Vüsal Məmmədov: “Kanal rəhbərləri xəsislik etməli deyillər”
Telekanallar lal və kar insanların hüquqlarını pozur
Müşfiq Ələsgərli: “Təəssüf ki, surdo-tərcümələr məsələsi dövri olaraq aktuallaşır, sonra isə yenə də gündəmdən çıxır”
Vüsal Məmmədov: “Kanal rəhbərləri xəsislik etməli deyillər”
Vüsal Məmmədov: “Kanal rəhbərləri xəsislik etməli deyillər”
Mənsur Rəğbətoğlu: "Buna ciddi ehtiyac var. Çünki lal-karlar da cəmiyyətimizin üzvləridir”
(Əvvəli ötən sayımızda)
Son zamanlar ölkədə Kütləvi İnformasiya Vasitələrinin (KİV) müxtəlif sferalarda inkişafını təmin etmək məqsədilə mütərəqqi addımlar atılıb. Bu tədbirlər sırasında ən çox izlənilən KİV vasitəsi olan televiziyalara dair də çoxsaylı tədbirlər yer alıb. Bir sözlə, teleməkanların yol verdiyi bir sıra nöqsanların - telejurnalistlərin dili, milli-mənəvi dəyərlərə zidd, bayağı verilişlərin bağlanması və s. kimi məsələlərin aradan qaldırılması yönündə nəzərəçarpan işlər görülür.
Və həmin addımların müsbət effekt doğurduğu da göz önündədir. Buna rəğmən televiziyalarda müəyyən problemlər hələ də qalmaqdadır. Belə çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Halbuki, heç uzağa getməyək, qardaş Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan məlumatları, hətta mahnı klipləri də surdo-tərcümələrlə təqdim edilir. Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından yığışdırılması yaxşı hal kimi dəyərləndirilmir. Əskəriyyət bunu lal-karların hüquq pozuntusu adlandırır. Maraqlıdır, görəsən, bizim telekanallar niyə surdo-tərcümələrə yer vermir?
Sualımıza cavab tapmaq məqsədilə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ilə əlaqə saxladıq. O, "Şərq”ə söylədi ki, orta statistikaya görə, ölkədə 8 min nəfərdən artıq eşitmə imkanından məhrum olan şəxs var və onların da hüquqları təmin edilməlidir: "Bundan əlavə, Azərbaycan TV-lərini ətraf dövlətlərdə yaşayan soydaşlarımız da izləyirlər. Onların arasında da eşitmə imkanlarından məhrum olanlar var. Bu rəqəmləri bir yerə toplasaq, onda Azərbaycan TV-lərinin nə qədər böyük bir auditoriyanı itirdiyini, yaxud nə qədər soydaşımızın, vətəndaşımızın informasiya almaq imkanından məhrum olduğunu düşünə bilərik. Bu şəxslər ən mühüm informasiyaları almaqdan məhrumdurlar və ya informasiyanı almaq üçün kiminsə yardımından istifadə etməli olurlar. Bütün bunlar surdo-tərcümə mövzusunun nə qədər aktual olmasından xəbər verir. Təəssüf ki, surdo-tərcümələr məsələsi dövri olaraq aktuallaşır, sonra isə yenə də gündəmdən çıxır. Səhv etmirəmsə, 2012-ci ildə Milli Teleradio Şurası bu məsələyə münasibət bildirmişdi. Qeyd etmişdilər ki, İctimai TV ilə əməkdaşlıq edib surdo-tərcüməçiliyin tətbiqi məsələsini reallaşdırmağa çalışırlar. Amma sonradan bu mövzu gündəmdən çıxdı. Düzdür, bu məsələnin tətbiqi asan deyil. Öncə işçi heyət kimi çalışacaq mütəxəssislərə ehtiyac var, bu sahədə mütəxəssis yetişdirilməlidir. TV-lər isə onların ştat məsələlərini, ödəniş, efirə vermə kimi məsələləri həll etməlidirlər. Buna zaman və maddi imkan lazımdır. Digər tərəfdən, surdo-tərcüməçi məsələsi qanunun tələbi olmadığı üçün bunu kimsədən tələb etmək də asan deyil. Mən burada özəl televiziyaları nəzərdə tuturam. Amma ən azı dövlət büdcəsindən maliyyələşən TV-lər öz imkanlarını səfərbər edib problemi aradan qaldırsalar, yaxşı olar”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da qeyd edib ki, eşitmə və danışma imkanları məhdud olan insanlar da cəmiyyətimizin üzvləridir. Onları cəmiyyətdən təcrid etmək olmaz: "Bu səbəbdən lal-karlara da televerilişləri tam başa düşmələri üçün imkanlar yaradılmalıdır”.
Baş yazarın sözlərinə görə, kanallar maliyyə məsələsində simiclik edirlər: "Xərcləri çıxacaq deyə, surdo-tərcüməçi tutmurlar. Kanal rəhbərləri xəsislik etməli deyillər. Anlamalıdırlar ki, biznesdən əlavə, həm də sosial məsuliyyət daşıyırlar. Bunu nəzərə alıb, əsas verilişlərdə surdo-tərcüməçi tutmalıdırlar”.
Surdo-tərcüməçilərin azlığına diqqət çəkən həmsöhbətimiz bildirib ki, surdo-tərcüməçilər ona görə azdır ki, hazırda onların işinə tələbat yoxdur: "Həmin peşəni öyrənən insan bilir ki, ixtisasdan pul qazana bilməyəcək. Bu səbəbdən heç kəsin marağı yoxdur ki, gedib vaxtını sərf etsin, sonda da işsiz qalsın. Onlara tələbat yaranarsa, o zaman heç bir şübhəm yoxdur ki, bizdə surdo-tərcüməçilərin sayı artacaq”.
"Subtitrlər gedir deyə surdo-tərcüməyə ehtiyac qalmır” iddiasına gəlincə, V.Məmmədov diqqətə çatdırıb ki, subtitrlərin surdo-tərcüməni əvəz etməsi mümkün deyil: "Adətən televiziyalarda subtitrlərə rast gəlməmişəm. Rast gələndə də kiminsə adını izah etmək üçün verirlər. Amma bütöv bir xəbərin subtitlərini vermirlər. Düzdü, bəzən aşağı hissədə xəbərləri yazırlar. Amma bu, lal-karları tam anlatmaq demək deyil. Hansısa xəbərdə bir cümlə subtitr vermək bütöv xəbəri anlatmaq məsələsinə gəlməli deyil, gəlmir də. Aşağıda xəbəri nəzərdə tuturlarsa, bu, surdo-tərcüməni əvəz etmək üçün kifayət etmir”.
Müsahibimizin sözlərinə görə, özəl telekanallar özlərinin sosial məsuliyyətini başa düşməlidirlər: "Buna görə də eyni məsuliyyət onların da üzərinə düşür. Bu səbəbdən özəl olmaq məsuliyyətdən yayınmağa əsas vermir”.
Hömsöhbətimiz onu da əlavə edib ki, qanunvericilik baxımından teleməkanların surdo-tərcümələr verməməsi heç də hüquq pozuntusu deyil: "Amma mənəvi prizmadan yanaşanda, bu, televiziyaların lal-karların qarşısında mənəvi məsuliyyətinin pozulmasıdır”.
Jurnalist Mənsur Rəğbətoğlu da söyləyib ki, son illərə qədər AzTV-də tərcüməçilər işləyirdi. Bu tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salırdı: "Təbii, onlar da verilişə baxırdılar. İndi isə bu tərcüməçilər yoxdur. Mənə elə gəlir ki, televiziyalar lal və karlar üçün nəzərdə tutulan tərcüməçini artıq pul xərcləməməkdən ötrü efirə buraxmır. Amma bilmirlər ki, lal və karların buna böyük ehtiyacı var. Cəmiyyətin bütün üzvləri kimi onlar da məlumat almaq istəyir, ancaq ala bilmirlər. Televiziyalar kar və lal tamaşaçıları nəzərə alıb verilişlər hazırlasa, yaxşı olar. Tərcüməçilər efirə cəlb edilsə, lallar və karlar televiziyaya baxar. Bu baxımdan lal və karlar üçün telekanallarda tərcüməçilərin olması vacibdir. Hər şeyi birdən etmək mümkün deyil. Hər şey tədricən həyata keçiriləcək”.
Həmkarımızın sözlərinə görə, daha çox dövlət televiziyaları surdo-tərcümələrə yer ayırmalıdırlar: "Bilirsinizmi, onlar dövlətdən maliyyələşirlər. Bunu təşkil etməyə yetərincə imkanları var. Amma özəl telekanallar bunu etməyə bilərlər və özlərinin müdafiə yolları da var ki, maliyyə çətinliklərimiz mövcuddur. Amma büdcədən maliyyələşən telekanallar bunu mütləq gerçəkləşdirməlidirlər”.
M.Rəğbətoğlu qeyd edib ki, subtitrlər surdo-tərcümələri əvəz edə bilmir: "Doğrudur, telekanallarda subtitrlər verilir. Orada yalnız xəbərin başlığı təqdim olunur. Başlıq isə hələ tam olaraq xəbərin mahiyyətini aça bilmir. Bu baxımdan hesab edirəm ki, telekanallar surdo-tərcümələrə yer ayırmalıdırlar. Buna ciddi ehtiyac var. Çünki lal-karlar da cəmiyyətimizin üzvləridir. Onların da məlumatlanmaq kimi haqları var. Onlar da məlumat almalıdırlar, ölkədə baş verən ictimai-siyasi hadisələrdən məlumatlı olmalıdırlar”.
Müsahibimiz diqqətə çatdırıb ki, surdo-tərcüməçilik beynəlxalq təcrübədə də mövcuddur: "Demək olar ki, Avropa ölkələrinin telekanalları buna geniş yer verirlər. Qardaş Türkiyə telekanllarında da buna geniş meydan verilir. Hətta Türkiyədə özəl teleməkanlar da surdo-tərcümələrə diqqət ayırırlar. Bu baxımdan hesab edirəm ki, daha çox izləyici auditoriyası qazanmaq məqsədilə və lal-karların informasiya almaq ehtiyacını təmin etmək məqsədilə belə bir addım atmaq olar. Hətta özəl telekanallarımız da bunu təşkil edə bilərlər. Əslində bu, onların imicinə müsbət təsir göstərər”.
M.Rəğbətoğlu deyib ki, surdo-tərcüməçilərin olmaması bu sahəyə tələbatın azlığı ilə əlaqədardır: "Bu sahəyə tələbat olarsa, axın olacaq. İndi baxırlar ki, surdo-tərcümələr heç kimə lazım deyil. Bu sahə ilə bağlı heç bir yerdə çalışa bilməyəcəklər. Ona görə də insanlar onu seçmir. Gərək tələbat olsun ki, mütəxəssis də hazırlansın. Üstəgəl, bu çox çətin sahədir”.
Həmsöhbətimiz onu da əlavə edib ki, aidiyyəti qurumlar təşəbbüs göstərib, telekanallara buna dair tapşırıqlar verə bilər: "Düşünürəm ki, bunun tətbiqi dövlətdən maliyyələşən telekanallar üçün böyük çətinliklər yaratmaz. Sadəcə, təşəbbüs göstərilməlidir”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb