Təhsil sahəsinə 2 milyard manat ayrılarsa...

...Burada müəllimlərin əmək haqqı məsələsinə xüsusi diqqət yetirilməlidir
Bütün istiqamətlərdə görülən işlərə baxmayaraq müəllimin nüfuzu 50-60 il bundan öncəki nüfuz deyil



Azərbaycanda dövlət büdcəsində gələn il təhsil sahəsi üçün təklif edilən xərclərin məbləği açıqlanıb. Məlumata görə, 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində təhsil üçün ayrılması nəzərdə tutulan xərclərin miqdarı 1.859.499.497 manat göstərilib.

Belə ki, 2017-ci ildə təhsilə 2 milyard manat ayrılması təklif edilir. Təhsil xərclərinin 165.211.728 manatı məktəbəqədər təhsil, 981.053.277 manatı ümumi təhsil, 33.761.406 manatı ilk-peşə ixtisas təhsili, 44.917.271 manatı orta ixtisas təhsili, 41.383.900 manatı ali təhsil, 3.779.189 manatı isə əlavə təhsil üçün nəzərdə tutulur.

Təklifi dəyərləndirən təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, bu hələ ki təklifdi. Bu məsələ dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin məbləğindən asılıdır: "O vəsait kifayət edəcəksə, məsələ həllini tapacaq. Bizdə təhsilə ayrılan vəsaitlərin ildən-ilə həcmi artır. Bu artım da daha çox maddi-texniki bazanın möhkəmlənməsinə və digər infrastrukturların inkişafı üçün planlaşdırılır. Amma doğrudan da təhsil sahəsinə 2 milyard manat ayrılarsa, burada müəllimlərin əmək haqqı məsələsinə xüsusi diqqət yetirilməlidir. Maddi-texniki təchizat, əlavə tədris korpuslarının tikilməsi nə qədər önəmli olsa belə, müəllimin əmək haqqının artırılması müəyyən stimul rolunu oynaya biləcək. Bilirsiniz ki, bir müddət öncə müəllimlərin əmək haqları 10 faiz artırılıb. Son zamanlar diaqnostik qiymətləndirmə ilə əlaqədar müəyyən artımlar var. Bu da hissə-hissə aparılır. İlk dəfə Bakı məktəblərində çalışan müəllimlərə şamil olundu və bu proses mərhələli şəkildə gedir. Regionlarda çalışan müəllimlərə də şamil olunacaq. Hesab edirəm ki, maddiyat əsas şərtlərdən biri olsa da, yəni bu, əsas şərt deyil. Çünki əsas müəllimin nüfuzunu qaldırmaq lazımdır. Müxtəlif üsullarla müəllimin cəmiyyətdə mövqeyini, yerini möhkəmləndirmək lazımdır. Məsələn, biz o vaxt 650 manat əmək haqqı almışıq. Maddi tərəfə o qədər də önəm vermirdik. Sadəcə olaraq müəllim sənətinə olan hörmətimiz, müəllimə olan diqqət, qayğı bizə o peşəni sevdirib”.

Ekspert etiraf edib ki, hazırda bütün istiqamətlərdə görülən işlərə baxmayaraq müəllimin nüfuzu 50-60 il bundan öncəki nüfuz deyil: "Hesab edirəm ki, müəllimin nüfuzu artırılmalıdır. Əlbəttə, müəllimin nüfuzunun azalmasının bir çox səbəbləri var. Ən başlıca səbəbi isə müəllimlərin hazırlanmasında görürəm. Sovet dövrü ilə müqayisədə indi müəllim hazırlığının keyfiyyəti aşağı düşüb. Buna diqqəti artırmaq lazımdır. Biz daha çox günahı müəllimlərdə görürük, amma yanılırıq. Daha çox müəllim hazırlığı ilə məşğul olanlar qınanmalıdır. Bu istiqamətdə diqqəti artırmaq lazımdır. Bunun yollarını tapmaq gərəkdir ki, müəllimin peşəkarlıq səviyyəsi yüksəlsin və nəticədə müəllimin nüfuzu artsın.

Təhsil sahəsinə 5 milyard da ayırmaq olar. Amma biz bilmirik axı, o pullar hansı məqsədlərə xidmət edəcək. Bir sözlə, həmin vəsait səmərəli şəkildə bölüşdürülməlidir”.

Ayyət Əhməd