“Televiziya baxımlı olmalıdır”

Nizami Cəfərov: “Özünü apara bilməyən aparıcı verilişi necə aparsın?”
“İstənilən verilişdə həm elmilik, həm publisistika, həm ideologiya, həm də mədəniyyət olmalıdır”

(Əvvəli ötən sayımızda)

Zaman-zaman yazılı və internet medianın qüsurları dilə gətirilir və müzakirə edilir. Amma buna baxmayaraq, KİV-lər hər şəraitə uyğun bu və ya digər formada fəaliyyətlərini davam etdirirlər. Amma Azərbaycan televiziyalarının fəaliyyəti mütəxəssislər və ictimaiyyət tərəfindən daha ciddi tənqid olunur. İntellektual auditoriya demək olar ki, yerli televiziyalara baxmır.

Bu da daha çox onunla əsaslandırılır ki, televiziyalarda normal layihələr yoxdur, layihələr daha çox xarici telekanallardan oğurlanır və bərbad vəziyyətə salınaraq efirə verilir. Halbuki, televiziya sosial harmoniya yaratmalı, insanların ruhunu sakitləşdirməli, bilgi verməli, həyata inam və şövq yaratmalıdır. Amma çox təəssüf ki, televiziyalar bunun tam əksini edirlər. Milli mediamızın təbliğat funksiyası və televiziyaların bərbad fəaliyyəti ilə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Nizami Cəfərov ümumi medianın fəaliyyət istiqamətindən və bu sahədəki ciddi qüsurlardan danışıb...

- Nizami müəllim, KİV-lər arasında ən çox televiziyalar, daha doğrusu kanalların hazırladığı bayağı verilişlər, şou proqramlar tənqid olunur. Telekanalları normal səviyyəyə gətirmək üçün onlara hansısa məhdudiyyətlər qoymaq mümkündürmü?

- Televiziyaların müstəqilliyi humanist prinsipdir. Dövlətimizin siyasətində də bu amil nəzərdə tutulur. Amma istənilən halda efirlərə məhdudiyyətlər qoyulmalıdır. Məsələn, qətiyyən təhqirə yol vermək olmaz. Verilişlərdə həddindən artıq bayağılığa getmək də olmaz. Bəzən görürsən ki, bir şəxsin və ya ailənin taleyi müzakirə edilir, özü də olduqca şit bir şəkildə. Ola bilsin ki, efirə çıxarılan insanın səviyyəsi yoxdur. Hətta həmin şəxsin özü xüsusi olaraq həyatının efirlərdə müzakirə olunmasını istəyir. Amma televiziya işçiləri bilməlidir ki, efirlərdə o cür təhlil yolverilməzdir. Əksəriyyətin etiraz bildirdiyi, tənqid etdiyi də məhz bu amildir. Ancaq təbii ki, televiziyaların bir funksiyası da əyləndirməkdir. Amma bu əyləncəli verilişlərin içində humanizm, estetika, intellekt və mədəniyyət olmalıdır. Bunlar şərtdir. Biz yaxşı bilirik ki, maarifləndirici verilişlərə reklam almaq çətindir. Reklamlar daha çox qıcıqlandırıcı proqramlara verilir. Çünki dava-dalaş olan verilişlərə kütləvi baxış var. Televiziyalar reklamla yaşadıqları üçün bu üsula üstünlük verirlər.

- Çox vaxt televiziya rəhbərləri və aparıcılar iddia edirlər ki, guya onlar xalqın istədiyi verilişləri hazırlayırlar. Məsələnin bu cür əsaslandırılması nə qədər düzgündür?

- Efirə gedən əyləncəli və şou verilişlər çox aşağı səviyyədə olmamalıdır. "Cəmiyyət buna baxır, istəyir” demək ümumi fikirdir. Axı bunu kim, necə yoxlayır ki? Məsələn, biz Milli Məclisə ünvanlanmış yüzlərlə məktub alırıq. Onların hamısında televiziyaların xeyli verilişlərinə etiraz edilir. İzləyicilər də təsdiqləyirlər ki, proqramlar həddindən artıq bayağı və yüngüldür. Əslində bunun özü də maraqlıdır, tamaşaçılar həm baxırlar, həm də şikayət edirlər. Deməli, insanlar milli kanallarımıza baxmaq istəyir, amma yaxşı və səviyyəli verilişlərə. Nəinki təkcə televiziyalar, ümumiyyətlə bütün KİV üçün ən böyük tələb peşəkarlıqdır. Peşəkarlığın isə prinsipləri var. Peşəkar jurnalist, aparıcı "xalq baxır” deyə bu cür biabırçı verilişlər hazırlamamalıdır. Hətta ictimaiyyətdən tələb olsa belə, televiziyalar o səviyyəyə enməməlidir. Alkoqolizm və narkotika cəmiyyətin müəyyən təbəqəsi üçün maraqlıdır. Ancaq bu o demək deyil ki, həmin ziyanlı şeylər efirdə təbliğ olunmalıdır. Hətta pornoqrafiya da cəmiyyətdə maraqla qarşılanır. Məgər buna görə telekanallar efirdə porno verməlidir? Absurd yanaşmadır.

- Təkcə özəl kanallar deyil, büdcədən maliyyələşən dövlət kanalları da sərt tənqidlərə məruz qalır. Bu istiqamətdə "dövlət kanalları daha yaxşıdır” demək olarmı?

- Hər şey gözümüzün qabağındadır. Dövlətin maliyyələşdirdiyi kanallarda səviyyə bu baxımdan yüksəkdir. O kanallarda bayağı verilişlər demək olar ki, olmur. Amma dövlət kanallarının tamamilə əyləncəli verilişlərdən imtina etməsinin özü yanlış siyasətdir. Bəzən həmin kanallarda aparıcıların səviyyəsi aşağı olur. Bu mənada dövlət televiziyalarının öz problemləri var və hər ikisi ciddi nöqsanlardır. Televiziya baxımlı olmalıdır. Bütün verilişlər, siyasi, ictimai olarsa, izləyicilərin canı sıxılar. Cəmiyyət tərəfindən tələb olunan mənəvi, əxlaqi, o cümlədən beynəlmiləlçilik prinsiplərinə bərabər şəkildə əməl olunmalıdır. Amma dövlət televiziyalarını özəl kanallarla müqayisə etsək, ikincinin problemləri daha çoxdur. Özəl telekanalların müəyyən qədər üstünlüyü var ki, o da sərbəst olmalarıdır. Təbii ki, sərbəstlik də həddini aşaraq bayağılaşmamalıdır.

- Efirə dəvət edilən mütəxəssislər sahəsində də çox ciddi problemlər var. Demək olar ki, televiziyada hər dəfə eyni adamları görürük. Hər sahə üzrə ayrıca mütəxəssisin danışması daha yaxşı olmazmı, yoxsa cəmiyyət üçün kim maraqlıdırsa, efirə o çıxmalıdır?

- Birinci prinsip odur ki, verilişdə hansı sahənin müzakirəsi gedirsə, mütləq o sahə üzrə mütəxəssis dəvət olunmalıdır. Çünki proqramların missiyası izləyicilərə məlumat vermək, onlara yeni nəsə çatdırmaqdır. Məsələn, son günlər efirlərdə ən çox iqtisadiyyat və maliyyə məsələləri müzakirə olunur. Təbii ki, belə söhbətləri tarixçilərlər, həkimlərlə deyil, sırf iqtisadiyyatı bilən ekspertlərlə təhlil etmək lazımdır. Hətta ailə-məişət məsələsində belə bu sahənin mütəxəssisi efirə çıxarılmalıdır. Ən əsas məsələ isə odur ki, bir şəxsi tez-tez efirə çıxartmaq olmaz. Çünki həqiqətən adamın gözü yorulur. Lap belə nə qədər tanınmış və savadlı adam olsa da, bir-iki verilişdən sonra istər-istəməz özünü təkrar etməyə başlayır. Digər tərəfdən, proqramlara çağırılan qonaqlar arasında yaşlı, orta və gənc nəsil bölgüsünə mütləq diqqət yetirilməlidir. Hər verilişə üç nəslin nümayəndəsini də dəvət etmək zəruridir. Çünki hər üç nəsil fərqli dünya görüşü deməkdir. Bir az da çalışılmalıdır ki, müzakirələr polemik olsun. Yəni biri danışsın, o biri də sadəcə "bəli, bəli” deməsin. Bax, bütün sadaladığım amillər sırf peşəkarlıqla bağlıdır. Ümumiyyətlə, mütəxəssislərin dəvət edilmədiyi verilişlərin səviyyəsi çox aşağı düşür. Məsələnin qoyuluşundan asılı olmayaraq bu belədir.

- Daha çox deputatlar efirlərə dəvət alırlar.

- Millət vəkilləri istənilən verilişə dəvət ala bilərlər. Çünki parlamentdə təmsil olunan şəxslər arasında hər sahə üzrə mütəxəssislər var. Bu baxımdan, efirlərə daha çox deputatların çıxarılması normal qarşılanmalıdır. Həm də nərəzə almaq lazımdır ki, hər bir deputat minlərlə seçicinin mənafeyini və mövqeyini təmsil edir. Əlbəttə, efirə dəvət edilən millət vəkilləri də təvazökar olmalıdırlar. Onlar bilmədikləri məsələlər üzrə şərh verməkdən çəkinməlidirlər. Əgər bilirlərsə və o haqda doğrunu deməyə cəsarət edirlərsə, qoy o zaman efirə çıxsınlar. Mən fikir verirəm, çox zaman məlumatsızlıqdan kobud səhvlərə yol verilir.

- Dediniz ki, bəzi verilişlərdə bir nəfər danışır, digəri isə sadəcə başını yelləyir. Amma bir çox hallarda isə danışan, sadəcə aparıcı olur. Hətta mövzu yaxşı seçilsə belə, aparıcı yersiz müdaxilələr edərək heç kimə danışmağa imkan vermir. Belə hadisə ilə rastlaşmısınızmı?

- Təəssüflər olsun ki, bu məsələ bizim çox böyük problemimizdir və yenə də peşəkarlıqla bağlıdır. Çox vaxt aparıcı özünü aparmaqdan belə aciz olur. Özünü apara bilməyən aparıcı verilişi necə aparsın? Aparıcıya elə gəlir ki, guya o hər şeyi bilir, tez-tez qonağın sözünü kəsir, bəzən isə mütəxəssisi hirsləndirmək səviyyəsinə çatdırır. Əsəbiləşən ekspert demək istədiyi şeyləri deyə bilmir. Görünüşündən, hərəkətlərindən, nitqindən tutmuş intellektual səviyyəyə qədər aparıcı üçün mühüm əhəmiyyət kəsb edir. Buna baxmayaraq, bizdə tədricən yaxşı aparıcılar da formalaşır. Həm də efir vaxtları qısa olduğundan hər bir qonağa həddindən artıq çox danışmaq imkanı verilmir. Qonaq da nəzərə almalıdır ki, o, auditoriyada mühazirə oxumur. Mütəxəssis üç-beş dəqiqəyə dəqiq və aydın öz fikirlərini ifadə etməlidir. Televiziyalarımız da qəribə bir xasiyyət var, ekspertlər verilişə dəvət olunur və onlar beş dəqiqə qalmış studiyaya gəlirlər. Belə olmaz, proqram əvvəlcədən hazırlanmalıdır. Bir verilişin hazırlanması üçün bir neçə saat vaxt sərf etmək lazımdır. Əvvəlcə qısa görüşlər keçirilməli və aparıcının və mütəxəssislərin mövqeyi bilinməlidir, tezislər tutulmalıdır. Mənim iştirak etdiyim bir veriliş oldu və proqram bitəndən sonra yadıma düşdü ki, nə qədər önəmli şeyləri deməmişəm.

- TV-ləri izləyən və mütəmadi efirlərə çıxan bir ziyalı alim kimi televiziyalarda hansı səpkili verilişləri görmək istəyirsiz?

- Mənə elə gəlir ki, bu gün biz kompleks verilişlər hazırlamalıyıq. Yəni istənilən verilişdə və məqalədə həm elmilik, həm publisistika, həm ideologiya, həm də mədəniyyət olmalıdır. Yəni hər bir mövzu içində təfəkkürün bütün imkanları işlənməlidir ki, müzakirə edilən məsələ ictimaiyyətə tam aydın olsun və qaranlıq məqamlar qalmasın. Bu istiqamətdə efirlərdə həm əyləncə, həm də maarifləndirici verilişlər ola bilər. Bəzən televiziyaya çox görkəmli bir alim çıxır, amma nə onun dediyini başa düşən olur, nə də alim öz dediyini anlayır. Ona görə ki, həmin alim ancaq "ifa” edir. Eləsinə "alimi biəməl” deyirlər. Yəni əməlsiz, faydasız alim. Efirdə çox quru danışmaq olmaz. Hətta ən əyləncəli verilişlərdə belə intellekt olmalıdır. Əyləncəli proqramlara ən çox müğənnilər dəvət olunur. Görürsən ki, onların intellekual səviyyəsi çox aşağıdır. Normal nitqləri, təfəkkürləri yoxdur. Çox hətərən-pətərən danışırlar. Yəni efirdə nə quru intellekt, nə də həddindən artıq lağlağı olmalıdır.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb