Tələbələr dövlət imtahanı verməlidirmi? - Professor yol göstərdi

Hamlet İsaxanlı: "Dövlət imtahanının yerinə orta qiymət müəyyən oluna bilər. Dövlət imtahanı və ya diplom işi yazılmasının Azərbaycanda Sovet dövründən gələn ənənədir. Bu, gələcəkdə sıradan çıxmalıdır"


"Qərb dünyasında dövlət imtahanı anlayış yoxdur”.

Bunu Sherg.az-a Azərbaycan Dillər Universitetində tələbələrin dövlət imtahanına etiraz etməsinə münasibət bildirərkən "Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib.

O bildirib ki, rəhbərlik etdiyi universitet də məhz Qərb sistemi üzrə addım atır:

"Faktiki olaraq tədris olunan hər fənnin içində müxtəlif tapşırıqlar, layihələr, qeydlər yazdırılır, qiymət alınır. Bundan sonra yenə də orta qiymət məsələsi ortaya qoyulur. Ona da xüsusi qiymət qoyulur. Məsələn, bütün imtahanlarda "3” qiyməti almaqla ali məktəbi bitirə bilməzsən, orta qiymət "4” olmalıdır. "Xəzər” Universitetində keçid balı 60-dır, amma universiteti bitirmək üçün orta qiymət 70 olmalıdır. Bu qiymət alınmasa, universiteti bitirmək mümkün olmur. Ona görə, tələbələr zəif verdikləri imtahanları təzədən verməyə məcburdurlar ki, orta qiymətləri yenidən düzəltsinlər. Bunlar təmin olunduqdan sonra dövlət imtahanı mənasını itirir. Çünki hər fənn üzərində ətraflı çalışırsan. Xüsusilə dövlət imtahanından daha ağır olan tələbat var ki, orta qiymətin yüksək olmalıdır. Qiymətin yüksək olmayanda isə bir çox imtahanı təzədən verməli olursan”.

Dövlət imtahanı və ya diplom işi yazılmasının Azərbaycanda Sovet dövründən gələn ənənə olduğunu qeyd edən H.İsaxanlının sözlərinə görə, gələcəkdə dövlət imtahanı ideyası sıradan çıxmalıdır:

"Bunun üçün ali məktəblər əlavə tədbirlər görməlidir ki, onun əvəzinə nə isə olsun. Dövlət imtahanının yerinə məsələn, orta qiymət müəyyən oluna bilər. Amma Avropada mövcud olan sistemi hər kəs universitetlərdə eyni cür tətbiq etmir. Sözsüz ki, hər universitetin öz siyasəti var. Bunu da rektorlar və prorektorlar təyin edirlər. Həmçinin qanunvericiliyə əsaslanırlar ki, burada da dövlət imtahanı var. Amma onu o vaxtdan hüquqi hesab etmədən aradan çıxartmışdılar. Yəni bu, onların fikridir".

Professorun fikrincə, istənilən halda dövlət imtahanı deyil, orta qiymət əsas götürülməlidir:

"Çünki dövlət imtahanına görə, tələbələr qısa vaxtda 3 il, 2 il əvvəl oxuduğu fənləri yadına salmalıdır. Amma bu dəhşətli bir kriminal da deyil. Ən yaxşısı budur ki, tələbələri etiraz edən universitetin rektoru məsələyə aydınlıq gətirsin”.

Ayyət Əhməd