“Telekanallarda göstərilən cizgi filmlərində zorakılıq var”
Lalə Mehralı: “Sovet illərində çəkilmiş bütün cizgi filmlərində uşaqlara ən müsbət keyfiyyətlər aşılanır”
Milli Teleradio Şurası Azərbaycan efirində yayımlanan bəzi cizgi filmlərində zorakılıq elementlərinin mövcudluğundan narahatlığını ifadə edib. MTRŞ-nin Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, telekanallara zorakılıq elementləri olmayan cizgi filmləri yayımlamaq tövsiyə edilib:
"Bəzi cizgi filmlərində zorakılıq halları müşahidə edilir. Əslində, bu hallar əyləncə xarakteri daşıyır, amma bu filmlər onları seyr edən uşaqlarda aqressiya yarada və ya həmin hərəkətləri təkrar etmək kimi vərdişlər formalaşdıra bilər. Bəzi psixoloqlardan, ekspertlərdən bu məsələ ilə bağlı müraciətlər alırıq. Biz də telekanallara tövsiyə edirik ki, çalışıb elə cizgi filmləri yayımlasınlar ki, orada uşaqların aqressiyasına səbəb olacaq zorakılıq halları az olsun”. T.Dadaşov hazırda telekanallarda daha çox yayımlanan "Maşa və ayı”, "Buz dövrü” cizki filmlərində zorakılıq elementlərinin mövcud olduğunu da deyib. Şöbə müdiri əcnəbi istehsallı cizgi filmlərinin çəkildiyi ölkələrin psixologiyasına uyğun olduğunu, bu səbəbdən də Azərbaycan məkanına uyğun gəlmədiyini vurğulayıb. Eyni zamanda, xarici ölkə istehsallı cizgi filmlərinin çox yayımlanmasına səbəb kimi yerli cizgi filmlərinin azlığını göstərib. Amma bir məsələ də var ki, milli cizgi filmlərinin istehsalı üçün dövlət tərəfindən maliyyə yardımı ayrılmır. Yerli cizgi filmləri azdır, istehsal üçün maliyyə imkanları yoxdur, telekanallar da uşaq saatını doldurmaq üçün xarici ölkə istehsallı cizgi filmlərinə üstünlük verir. O zaman sual yaranır; belə vəziyyətdə kimi suçlayaq?
Sosioloq Lalə Mehralı, ilk öncə məsələnin birinci tərəfinə aydınlıq gətirdi:
- Milli cizgi filmlərimiz heç də az deyil. Mən vaxtilə Azərbaycan istehsallı cizgi filmlərinin böyük bir siyahısını tərtib etmişdim. Sovet illərində Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası xeyli sayda milli cizgi filmləri istehsal edib. Sadəcə, əhali onlardan yalnız bir neçəsini izləyib. "Tıq-tıq xanım”, "Tülkü Həccə gedir”, "Cırtdan”, "Qız qalası”, "Meşəyə insan gəlir” və s. Halbuki, bizim çox nəhəng cizgi filmi arxivimiz var. Əhali, xalq çəkilmiş həmin cizgi filmlərini sadəcə, görməyib. Bəlkə televiziyalar da bundan xəbərsizdi. Televiziyalara bu saat sərf edir ki, "Maşa və ayı”, yaxud "Buz dövrü”, uzaqbaşı "Qar kraliçası”, "Kral Aslan” kimi cizgi filmlərini efirə versinlər. Heç kəs beynini yorub düşünmək istəmir. Əl altda olandan istifadə edir. Amma kinostudiyaya müraciət etsələr, arxivdən xeyli sayda milli cizgi filmi əldə edərlər. AzTV-nin özünün çox zəngin arxivi var. Yəni milli cizgi filmlərinin azlığı bəhanə edilməməlidir. Milli cizgi filmlərimiz heç də az deyil. Kifayət qədərdir, hətta xeyli saydadır. Sadəcə, telekanallar onları alıb efirə verməlidir. Bu, hərtərəfli sərfəlidir. Nə dublyaja vaxt və maliyyə sərf olunar, nə də yad ideologiyalar uşaqlarımızın beynini korlayar. Uşaqlarımız milli ruhda böyüyər, ana dilində cizgi filminə baxar. Hazırda bəlkə də ailələrin 90 faizində ya Rusiya, ABŞ istehsalı, ya da Türkiyə istehsalı cizgi filmlərinə baxılır. Biri "Pepe”dir, digəri "Simpsonlar”. ABŞ istehsalı bir cizgi filmi var - "Deyn-ten”. Orada aşkar satanizm təbliğ edən kadrlar mövcuddur. Mən o cizgi filmini görmüşəm, uşağın gözlərindəki ifadə şəxsən məni qorxudub. Uşaqlar o filmə necə baxır bəs? Nə əxz edir uşaqlar o cizgi filmindən. Amma hesab etmirəm ki, "Maşa və ayı”da zorakılıq elementləri var. Sadəcə, orada dəcəl, "yaramaz” bir qızcığazdır. Bu cizgi filmi çox güman ki, sovet illərində çəkilmiş cizgi filminin yeni, müasir variantıdır. Sovet vaxtı bir cizgi filmi vardı, Maşa adlı balaca qız ayının daxmasına gəlir. Yemək hazırlayır, daxmanı silib-süpürür, yığışdırır və s. Hazırkı cizgi filmi isə müasir zamana uyğunlaşdırılıb. Düzdür, "Maşa və ayı” da yad beynin məhsuludur. Amma unutmayaq ki, bu yad beynin məhsulu olan cizgi filmləri ilə böyük bir nəsil yetişdi. Və biz zorakılığa meyilli olmadıq, aqressiv olmadıq. Əksinə, yaxşılıq etməyi, böyüyə hörməti, heyvanları, canlıları sevməyi, dünyanı sevməyi öyrəndik. Sovet illərində çəkilmiş bütün cizgi filmlərində uşaqlara ən müsbət keyfiyyətlər aşılanır. Şəxsən bizim evdə uşaqlar sovet cizgi filmlərinə baxır. Həyat yoldaşım 30 qəpiklik SD-yə 200-ə yaxın cizgi filmi yazdırıb. Evdə bir neçə belə disk var. Övladım yalnız o filmləri izləyir.
L.Mehralı uşaqların təkcə cizgi deyil, zorakılığı təbliğ edən filmlər izləməsinə görə valideynlərin məsuliyyət daşıdığını bildirdi:
- Valideyn bahalı telefon, planşet alıb verir uşağın əlinə, uşaq da yaşına uyğun olmayan istədiyi hər şeyə baxır. Yaxud internet vasitəsilə, "youtuba” daxil olub hər cür filmi izləyir, aqressiv oyunlarla məşğul olur. Uşağa bahalı planşet almaq vacibdirmi? Niyə valideynlər internet və ya televiziyaya süzgəc proqramı tətbiq etmirlər? Qohumlarımızda da çox müşahidə etmişəm. 7-8 yaşlı uşaqlar valideynlərilə birlikdə gecə saatlarınadək cinayət proqramlarına baxır. Orada adamı necə öldürürlər, evə necə daxil olurlar, necə oğurluq edilir, hamısını görürlər. Təkcə bəzi cizgi filmləri deyil aqressiya aşılayan. Bəlkə uşaqların böyük əksəriyyəti heç cizgi filmi izləmir. Uşaqların baxdığı zorakılıqla dolu teleseriallar, əcnəbi filmlər, qaydasız döyüş yarışları, "cinayət işi” proqramlarıdır. Evdə uşaq varsa, valideyn öz həyat tərzini buna uyğunlaşdırmalıdır. Hər bir məsələdə uşaq nəzərə alınmalıdır. Valideyn uşağı televizorun qarşısından qopara bilmirsə, səbəbi özündə axtarmalıdır. Uşağı nəzərə alıb zorakılıq elementləri daşıyan filmləri, biri-birini ölümcül döyən "idmançı”ları izləməkdən vaz keçsin. Telekanallar bunu etməyəcək, onlara reytinq yığan verilişlər lazımdır. Belə vəziyyətdə valideyn özü uşağını qorumalıdır.
Məlahət Rzayeva