“Kasıb ailədən çıxan çoxsaylı savadlı, bilikli gənclərimiz var. Bəzən onların təhsil haqlarını ödəməyə imkanları çatmır”
“Tələbə kreditinin mexanizmi hazırlanmalıdır”
Dünyamin Yunusov: “Təhsil sistemində birdən-birə inqilabi çevriliş etmək düzgün deyil”
“Kasıb ailədən çıxan çoxsaylı savadlı, bilikli gənclərimiz var. Bəzən onların təhsil haqlarını ödəməyə imkanları çatmır”
“Kasıb ailədən çıxan çoxsaylı savadlı, bilikli gənclərimiz var. Bəzən onların təhsil haqlarını ödəməyə imkanları çatmır”
"Bəzi regionlarda qızların 15-16 yaşı olan kimi deyirlər ki, bu daha ailə qurmalıdır. O valideynlərə səslənirəm ki, gəlin, bir də düşünək. Mənim nəzərimdə qız övladı daha çox savada malik olmalıdı”
Prezident İlham Əliyevin xüsusi həssaslıqla yanaşdığı və hər zaman prioritet hesab etdiyi sahələrdən biri də ölkənin təhsil həyatıdır. Bu baxımdan, dövlət başçısı respublikamızın təhsil sistemində müsbət irəliləyişlər əldə etmək məqsədilə davamlı olaraq mütərəqqi addımlar atır. Məhz, həmin islahatların, diqqət və qayğının nəticəsidir ki, bu gün bir sıra universitetlərimizin adı dünya reytinq cədvəlində yer alır. Bundan başqa qeyd edək ki, Prezident əksər sahələrdə çalışan işçilərin maaşlarının 10 faiz artırılması, eyni zamanda, doktorantlar, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin yüksəldilməsinə dair 2016-cı il 25 yanvar tarixində Sərəncam imzaladı. Əlbəttə, həmin qərar ölkəmizdə elmin, təhsilin inkişafına, əhalinin rifah halının və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət göstərəcək. Şübhəsiz ki, Prezidentin məlum sərəncamından sonra ölkəmizdə fəaliyyət göstərən bir sıra ali məktəblər əmək haqlarının artırılması istiqamətində müəyyən işlər gördü. Və heç kimə sirr deyil ki, Azərbaycan Dillər Universiteti (ADU) də qabaqcıl təhsil müəssisəsi olaraq malik olduğu geniş imkanlar nəticəsində hər il nəzərəçarpan islahatlar aparır. Burada çalışan əməkdaşların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə mütəmadi şəkildə əmək haqları artırılır. Bu faktları nəzərə alıb, ADU-nun rektor vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Dünyamin Yunusovla görüşmək qərarına gəldik və elə o məqsədlə də universitetə yollandıq. Həmişə olduğu kimi, bu dəfə də bizi xoş təbəssüm və gülərüzlə qarşılayan professor tərəddüd etmədən suallarımızı dinləməyə və cavablandırmağa hazır olduğunu söylədi. Bizi böyük məmnuniyyətlə qəbul etdiyi üçün və ən başlıcası mətbuata , ictimaiyyətə açıq olduğu üçün professora təşəkkür etdik. Və dərhal söhbətə başladıq.
- Dünyamin müəllim, cənab Prezidentin məlum sərəncamından sonra ADU-da əmək haqlarının artırılmasına dair addımlar atıldımı?
- Məndən əvvəlki rektorumuz, hörmətli millət vəkilimiz Səməd Seyidov həmişə bu işə önəm verərdi. Əmək haqlarının yüksəldilməsi universitetimizdə həmişə ön planda olub. 2015-ci ilin sentyabrında universitetin rəhbərliyi səviyyəsində danışıqlar aparıldı. Əsasən professor və müəllim heyətinin maaşları kifayət qədər artırıldı. Universitetimizdə professor 1200 manat əmək haqqı alır. Həmin professor kafedra müdiridirsə, bu məbləğdən də çox alır. Dosent 800-1000 arası, baş müəllim 600-650 manat maaş alırlar. Bizdə əmək haqları yüksəkdir. Səməd müəllim cənab Prezidentin sərəncamı ilə noyabrın 24-dən etibarən rektorluq fəaliyyətini dayandırdı.
Çünki noyabrın 1-də Milli Məclisə deputat seçildi. "Noyabrın 25-dən universitetdə rektor vəzifəsini icra edirəm. Heç nədən xəbərim, məlumatım yox idi. İşdəydim. Təhsil Nazirliyindən zəng vuruldu və məni nazirliyə çağırdılar. Dərhal getdim. Çox sağ olsun nazir qəbul etdi. 40-45 dəqiqə söhbətləşdik. Nazirimizin ADU-dakı təhsil, təlim və ya digər hadisələrdən xəbəri var. Mənə Boloniya prosesi ilə bağlı suallar verdi. Bildirdim ki, bu sistemlə əlaqədar çox işlər görülüb və çox işlər də görməyə çalışırıq. 40-dan çox ölkədə olmuşam. Bütün bunları da izləmişəm. Qeyd etdim ki, mənə etimad göstərilsə, çalışacağam sosial tərəfi də nəzərdə saxlayım. Fəaliyyətə başladığım ilk gündən Maliyyə Departamentinin müdirini çağırdım. Onların qarşısında belə bir məsələ qoydum ki, ən az maaş alan əməkdaşlarımızın siyahsını çıxartsınlar. Təqribən 15-20 gündən sonra mənə məlumat verildi ki, 29 vəzifədə çalışan 3 yüzə yaxın əməkdaşımız - fəhlə, mühafizəçi, çilingər, operator, laborant, baş labrantlar var ki, onlar 243 manat maaş alırlar. Əlbəttə, ikinci devalvasiyadan sonra bu məbləğ qənaətbəxş sayılmır. Dərhal göstəriş verdim ki, həmin 300 nəfərin aylıqları 10 faiz artırılsın. Və heç olmasa, onların əmək haqqı 300 manat olsun. Möhtərəm Prezidentin müvafiq sərəncamını icraya qəbul edərək ilk növbədə bu nöqtədən başladıq. Bu, birinci mərhələdi. İndi ikinci mərhələ haqda düşünürük. Bizim professor müəllim heyəti kifayət qədər maaş alır. Heç bir ali məktəbdən geri qalmırıq. Əksinə, bu sahədə əksər universitetləri geridə qoymuşuq. Ancaq bir daha deyirəm ki, sosial sahə həmişə nəzarətimdədir. Əlbəttə, tədris, elm, təlim, tərbiyə həmişə öndə olacaq. Qəbulumuz çoxalsa, əmək haqlarının artırılmasını yenə də nəzərdə tutmuşuq. Amma hələlik işin gedişini gözləyirik”.
- Bilirsiniz ki, ölkə başçısı ayrı-ayrı Apellyasiya Komissiyaları və eyni zamanda İnzibati Nəzarət Departamentinin formalaşması barədə də sərəncam verib. Bunu necə dəyərləndirirsiniz?
- Əlbəttə, müsbət qiymətləndirirəm. Burada diqqət yetiriləcək ki, görək universitetlərdə "ölü” canlar varmı. Çünki elə ali məktəblər mövcuddur ki, orada müəllimin adı var özü yoxdur. Mən dərhal göstəriş vermişəm. Bizdə belə bir hal yoxdur. Ola da bilməz. Bizdə ezamiyyə gedənlər üçün xərclər çəkilir. Sonradan həmin xərclər hesablanır. O xərclərin nəticələrlə uyğun olub-olmaması araşdırılır. Buna diqqət çəkdik. Pul mükafatlarının verilib-verilməməsini yoxladıq. Bəzən müəllimlərimizdən biri dünyasını dəyişir. Bəziləri xeyir iş edir. Onları aylıq maaşı ilə mükafatlandırırıq. Məsələn, bu yaxınlarda universitetimizin dosenti Etibar müəllim rəhmətə getdi. Yaxşı insan idi. Allah rəhmət eləsin. Ailəsinə yardım etdik. Amma yardımlarımız min manatdan yuxarı olmur. Yardımların da həddi olmalıdır. Ciddi nəzarət var. Rektor vəzifəsini icra edən bir professor kimi düşünürəm ki, hardan maliyyə mənbəyi tapa bilərik. Məsələn, böyük idman və akt zallarımız var. Onlardan istifadə etmək üçün bizə müraciətlər olunur. Müqavilələr bağlamaq istəyirlər. Nəzərdə tutmuşam ki, rəsmi müqavilə bağlayaq və istəyənlər ödənişini edib tədbirini keçirsin. Bundan əlavə, bizim yay məktəbimiz fəaliyyət göstərir. Hesab edirəm ki, ötən illərə nisbətən bu il yay məktəbinə daha çox tələbə gələcək. Yay məktəbindən də gəlir əldə etmək olar. Universitetimizdə 22 dil tədris olunur. Bu dillər üzrə kurslar təşkil edə bilərik. Başqa ali məktəblərdə bu imkanlar yoxdur. Fikirlərim çoxdur. Əsas məqsədimiz isə odur ki, sosial sahəni nəzarətdə saxlayaq və əməkdaşlarımızın sosial müdafiəsini daha da gücləndirək.
- Ötən ildən etibarən paytaxtda fəaliyyət göstərən orta məktəb müəllimlərinin əmək haqları dərs yükünə uyğun olaraq artırıldı. Bu proses universitetdə necə tənzimlənir?
- Səməd müəllim, bu işi başladı. Amma hələ tam sona çatmayıb. Onu imkan olsa, mən sona çatdıracağam. Məsələn, iki professordu. İkisi də çalışır. Amma onların nəticələri fərqlidir. Meyarlar hazırayacağıq və o meyarlara görə, nəticəsi yüksək olan professorun maaşı daha çox olacaq. Bunu dosent, baş müəllim və müəllimə də şamil edəcəyik. Məsələn, 450 manat alan müəllimdən biri aşağı nəticə göstərirsə, o, nisbətən az maaş alacaq. Artıq çalışırıq ki, bu istiqamətdə də müəyyən işlər görək. Həmin proseslər nəzərimizdədir.
- Təhsil naziri Mikayıl Cabbarovun belə bir şüarı var: Təhsilsiz uşaq, itirilmiş uşaqdır, itirilmiş uşaq isə itirilmiş gələcəkdir. Amma bəzi regionlarımızdan bu cür ibrətamiz və proqressiv çağırışlardan nəticə çıxarmırlar. Valideynlər məxsusi olaraq qızları məktəblərdən, təhsil ocaqlarından yayındırırlar. Bir professor, ziyalı və dövrümüzün aydını olaraq belə valideynlərə tövsiyələriniz nədir?
- Çox yaxşı sualdı və kifayət qədər aktual mövzudu. Xarici ölkələrdə mənə sual verirdilər. Deyirdilər ki, sizin ölkədə belə bir hal var və ona necə dözürsünüz. Məsələn, valideyn uşağının təhsil almaması üçün "hədiyyə” verir. "Hədiyyə” təklif edir ki, uşağım dərsə gəlməsin, pedaqoji təcrübəyə getməsin və dərsdə iştirak etməsin. Bu, faciəvi bir haldır. Bu, arzuolunmaz tendensiya savadlı, bilikli mütəxəssislərin yetişdirilməsi və ya hazırlanmasına ən böyük maneədir. Doğrudur, bəzi regionlarda qızların 15-16 yaşı olan kimi deyirlər ki, bu daha ailə qurmalıdır. O valideynlərə səslənirəm ki, gəlin, bir də düşünək. Mənim nəzərimdə qız övladı daha çox savada malik olmalıdı. Universitetimizdə, təqribən 6 mindən yuxarı qız uşağı təhsil alır. Hamısı öz qızlarımızdır. Onlara öz qızım kimi müraciət edirəm. Bir haşiyə çıxım. Semestr imtahanları zamanı bərk soyuqlar başladı və şaxta oldu. Həmin gün imtahanlar 501 və 502 -ci otaqlarda da aparılmalı idi. Xəbər gəldi ki, həmin otaqlarda birinci kurs tələbələri imtahan verirlər və hamısı da qızdır. Hava çox soyuq olduğundan və otaqlar yaxşı qızdırılmadığından qızlar imtahanda çətinlik çəkirlər. Dərhal qalxdım, gördüm ki, həmin otaqlar həqiqətən soyuqdur. Departament müdirinə tapşırıq verdim və problem tezliklə aradan qalxdı. Hesab edirəm ki, oranı həmin şəkildə saxlaya bilmərik. Yayda oradakı qızdırıcıları mütləq dəyişdirməliyik. Yəni dediyim odur ki, qızların təhsilinə daha çox önəm verilməlidir. Daha çox qızlarımızı savadlı, bilikli və elmli etməliyik. Niyə? Çünki ana, evin xanımı kişidən daha çox fəaliyyət göstərir. Özümdən götürürəm. Mənim də iki oğlum var. Təəssüflər olsun ki, qızım yoxdu. Amma qız nəvələrim var. Həmişə evə saat 7-8-də gedirdim. Gedəndə görürdüm ki, uşaqlar artıq dərslərini hazırlayıblar. Yazıb, oxuyublar. Ali məktəbdə oxuyanda da onlara evin xanımı nəzarət edib. Bu baxımdan, həmin valideynlərin diqqətinə çatdırmaq istəyirəm ki, qızlar savadlı böyüməlidir. Savadlı, bilikli olmalıdırlar. Tövsiyyəm odur ki, oğlanlarımızla yanaşı, qızlarımızı da savadlı bilikli yetişdirməliyik.
- Manatın ikinci dəfə ucuzlaşmasından sonra bir sıra strukturların birləşməsi məsələsi gündəmə gəlib. O cümlədən, Tələbə Qəbulu üzrə Dövlət Kommisyasının (TQDK) Təhsil Nazirliyinə birləşdirilməsi mövzusu ətrafında da müzakirələr aparılır. Ekspertlər də iddia edirlər ki, Avropa ölkələrində olduğu kimi Azərbaycanda da abituriyentlər ali məktəblərə buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq qəbul olunmalıdırlar. Bir sözlə, TQDK-nın keçirdiyi imtahanlara lüzum görülmür. Dünyanın əksər ölkələrinin təhsil sistemini izləyib, bilən bir professor kimi siz necə düşünürsünüz?
- Dünya arenasında respublikamızda olduğu kimi belə ikili sistem yoxdur. Belçikanın Hasselt Universiteti ilə öz universitetimizin müqayisəsini aparırdıq. Gördüm ki, bu universitetin hüquq fakültəsinə 500 tələbə daxil olub. Dekanla söhbət etdik. Sual verdim ki, bu 500 yüz nəfər çox deyilmi? Güldü. Qeyd etdi ki, sonda o 5 yüz nəfərdən 30 nəfəri mütəxəssis kimi yetişəcək.
Vurğuladı ki, bizdə giriş qapıları geniş, çıxış qapıları isə lap dardır. Əlbəttə, biz elə etməliyik ki, universitetlərə qəbul üçün bir imtahan keçirilsin və bu kifayət etsin. Bütün dünya təcrübəsi göstərir ki, abituriyentin iki dəfə sınağa çəkilməsi onların psixologiyasına, psixi durumuna da mənfi təsir göstərir. Hətta bu səbəbdən özlərini pis hiss edən abituriyentlər də olub. Psixoloji gərginlik yaranır və tab gətirə bilmirlər. Birləşmə prosesi getsə, vahid sistem yaranacaq. Yekun imtahan veriləcək və nəticələrə müvafiq də qəbul aparılacaq. Amma bir məsələni də nəzərinizə çatdırım ki, bu halda universitetlərin işi bir qədər də çətinləşəcək. Yəni qəbul olunanları daha ciddi sınağa çəkmək lazım gələcək. Onlara məzmun izah olunmalıdır. Proses getməlidir. Lakin yalnız yuxarı eşalonda deyil, elə universitetlərdə də paralel strukturlar birləşdirilməlidir. Hətta biz birləşdirilmə işini bir neçə dəfə reallaşdırmışıq. 36 kafedramız vardı. İndi 25 kafedra qalıb. Düşünrəm ki, universitetimiz üçün 20 kafedrada yetərlidir. Biri-birini təkrarlayan kafedralar birləşəcək. Bununla da maliyyə vəsaitinə qənaət etmiş olacağıq. Digər yandan həmin bu kafedralar eyni işləri görürlərsə, onların ayrı-ayrı fəaliyyət göstərməsinə də ehtiyac yoxdur.
- Hazırda ödənişli əsaslarla oxuyan lakin sessiyalarda yüksək bal tolayıb, əla qiymətlər alan tələbələrə təqaüdlərin verilməsi də gündəmdədir. Bu qərar reallaşarsa, müsbət nəticə verə bilərmi?
- Bu məsələyə dair sənədlər hazırda masamın üstündədir. (Sənədləri göstərir). Bu qərar 1 fevral 2016-cı il tarixindən qüvvəyə minib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 38 nömrəli qərarıdır. 6 fevral 2016-cı ildə Baş nazir Artur Rəsizadə tərəfindən imzalanıb. Həmin qərara uyğun olaraq da təhsl naziri hörmətli Mikayıl Cabbarov 9 fevral 2016-cı il tarixində 64 nömrəli əmr verib. Əmrdə göstərilir ki, təqaüd kommisiyasının formalaşdırılması tələbənin ixtisaslar üzrə ümumi orta müvəffəqiyyət göstəricilərinə görə, hesablanacaq. Əgər tələbə ödənişli əsaslarla təhsil alırsa və müvəffəqiyyət göstəricisi ödənişsiz tələbənin göstəricisindən yuxarıdırsa, ikinci semestrdən həmin tələbə (ödənişli əsaslarla təhsil alan) təqaüd alacaq. Ödənişsiz tələbə isə təqaüd almayacaq. Bu, artıq qanundur. Təbii ki, biz də fevralın 12-də rektoryanı müşavirəmizdə bu məsələni geniş müzakirə etdik. Üzümüzə gələn semestrdən həmin qanunu tətbiq etməyə başlayacağıq. Əlbəttə, müsbət nəticələr gözləyirik. Bu, tələbəyə stimul verəcək və eyni zamanda sağlam rəqabət mühiti yaradacaq.
- Son zamanlar "Təhsil kreditləri haqqında” qanunun qəbul olunması da ciddi müzakirə predmetinə çevrilib. Hətta Milli Məclisin ötən sessiyalarında da bu məsələyə toxunuldu. Necə düşünürsünüz indiki halda bu qanunun qəbul olunması mümkündürmü?
- Təhsil sistemində birdən-birə inqilabi çevriliş etmək düzgün deyil. O məsələ ümumilikdə müsbət hal ola bilər. Kasıb ailədən çıxan çoxsaylı savadlı, bilikli gənclərimiz var. Bəzən onların təhsil haqlarını ödəməyə imkanları çatmır. Məsələn, yaxşı olar ki, o mexanizm yaradılsın. Amma çətinlik burasındadır ki, o mütəxəssislər ali məktəbi bitirib, işləyəndən sonra universitetin borcunu qaytaracaqmı? Gərək elə mexanizm formalaşsın ki, həmin qanun əsasında təhsil alan tələbə universitetin ödənişini özünə qaytarsın. Universitetə pul keçirilmirsə, universitetin maliyyə büdcəsi yoxdursa, orada kim və necə işləyəcək? Onlar necə maliyyələşdiriləcək? Ola bilər ki, sözügedən qanun mərhələ-mərhələ həyata keçirilsin. Amma indiki məqamda buna hazır deyilik.
Ayyət Əhməd