırır”
Aprelin 16-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün keçirilən maarifləndirici təlimlər başa çatıb. 3 gün davam edən təlimin təşkilinin əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulması olub.
Təlim müddətində nazirliyin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar verilib, müzakirələr aparılıb, təkliflər dinlənilib. O cümlədən ümumi və məktəbəqədər təhsil, ali məktəblərdə ödəniş haqqı, sağlamlıq imkanı məhdud olan şagirdlərin ev şəraitində həyata keçirilən tədrisdən faydalanması, məktəblərdə aparılan təmir-bərpa işləri, audit yoxlamaların nəticələri, gənclərin xaricdə, əcnəbi tələbələrin isə ölkəmizdə təhsili və digər mövzularda çıxışlar edilib. 3 günlük təlimlərdə müxtəlif televiziya kanalları, qəzet və xəbər agentliklərini təmsil edən 25 jurnalist iştirak edib. Təlim müddətində jurnalistlər arasında müxtəlif viktorinalar və əyləncəli oyunlar keçirilib. Sonda jurnalistlərə sertifikatlar təqdim olunub. Təlim zamanı Azərbaycanda həyata keçirilən "xaricdə təhsil proqramı”nın dayandırılması məsələsinə də aydınlıq gətirilib. Xatırladaq ki, bu günlərdə təhsil naziri Mikayıl Cabbarov mətbuata verdiyi açıqlamada bu proqramın dayandırıldığını və bununla bağlı yeni formatın hazırlandığını deyib. Amma nazirin bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəzi media qurumları "Azərbaycanda xarici təhsil arxa plana düşdü” kimi məqalələr dərc ediblər. Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorunun müdiri Nicat Musayev təlim zamanı açıqlama verib. Nazir rəsmisi bildirib ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının icrası başa çatıb və yeni proqram layihəsi ilə bağlı müəyyən məsləhətləşmələr aparılıb: "Hökumət mövcud proqramın nəticələrini təhlil edib. Yeni proqramda əlavə prioritetləri əhatə etmək üçün 1 illik fasilə verilib. Yeni proqramda iki istiqamət nəzərdə tutulub. Bunlardan biri xaricdə təhsil - magistr və doktorantura prioritet götürüləcək. Digəri isə əcnəbi professorların yerli ali təhsil müəssisələrinə cəlb edilməsidir”. Təlimin sonunda nazir müavini Firudin Qurbanov da çıxış edib. Nazir müavini KİV nümayəndələrini təlimi uğurla başa vurduqları üçün təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. F.Qurbanov informasiyanın ictimaiyyətə vaxtında və düzgün çatdırılmasında medianın rolundan danışıb və təhsildə aparılan islahatlarla bağlı maarifləndirmə işində media nümayəndələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Təhsil sahəsindəki müsbət dəyişikliklərin ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayan nazir müavini təlimlərin media və təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib: "Əsas məqsəd odur ki, təhsil prosesi şəffaf olsun, məktəblər arasında münasibətlər sıxlaşsın. Təhsil Nazirliyinin keçirdiyi tədbirlər barədə məlumatlar, təhsillə bağlı press-relizlər mütəmadi olaraq KİV-lərdə, mediada işıqlandırılır. Təhsil daim yenilənən, təkmilləşən sistemdir. Əgər təhsil gələcəyimizdirsə, bu sahədə hazırlanan kadrların rəqabətə davamlı olması üçün mühüm işlər görülməlidir”. Təhsil sahəsindəki müsbət dəyişikliklərin ictimaiyyət tərəfindən maraqla qarşılandığını deyən nazir müavini təlimlərin media və təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib: "Son dövrlərdə informasiyalar sürətlə inkişaf edir. İnformasiyanı vaxtında əldə etmək, düzgün şəkildə işıqlandırmaq medianın vəzifəsidir. Bu da şərəfli və mürəkkəb vəzifədir. İnanıram ki, təhsil və media təliminin keçirilməsi informasiyanın cəmiyyətə düzgün şəkildə çatdırılmasında faydalı olacaq. Təlimdə nazirliyin struktur bölmələrinin rəhbər şəxsləri iştirak edib, lazımi məlumatlar əldə ediblər. Bu təlim jurnalistlərin gələcək fəaliyyətinə müsbət təsir göstərəcək”.
Mətbaut Şurası (MŞ) İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, jurnalistika dinamik bir sahədir və daim inkişafdadır: "Həm texnoloji, həm də peşənin fəlsəfi standartları baxımından jurnalistika durmadan irəliyə gedir. Bu baxımdan müəyyən sahələr üzrə islahatların, yeniliklərin mediada ardıcıl işıqlandırılması xüsusi əhəmiyyət kəsb edir. Təhsil Nazirliyi tərəfindən jurnalistlər üçün keçirilən təlimi çox müsbət dəyərləndirirəm. Hər hansı peşə üzrə baş verən yeniliklərin media nümayəndələrinin diqqətinə çatdırılması vacibdir. Çünki jurnalist bilmədiyi məsələni işıqlandıra bilməz. Hər zaman vurğulayırıq ki, jurnalistlərin peşəkarlaşmasının mühüm şərtlərindən biri konkret sahə üzrə ixtisaslaşmaqdır. Bu, çox vacib elementdir. Çünki eyni jurnalistin həm iqtisadiyyatdan, həm mədəniyyətdən yazması, dəqiq və dolğun araşdırma aparması mümkün deyil. Müəyyən qədər siyasətdən və kriminal sahədən yazan ixtisaslaşmış jurnalistlər var. Amma humanitar sahədə ixtisaslaşma çox azdır. Nəzərə alaq ki, təhsil mühüm sahələrdəndir. Ona görə də media nümayəndələrinin təhsil bilgilərinə yiyələnməsi zəruridir”. Ekspert bildirib ki, seminarların gedişində təhsil sahəsində tanınmış mütəxəssislərin iştirak etməsi, onların jurnalistlərlə canlı ünsiyyətdə olması, media işçilərini maraqlandıran suallara cavab vermələri çox əhəmiyyətlidir: "Konkret sahələr üzrə savadlı və məlumatlı ekspertlərin tapılması, ictimaiyyətə təqdim olunması medianın ciddi problemlərindən biridir. Bir çox hallarda media nümayəndələri işlədikləri mövzu ilə bağlı ekspert tapa bilmirlər. Xüsusən təhsil və hərbi sahədə kifayət qədər təcrübəli mütəxəssislərimiz yoxdur. Bəzən hansısa məsələ ilə bağlı həmin sahədən kənar adamlar münasibət bildirirlər”.
M.Ələsgərli ekspertlərlə nazirlik arasındakı münasibətlərinə də toxunub: "Əgər təhsil eksperti beynəlxalq təcrübədən çıxış edərək fərqli fikir bəyan edirsə, jurnalist paralel olaraq nazirliyin də münasibətini almalıdır. Fikirlər üst-üstə düşmürsə, bunu təbii qarşılamaq lazımdır. Əsas odur ki, mövzu ilə bağlı araşdırma aparan jurnalistlərdə aydın təfəkkür formalaşsın. O halda media nümayəndəsi üzərində işlədiyi mövzunu ictimaiyyətə daha dolğun və ətraflı təqdim edə bilər. Bu mənada hesab edirəm ki, təlimlərin təşkil olunması həm də məsləhətli ekspertlərin jurnalistlər tərəfindən tanınması baxımından önəmlidir. Əgər nazirlik müəyyən ekspertləri məsləhət bilirsə, təlimlərdə onları jurnalist auditoriyasına təqdim etsin”.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli da bəyan edib ki, bu cür təlimlər jurnalistlərin konkret sahə üzrə ixtisaslaşmasını sürətləndirir: "Dəfələrlə vurğulanıb ki, jurnalistin konkret bir sahə üzrə yazması daha məqsədəuyğundur. Hər sahədən bir "damcı” bilən jurnalist bütün sahələrdən yarımçıq yazılar ortaya qoyur. Bu mənada Təhsil Nazirliyinin keçirdiyi üçgünlük seminarlar təqdirəlayiqdir. Burda iki mühüm məqam var. Birincisi odur ki, nazirlik məsələnin əhəmiyyətini dərk edərək təhsillə bağlı təlimlərin keçirilməsinin əhəmiyyətli olduğuna qərar verib. Təhsil ictimaiyyətin bütün təbəqəsi üçün maraq kəsb edən sahədir. Ona görə də bu cür təlimlər ara-sıra yox, mütəmadi olmalıdır. İkinci məqam isə bu addımın digər qurumlara nümunə olacağıdır. Maarifləndirici və əyləndirici təlimlər jurnalistlərin əməkdaşlığını artırır və onların biri-birinə sağlam informasiya ötürməsinə şərait yaradır. Həmçinin, təlimlər sahə üzrə incəlikləri jurnalistlərə dərindən öyrədir. Elə məqamlar var ki, onları ekspertlər deyil, konkret sahə üzrə məşğul olan mütəxəssislər açıqlaya, izah edə bilərlər. Nəzərə almalıyıq ki, təhsil durmadan yenilənən, genişlənən sahədir. Hesab edirəm ki, cəmiyyət üçün mühüm olan bütün sahələr üzrə təlimlər keçirilməlidir. Jurnalistlərin maarifləndirilməsi də ona görə vacibdir ki, cəmiyyət bütün sahələrlə bağlı media nümayəndələrinin vasitəsi ilə məlumat alır. Biz Mətbuat Şurası olaraq belə təşəbbüsləri daim dəstəkləyirik”. Y.Məmmədli deyib ki, ekspertlər mediada səslənən fərqli fikirlərinə nazirlik hörmətlə yanaşmalıdır: "Ekspertlərin rəyləri nəzərə alınmalıdır. Fərqli görüşlərin olmasının nəyi pisdir ki? Jurnalistika məhz buna xidmət etmirmi? Hətta mən təklif edərdim ki, belə təlimlərdə nazirliyin rəsmi nümayəndələri ilə bərabər müstəqil ekspertlər də iştirak etsinlər”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb