“Təklikdən qorxan insanam”

Valeh Kərimov: “Adam bu yaşda həyat yoldaşına daha çox ehtiyac hiss edir”
“Məni rejissorlar o obrazdan sonra ciddi obrazlarda o qədər çox görə bilmədilər. Moşu mənə mane oldu. Moşu Valeh Kərimova tam görünməyə imkan vermədi. Bu məni zaman-zaman narahat da etdi”




Bəzən elə aktyorlar olur ki, onların həyatını bir obraz dəyişə bilir. Yaxşı və ya pis mənada baş obraz bir ömür onu izləyərək yaradıcılığına təsir göstərmiş olar. "Şərq”in budəfəki qonağı xalq artisti Valeh Kərimov da o aktyorlardan sayıla bilər ki, illərlə nə qədər obraz yaratsa da, tamaşaçı yaddaşında bir obrazla daha çox xatırlanır. Hələ bəlkə gələcəkdə də elə onu bu obrazla tanıyacaqlar.

Şair Moşu Göyəzənli olaraq yaddaşımızda qalan aktyorla maraqlı söhbətimiz oldu.- Teatrdan təqaüdə göndərildiz. Darıxmırsız səhnəsiz?

- O qədər darıxıram ki. Bu, təbii hissdi. Sən illərlə səhnədə olursan, həyatın teatrla, sənətlə bağlı olur, bir gün gəlir, sənə deyilir ki, artıq yaşınız səhnəyə uyğun deyil, getməlisiz. Bu sənə həm çətin gəlir, həm ağır olur. Elə bil vaxtından əvvəl səni öldürmüş olurlar.

- Bu qədərmi küskün düşmüsüz?

- Buna küskünlük deməzdim. Sadəcə darıxırsan. Başqa heç bir sənətlə məşğul ola bilməyən insan sevdiyi sahədən uzaq qalırsa, bu onun mənəvi dünyasını sarsıda bilir. İnsan nə qədər evdə bekar oturar? Hərdən darıxanda gedib dost-tanışla otururam, ya maşında nə isə etməyə çalışıram ki, az vaxt getsin.

- Bu yaşda sirdaşa ehtiyac daha çox olur. Həyat yoldaşınızı da itirdikdən sonra sanki sirdaşsız qalmısız...

- İnanın, onun yoxluğunu o qədər hiss edirəm ki. İnsana cavan ikən sirdaş, yoldaş o qədər lazım olmaya bilir. Amma bu yaşda həyat yoldaşına daha çox ehtiyac hiss edirsən. Təklikdən qorxan insanam. Daha dəqiq desəm, təklik insanı çökdürə bilir. Ona görə də təklik barədə düşünmək istəmirəm. Bütün hallarda isə həyat yoldaşım sağ olsaydı, bu qədər tənhalıq hiss etməzdim. Ən azı dərdləşməyə sirdaşım olardı. İndi dörd divar məni sıxır.

- Qonaq aktyor olaraq necə, tamaşalara dəvət olunursuz?

- Sumqayıt teatrından bu yaxınlarda dəvət gəldi. Afaq xanım Bəşirqızı ilə səhnəni paylaşdıq. Bilirsiz ki, uzun illər Sumqayıt Teatrında çalışmışam. Ora mənim üçün doğmadır. Amma başqa dəvətlər olmayıb.

- Dəvət olunsanız gedərdiz. Yəni səhnəyə çıxmaq aktyora fərqli hisslər yaşadır?

- Əlbəttə gedərdim. Kim istəməz səhnədə olsun? Aktyor da balıq kimidi, səhnəsiz ölər. Bəziləri elə düşünür ki, bu yaşda teatrdan getməliyik. Amma yazılmayıb ki, əgər fiziki imkanların varsa, teatrda qala bilərsən. Mən özümü qocalmış hesab etmirdim. Səhnə məni qocaltmamışdı. Amma bekarçılıq məni qocaldır deyəsən. Aktyor var ki, 70 yaşında da maraqlı obrazlar yarada bilir. Bu yaşa da uyğun obrazlar var ki, bir az yaşlı aktyorlar səhnədə ola bilərlər. Mən bu yaşda Romeo oynamaq iddiasında olmayacaqdım ki? Bu yaşa uyğun da obrazlar var. Mən məhəbbət qəhrəmanı oynayası deyildim bu yaşımda?

- Sevgi yaşa baxır ki? O yaşda da sevənlər olur...

- Əslində doğrudur. Hər yaşda sevmək olar.

- İkinci dfə ailə qurmaq istəmirsiz? Axı həyatınızın ikinci baharını yaşaya bilərsiz...
- Yox, ikinci dəfə ailə qurmağı düşünməmişəm. Bu yaşda yenidən sevməyi bacarmaram. Mən cavan vaxtlarımda da o qədər yaraşıqlı olmamışam. Ona görə də inanmıram ki, kimsə məni bəyənsin. İndi lap əncil qurusuna oxşayıram.
- Səhnəyə qoyulan əsərlərdə də o yaşda sevəni oynamaq mümkündür. Mən ümumiyyətlə deyirəm. Mən səhnədə qoca çobanı da oynaya bilərəm. Tutaq ki, "Hamlet” tamaşasında Hamleti oynaya bilməsəm də, qəbirqazanı da oynaya bilərəm.

- Həyatınızın obrazını oynaya bilmisiz səhnədə?

- Əslində aktyor var oynadıqları ilə tam qane olur, aktyor da var hər dəfə səhnədə o obrazı fərqli oynamağa çalışır. Mən heç vaxt özümdən razı olmamışam. Hər dəfə düşünmüşəm ki, bundan da yaxşı oynaya bilərdim.

- Bu yaxınlarda "Bəxt üzüyü 2” filmi çəkildi. Siz də dəvət olunmuşduz. Ramiz Əzizbəyli filmi çəkənlərdən inciyib deyəsən.

- Mən hesab etmirəm ki, Ramiz müəllim filmi çəkənlərdən incisin. Onun açıqlamasını oxudum. Sadəcə bildirmişdi ki, məni dəvət etsəydilər, izləməyə gedərdim, xeyir-dua verərdim. Birdəki axı bu əsərin müəllifi Ramiz Əzizbəyli deyil. Əsər Vaqif Səmədoğlunun əsəridir. Əgər onun filmini götürüb oğurluq etsəydilər, onda inciyə bilərdi. "Arşın mal alan” əsərini neçə dəfə çəkiblər. Səhv etmirəmsə, 3 dəfə lentə alınıb. Rza Təhmasib də bu filmi çəkib, Tofiq Tağızadə də. İndi onlar biri-birindən inciməliydi? İkisi də sağ idi. Bu, düzgün yanaşma deyil.

- Əvvəllər ədəbiyyata böyük marağınız olub. Bu gün necə, kitab oxuyursuz?

- Bu gün hövsələm çatmır. Yaşla əlaqədardı, ya nəyəsə görə. Bir az əlifbada çətinliyim olur. Öyrəşə bilmirəm. Kiril əlifbası ilə oxuyurdum. İndi səbrim çatmır. Yaşlanmışam. O maraq qalmayıb. Hərdənbir şeir əlimə düşəndə oxuyuram.

- Moşu obrazının prototipi olubmu? Ona bənzər biri ilə rastlaşmısız?

- Mən rastlaşmamışam. Bunu bəlkə rəhmətlik Vaqif Səmədoğlu görüb yazıb. Amma o obrazın konkret prototipi ilə qarşılaşmamışam.

- Bu günə qədər bir çox obrazlar oynasanız da, tamaşaçının yaddaşında bir obrazla daha çox qalmısız. Bu obrazın məşhurluğu ilə yanaşı, sizə əngəlləri də yəqin ki, olub...

- Mənim özümdə ştamp yaratmadı, amma mənimlə işləyən rejissorlarda yaratdı. Onlar məni nəyə çəksələr, Moşunu görürdülər. Yəni Moşu mənə bu barədə mane oldu. Bir də ciddi tədbirlərə məni salmırdılar ki, çıxaram səhnəyə, camaat gülər. Xatirə tədbirlərinə-zada.. Təbdirlərə də dəvət edəndə qulağım eşidib ki, bunu necə təqdim etsən də, yenə Moşudu. Səhnəyə çıxsa, camaat dərhal güləcək.
-
 Ciddi tədbirlərə Moşu obrazına görə dəvət ala bilmirdiz?

- Bəli. Moşu mənə məhşurluq gətirsə də, maneəsi də az olmadı. Deyirdilər ki, səhnəyə çıxsa, camaat güləcək, ciddi yanaşılmaz.

-Yəni Moşunun sizə yaratdığı fəsadlar da olub?

- Fəsad deyəndə, məni rejissorlar o obrazdan sonra ciddi obrazlarda o qədər çox görə bilmədilər. Mən özümü hansısa obrazda görsəm belə rejissorlar məni görə bilmədilər. Moşu mənə mane oldu. Moşu Valeh Kərimova tam görünməyə imkan vermədi. Bu məni zaman-zaman narahat da etdi. Mənim Moşudan əvvəl də, sonra da dramatik, komik, faciəvi obrazlarım olub. Moşu mənim üçün sıravi obraz idi. Amma tamaşaçının yaddaşında Moşu olaraq qaldım.

- Tamaşaçı reaksiyası önəmlidirmi?

- Mənə tamaşaçı reaksiyası həmişə yaxşı olub. Məni görəndə küçədə adamların üzündə təbəssüm yaranır. Ya da tamaşadan, filmdən replikalar atırlar, hətta mənim unutduğum sitatları deyirlər. Adamlar Moşunu sevdi, çünki onda millilik çoxdu. Bəlkə də o Moşuda hərə özündən bir şey görür, biri danışıq tərzini, biri kobudluğunu, biri sadəliyini... O obrazda çox şey var.

- Səhnədə xoşbəxtlik axtaran Moşu, həyatda necə, o xoşbəxtliyini tapa bildimi?

- Əslində heç həyatda da tapa bilmədim. Hətta "Bəxt üzüyü 2”də də o xoşbəxtliyi axtarıram. Amma tapa bilməmişəm. Həyat çətinliyi sevinci, nisgili ilə yaşanır.

- Seriallara dəvət alırsız?

- Düzünü desəm, dəvət etmirlər. Bir dəfə çağırıblar, imtina etmişəm. Mən serialı sevmirəm. Seriallara baxmıram. Bilmirəm çəkilənlər bayağıdı, ya yox. Konkretliyi xoşlayıram. İdeya var və uzun olmayan bir vaxt ərzində həll olunsun. Yoxsa hər axşam otur televizorun qabağında, bitmək bilməsin. Film olar bir seriya, uzağı iki seriya.

Tahirə Məmmədqızı