Televiziyaların rəqəmsal yayıma keçməsi əhəmiyyətlidir

Amma ilk olaraq kimlərin bu prosesdə problemlə qarşılaşacağı müəyyən olmalıdı
“Müəyyən uşaq proqramları, Azərbaycan dilində olan proqramlar, intellektual və maarifləndirici proqramlar var ki, bunlar rəqəmsal yayımda yoxdu”



Azərbaycanda dekabrın 1-dən analoq yayımı dayandırılacaq. Milli Televiziya və Radio Şurası (MTRŞ-da) analoq yayımdan rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. Rəqəmli yayımın izlənməsi üçün isə vətəndaşlar dekoderlər ("Set-Top-Box”lar) adlanan xüsusi avadanlığı əldə etməlidir.

Bununla əlaqədar MTRŞ vətəndaşlara da müraciət edib. Müraciətdə deyilir: "Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına

uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin əldə olunması xahiş olunur”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz rəqəmsal yayıma keçidin əhəmiyyətli olduğunu deyib. O.Gündüz bu prosesi ölkəmiz üçün əlverişli hesab edir. Onun sözlərinə görə, rəqəmsal yayıma keçid vətəndaşların daha keyfiyyətli kontentə çatmasını təmin etməlidir: "Rəqəmsal yayım keçidinə texniki cəhətdən yanaşmaq doğru olmazdı. İlk olaraq kimlərin bu prosesdə problemlə qarşılaşacağı müəyyən olmalıdı. Əvvəllər MTRŞ-nin bir layihəsi var idi. Müəyyən bir təbəqə rəqəmsal yayımı qəbul edə bilmədiyi üçün dekoder adlı xüsusi qurğu əldə etməliydi. 40-50 manat civarında olan avadanlığın əldə olunması üçün şura dövlətə müraciət eləmişdi. Uzun müzakirələr getsə də, dövlət bunu maliyyələşdirməkdən imtina elədi. Düşünürəm ki, Rabitə Nazirliyi və MTRŞ zamanında bu məsələ ilə bağlı ciddi və əlverişli tədbirlər görə bilərdilər. Dekoder avadanlıqlarının bazarda satış qiymətinin ucuzlaşacağını ehtimal edirəm. Hazırda elə insanlar var ki, onlar rəqəmsal yayımı əldə edə bilməyəcəklər. Bunun üçün MTRŞ lazımlı monitorinqlər aparmalıdır. Belə vətəndaşların sayı müəyyən olunmalıdı. Konstitusiyada vətəndaşların informasiya əldə etmək hüququ var. Fikrimcə, dövlət bu sahədə lazımlı işləri yerinə yetirməyə borcludur”.

Rəqəmsal yayıma keçsək də, burada bir sıra proqramların olmadığını deyən O.Gündüz bunun yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb: "Müəyyən uşaq proqramları, Azərbaycan dilində olan proqramlar, intellektual və maarifləndirici proqramlar var ki, bunlar rəqəmsal yayımda yoxdu. Şuranın apardığı işin istiqamətlərindən biri də normal keyfiyyətli milli proqramların hazırlanmasına diqqət yetirməkdir. Hələlik isə belə bir istiqaməti müşahidə edə bilmirik.

Yeganə Bayramova