Telekanalların hərbi-vətənpərvərlik siyasəti görünmür

Mirşahin Ağayev: “İndiki halda hərbi vətənpərvərlik xəttini aparan televiziyalar arasında liderik”
Zeynal Məmmədli: “MTRŞ hərbi vətənpərvərlik mövzularının təşkilini istəyirsə, bu, dövlət sifarişi əsasında olmalıdır”


"2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələri açıqlandıqdan sonra bəzi telekanallar öz efirlərində hərbi-vətənpərvərliklə bağlı mövzuya korrektə etdilər. Lakin biz bundan daha yüksək nəticələr gözləyirik. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan efirində şou verilişlər baş alıb gedir:

"Həmin şou verilişlərin yerinə daha çox hərbi-vətənpərvərlik proqramları yayımlanmalıdır. Müəyyən irəliləyişə baxmayaraq, təbii ki, telekanalların hərbi-vətənpərvərliklə bağlı proqram siyasəti bizi qane etmir”.

Qurum rəsmisinin açıqlamasına münasibət bildirən "ANS” şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev "Şərq”ə açıqlamasında qeyd edib ki, təmsil olunduğu telekanal Azərbaycanda ən uzunmüddətli vətənpərvərlik layihəsi olan "Marş” proqramına malikdir: "Bütün xəbərlərimiz də Ermənistanın Azərbaycana hücumu ilə başlayır. İndiki halda Azərbaycanda hərbi vətənpərvərlik xəttini aparan televiziyalar arasında liderik. Bunu rəhmətlik Heydər Əliyev dəfələrlə təsdiq edib. Hazırkı Prezident İlham Əliyev də həmişə ANS-in bu xəttini müsbət hal kimi dəyərləndirib. Yəqin ki, Təvəkkül müəllimin fikirləri başqa kanallar haqdadır, bizə aid deyil”.

Media eksperti Zeynal Məmmədli isə hesab edir ki, bu yanaşma MTRŞ-nin missiyası ilə təzad təşkil edir: "Bu qurum dövlətin marağında olan hansısa bir məsələ ilə bağlı müsabiqə elan edə bilər. Həmin işə dair də verilişləri hazırlayıb, teleşirkətlərə verməlidir. Bunu sosial reklam kimi verirsə, kanallara pul ayırmalı deyil. Lakin sifariş edirsə, buna görə teleməkana pul ödəməlidir. "Mütləq bu mövzuda filan proqramı hazırlamalısınız” deməklə iş aşmır. Doğrudan da, MTRŞ hərbi vətənpərvərlik mövzularının təşkilini istəyirsə, bu, dövlət sifarişi əsasında olmalıdır. Onu televiziyalardan tələb etmək doğru yanaşma deyil. Dövlət bunu zəruri bilirsə, özü onu uyğun bir prodakşna hazırlatdırıb, efir pulunu ödəməklə televiziyalarda yerləşdirə bilər. Çıxış yolu budur”.

Ayyət Əhməd