Yadigar Məmmədli: “Problemin səbəbi odur ki, bizdə bazar münasibətləri tam liberallaşmayıb”
Telekanallar internetdən yetərincə yararlana bilmirlər
Zeynal Məmmədli: “Yerli kanallar üçün izlənmə sayı o qədər də önəm daşımır”
Yadigar Məmmədli: “Problemin səbəbi odur ki, bizdə bazar münasibətləri tam liberallaşmayıb”
Yadigar Məmmədli: “Problemin səbəbi odur ki, bizdə bazar münasibətləri tam liberallaşmayıb”
Azərbaycanda internetin imkanlarından yararlanmaq son dərəcə populyarlaşıb. İnternet demək olar ki, vətəndaşların gündəlik məişət həyatının əsas tərkib hissəsinə çevrilib. Artıq o cəmiyyətin bütün sahələrini öz əhatəsində birləşdirib. Sözsüz ki, internetin mediada özünəməxsus yeri var. Bu gün istər televiziya, istərsə də mətbuatı internetsiz, saytsız təsəvvür etmək mümkün deyil. Xüsusən də son zamanlarda internet portallarının və saytlarının durmadan artması televiziyaların rəqabət potensiallarını sıradan çıxarıb.
Çünki informasiyaların daim yenilənməsi, uzunmüddətli saxlanılması, dünyada və bölgədə baş verən hadisələrin qısa zaman kəsiyində çatdırılması kimi özəllikləri bu rəqabətin ana xəttini təşkil edir. İnternet saytlarının çoxalması və mobil operatorlardan yararlanmaq imkanı Azərbaycanın informasiya bazarında televiziyaların işini çətinləşdirib. Əsasən də rəqabət prosesində əziyyət çəkən televiziyalardır. Çünki Azərbaycanda fəaliyyət göstərən televiziyaların internet saytları çox bərbad vəziyyətdədir. Hətta qəribə də olsa, uzun müddət "Space” və ATV kimi kanalların internet səhifəsi fəaliyyət göstərməyib. İki kanalın saytları son illərdə yaradılıb. Ümumi götürdükdə isə əksər telekanalların saytları demək olar ki, fəaliyyət göstərmir və saytdakı məlumatlar yenilənmir. Demək olar ki, dövlət və özəl televiziyalar internetin imkanlarından istifadə etmək həvəsində deyillər. Ekspertlərə görə, televiziya rəhbərləri bu böhrandan çıxmaq və digər aparıcı saytlarla rəqabət aparmaq üçün mütləq şəkildə internet saytlarında təkmilləşdirmə işləri aparmalıdırlar. Əks halda, televiziyalar operativ saytlara məğlub olacaq və öz auditoriyalarını itirəcəklər.
Məsələ ilə bağlı "Şərq”ə danışan BDU-nun professoru, media eksperti Zeynal Məmmədli sözügedən problemin səbəbini media bazarının sərbəst olmaması ilə əlaqələndirib:
"Media qurumları azad bazarda rəqiblərindən geri qalmamaq və daha çox reklam payı əldə etmək üçün auditoriya ilə əlaqəni itirmir. Yəni auditoriyanı cəlb etmək üçün çoxyönlü fəaliyyətə can atır. Həmin media qurumunun sosial şəbəkələrdə qaynar fəaliyyət göstərməsi və "mən də sizin içinizdəyəm” mesajını verməsi üçün rəqabət mühitinə ciddi ehtiyac var. Azərbaycanda fəaliyyət göstərən televiziyalar hansı media bazarında rəqabətə davam gətirə bilər? Bu sualın cavabı elə də asan deyil. Hansı kanal az-çox ayaq üstə durmağı bacarıbsa, hazırda nisbətən o kanalın internet fəaliyyətində bir qədər aktivlik hiss olunur. Məsələn, ANS kanalı ölkədə yaranmış ilk müstəqil televiziyadır. Bu kanalın asılı olmadan yaşama təcrübəsi var. Ancaq bununla belə yeni şərtlər daxilində ANS-in qazandığı pis təcrübə həmin televiziyanın da şansının azalmasına gətirib çıxarıb. Əgər rəqabət mühiti olarsa, yeni telekanallar meydana çıxar və onlar informasiya kommunikasiya texnikasından maksimum istifadə edərlər. Yaxşı indi niyə etmirlər? Çünki onların maliyyə qaynaqları var. Yerli kanallar üçün izlənmə sayı o qədər də önəm daşımır. Bizdə televiziyaların reklamı necə alması məsələsi də ciddi araşdırma mövzusudur. Bilmək olmur ki, reklamlar televiziyalara nəyə görə verilir. Onların reytinqinə görə verilir, yoxsa öncədən bölünür, bəlli deyil. Əgər reytinq məsələsi kanallar üçün çox önəmli olsaydı, büdcədən maliyyələşən kanallar da buna maraq göstərərdilər. Əgər kanal öz pulunu tamaşaçıya görə qazansaydı, onda əmin olun ki, daha fərqli formada fəaliyyət göstərərdi. Az qala bütün cəmiyyətin istifadə etdiyi internet saytlarına yerli kanallar biganə qalmamalıdır. Özəl televiziyalar da öz gəlirlərini gerçək bazardan qazansalar, ictimai marağa, saytlara, sosial şəbəkədəki müzakirələrə çox ciddi yanaşmağa məcbur qalacaqlar”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də "Şərq”ə bildirib ki, bütün dünyada ənənəvi media yeni texnologiyalardan istifadə edir: "Eynilə qəzet və televiziyalar, hətta radiolar belə bu yeniliklərdən faydalanırlar. Demək olmaz ki, Azərbaycanda, ümumiyyətlə bundan istifadə olunmur. İstifadə edilir, amma çox təəssüf ki, ölkədə yayımlanan telekanallar yeni medianın imkanlarından kifayət qədər yararlanmırlar. Halbuki kanalların saytları çox operativ işləməli, məlumatları hər an yeniləməli və digər aktiv xəbər saytları ilə rəqabət aparmaq gücündə olmalıdırlar. Məsələn, bir çox xarici ölkələrdə fəaliyyət göstərən televiziya kanalları efirə gedəcək hər hansı veriliş barədə əvvəldən öz saytlarında anons verirlər. Bu, həm də reytinq baxımından müsbət addımdır və kanalın özü üçün faydalıdır. Belə olmadıqda isə tamaşaçılar televiziyadan qaçır və başqa informasiya vasitələri axtarırlar”.
Ekspertə görə, problemin səbəbi odur ki, bizdə bazar münasibətləri tam liberallaşmayıb: "Əlbəttə ki, büdcədən pul alaraq fəaliyyət göstərən kanallarda özünə arxayınlıq yaranır və əlavə şeylərə ehtiyac duyulmur. Bu istiqamətdə az-çox mübarizə aparanlar da elə özəl kanallardır. Amma bizim istədiyimiz səviyyədə deyil. Televiziyalar hər bir tamaşaçısı üçün "əsməlidir” və çalışmalıdır ki, yeni imkanlardan istifadə edərək izləyicilərini itirməsin. Düşünürəm ki, bu cür yanaşma çox davam edə bilməz”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət də deyib ki, televiziyaların internetdən uzaq qalması onların özlərinə böyük zərər vurur: "Çünki indi internet əsridir. Təbii ki, insanlar on il əvvəlki kimi televiziya qabağında oturmağa o qədər də meyilli deyillər. Şəxsən mən özümdən deyim ki, Azərbaycan televiziya kanallarının bir çox hay-küylü proqramları haqqında xəbərləri internet saytlarından oxuyuram. Sonra da verilişlərin videolarını internetdən baxıb izləyirəm. Bu gün müzakirə olunan hər məsələdən biz telekanal vasitəsi ilə deyil, məhz saytların köməkliyi ilə xəbər tuturuq. Əgər televiziya kanalları internet saytlarının qurulmasına, internet üzərindən canlı yayım verilməsinə soyuq yanaşırlarsa, çoxlu sayda tamaşaçı itirmiş olurlar. Onların niyə belə yanaşdığına gəlincə isə görünür o kanalların sahibləri hələ də internetin əhəmiyyətini tam anlaya bilməyiblər. Müqayisə aparmaq üçün deyim ki, 2002-ci illərin əvvəllərində mən Kanadada internet saytlarının qurulması ilə bağlı bir kursu bitirərək ölkəyə qayıtdım. Mən qayıtdıqdan sonra ölkədə fəaliyyət göstərən qəzet və jurnal redaktorlarına tövsiyə etdim ki, onlar tezliklə internet saytlarını qursunlar. Çünki dünya buna doğru gedirdi. O vaxt bizim ən aparıcı qəzetlərin redaktorları mənə rişxənd elədilər ki, "sən nə danışırsan, biz kağız üzərində çap etməyə davam edəcəyik və bu heç zaman gündəmdən çıxmayacaq”. Amma bu gün hamı görür ki, internet saytı olmayan qəzetlər ayaqda dura bilmirlər. Ümumiyyətlə, bu gün qəzetlər, ABŞ kimi ölkədə belə tirajlarını azaltmağa məcbur olub. Türkiyənin özündə belə bir çox qəzetlər kağız variantından imtina ediblər. Çünki internet hər şeyi üstələyib. Bu baxımdan, televiziya kanallarının məsələyə yanaşması da bir növ ona bənzəyir. Təəssüflər olsun ki, bizim çağırışlarımız hələ də yetərincə təsirli olmayıb. Kanallar bu məsələyə bir qədər soyuq yanaşırlar”. A.Həsrət deyib ki, konkret özü Xəzər TV-də apardığı "Tərs bucaq” verilişinin bütün linklərini "youtube” səhifəsində yerləşdirir: "Artıq üç ildir ki, proqramın birinci sayından son buraxılışına kimi internetdə, sosial şəbəkədə yayıram. Bunun da çox faydasını görürəm. Çünki insanlar televiziyada qaçırdıqları verilişləri daha sonradan internet vasitəsi ilə yenidən izləyirlər. Daimi tamaşaçılarım da bilirlər ki, mənim bütün verilişlərimi haradan izləmək olar. Yəni bu şeyləri televiziya rəhbərləri də diqqətə almalıdır. Telekanallar internetin ardınca sürünməməlidir, özlərini tam olaraq internetə inteqrasiya etdirməlidirlər. İnteqrasiya olunmamış televiziya və radio kanalları zəmanədən geri qalacaqlar və tamaşaçıları itirəcəklər”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb