Bir çox iri şirkət və holdinqlərin də davamlı olaraq vergi borcları mövcudur
Jurnalistlər üçün keçirilən "Açıq qapı” günündə vergilər nazirinin müavini Sahib Ələkbərov şou-biznes nümayəndələrindən ödənilən verginin artdığını deyib: "Şou-biznes nümayəndələri, böyük məbləğ əvəzində toya gedən müğənnilər 50 manat vergi ödəyir.
Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?!”
Sahib Ələkbərov aparılan düzgün maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləğinin dəfələrlə artdığını təqdirəlayiq hesab edib. Onun sözlərinə görə, bu ilin birinci rübündə də bu sahədə artım var.
Vergi sahəsinin tənzimlənməsi və vergidənyayınma hallarının qarşısının alınması prosesindən danışan iqtisadçı-ekspert Nazim Məmmədov tək sənət adamlarının deyil, bir çox iri şirkət və holdinqlərin də davamlı olaraq vergi borclarının mövcud olduğunu deyib: "İndiki reallıqda hər birimizə aydındır ki, orta və xırda sahibkarlıq sahəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərin, adətən, vergi ödəməkdən yayınmaq imkanı məhduddur. Buna əks olaraq iri sahibkarlıqlarda isə vəziyyət bir qədər fərqlidir. Tanınmış insanlar, vergi müfəttişlərinə təsir etmək imkanı olan fiziki və hüquqi şəxslər müxtəlif vasitələrlə vergi ödəyiciliyinin məsuliyyətindən tamamilə yayınmağa və ya məbləğin miqdarının azaldılmasına cəhd edə bilirlər. Əsasən dövlət mülkiyyətində və şəxsi mülkiyyət formasında olan bu müəssisələr oliqarx şəxslərin, o cümlədən bəzi məmurların əlaqəsində fəaliyyət göstərdiyindən Vergilər Nazirliyi bu sahədə nəzarəti gücləndirməlidir”.
Vergilərin dərəcələrinin müəyyən olunmasında götürülən limit əməkhaqqının 14 faizi həcmindədir. Bu rəqəmi kifayət qədər yüksək hesab edən ekspertin sözlərinə görə, sosial sığorta haqqını da bu göstəriciyə əlavə etdikdə ortalama həmin rəqəm 39 faizə qədər qalxa bilir: "Vergi sahəsində əsaslı islahatlara ehtiyac olduğunu qeyd etdikdə başlıca amil kimi vergi faizinin yüksək olmasını götürmək lazımdır. Sosial sığorta və gəlir vergilərinin bəzi hissələri nəzərə alınaraq birləşdirilib, 20 faiz həcmində müəyyən edilərsə, həm vergi sahəsində müsbət dəyişikliyə nail olmaq, həm də qabaqlayıcı tədbirlər vasitəsilə vergidənyayınma hallarını azaltmaq mümkündür”.
Aysel Aslan