Televiziyaların sifəti dəyişir
Aparıcıların nə mədəni səviyyəsi, nə intellekti, nə də peşəkar hazırlığı var
Televiziyalarda aparıcıların, verilişə dəvət olunan şəxslərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, cəmiyyət və onun dəyələrini təhqir etməsi bir növ dəb halını alıb.
Azərbaycan telekanallarındakı nöqsanlı hallar, aparıcıların qeyri-peşəkar davranışları, reytinq qazanmaq xatirinə kanalların arzuolunmaz vasitələrə əl atması isə cəmiyyətdə ciddi narazılıqla qarşılanır. Ancaq ictimai qınaq böyük olsa da, TV-lərdə hətta biabırçılıq həddinə çatan tendensiyalar səngimir.
Efir vasitəsilə cəmiyyəti və onun milli dəyərlərini təhqir edən iki televiziya aparıcılarından sonra "Space” də bu axına qoşulub. Aparıcı kanal rəhbərliyi tərəfindən efirdən kənarlaşdırılsa da, təbii
ki, bu çözüm deyil. Çünki hansısa aparıcını cəzalandırmaqla bunun qarşısı alınmır. Bunun artıq şahidi olduq. Qeyd edək ki, bu günlərdə "Space” televiziyasında yayımlanan "Günaydın” verilişində baş verənləri əsl biabırçılıq adlandırmaq olar. Belə ki, Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu biri-birlərinə qarşı biabırçı şəkildə qeyri-etik sözlər işlədiblər. Onların bu hərəkətinə mətbuatda, sosial şəbəkələrdə tənqidi reaksiyalar gəlib. Ekspertlər isə hesab edir ki, verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması proqrama verilən tələblərin pozulması deməkdir.
Aparıcların adi etik normalara belə əməl etməməsinin, efir məkanını məişət səviyyəsinə salmasının səbəblərinə toxunan Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli deyib ki, bunun səbəbi televiziya məkanında peşəkarlığın, peşəkar ölçülərin aşağı düşməsidir. "Yəni peşəkarlıq aşağı olanda, tələblər zəiflədikdə, televiziyalar öz məcrasından çıxır. Bizim 10-15 il bundan qabaqkı televiziya aparıcılarımıza baxın, istər xəbər aparıcıları olsun, istər lap şou-proqram aparıcıları olsun, onlar müəyyən tələblərə cavab verirdilər. Məsəl üçün, şou aparıcılarına bizdə yaxşı nümunələr var idi. İndi də onların bir qismi qalır. Amma bir qisim aparıcılar var ki, onların ümumi intellektual səviyyəsi, artistizmi, ünsiyyət qurmaq bacarığı arzuolunan səviyyədə deyil. Bunlar şou aparıcılarına aiddir.
Q.Məhərrəmli də "Space”də baş verən olaya görə aparıcını günahlandırıb: "Bu məsələdə əsasən aparıcını günahkar hesab edirəm. Niyə aparıcı bu cür insanları efirə dəvət edir? Ümumiyyətlə, verilişdəki mövzunun məğzi məlum deyil.
İkinci bir tərəfdən, videolardan da görünür ki, bu cür qeyri-etik dialoqlar gedir, amma aparıcı nədənsə məsələyə müdaxilə etmək istəmir. Sanki burda çox dəyərli dialoq gedir və bu dialoqu pozmaq istəmir. Söhbətin getdikcə dramatikləşdiyini görən rejissor məsələyə müdaxilə etməli idi. Lakin görünür ki, rejissor da hadisələrin axınına tabe olur.
Digər tərəfdən, əlbəttə, belə olaylarda televiziya rəhbərliyinin də günahı var. Bu barədə mətbuatda nə qədər yazılar getsə də, mütəxəssislər rəy bildirsələr də, hələlik problemin həllində heç bir irəliləyiş yoxdur. Bu məsələ cəmiyyət üçün ciddi təhlükə yaradır. Hər televiziya öz aparıcılarını, qəhrəmanlarını yetişdirir. Görünür, bizim televiziya rəhbərləri bu cür aparıcılar yetişdirməkdə maraqlıdırlar”.
Media eksperti efirlərdəki xoşagəlməz olayların cəmiyyətdə baş verən proseslərlə bağlı olduğunu deyib: "Əslində televiziyalar cəmiyyətin müəyyən cizgilərini əks etdirir. Bu, həyat tərzidir. Bu, insanların biri-biri ilə sərt, kobud davranışının təcəssümüdür. Artıq insanlar biri-birlərini anlaya bilmirlər. Bu, bir virusdur. Bu virus cəmiyyətə yoluxduqca, insanların həyat və düşüncə tərzinə çevrilir. Nəticədə də bu cür xoşagəlməz hallar baş verir”.
Q.Məhərrəmlinin sözlərinə görə, aparıcıların belə davranışlarına ən mühüm səbəb reytinq qazanmaq istəyidir. Bu istək onları etikadan kənar hərəkətlər etməyə sövq edir: "Bəzən aparıcının qeyri-adi davranışı adi hal kimi qəbul edilir. Bu çox incə məsələdir. Qavrayış sırf insan psixologiyası ilə bağlıdır. Üstəlik mentalitet məsələsi də var. Mentalitet məsələsini mütləq nəzərə almaq lazımdır. Rusiya televiziyasında yol verilən bir hərəkət, Türkiyə televiziyasında və ya Fransa televiziyasında olması mümkün bir hərəkət bizim televiziyamızda süngü ilə qarşılanır. Mən özüm də televiziya aparıcısı olduğuma görə, o aparıcıları anlamağa çalışıram. Amma o yerdə mən də o aparıcıları qınayıram ki, onlar ictimai rəyə, ümumi etik qaydalara riayət etmirlər və belə halda onlarla tamaşaçı arasında uçurum yaranır. Ağıllı aparıcı öz işinin öhdəsindən bacarıqla gəlir, tamaşaçını qıcıqlandırmır və populyarlığının üzərinə müəyyən populyarlıq da gətirə bilir. Bu o deməkdir ki, aparıcılar daim öz üzərlərində işləməlidirlər, axtarışlar aparmalıdırlar, improvizasiyaları sınanmış davranışa çevirməlidirlər. Yalnız bundan sonra o hərəkətləri ekranda etməlidirlər. Bizim tamaşaçının psixologiyası bir az fərqli psixologiyadır”.
Media mütəxəssisi Zeynal Məmmədli isə deyib ki, onların nə mədəni səviyyəsi, nə intellekti, nə də peşəkar hazırlığı adekvat olmadığından bu hallar təkrar olunur.
Onun sözlərinə görə, bu nöqsanları canlı yayımda da aradan qaldırmaq mümkündür: "Artıq bu cür biabırçı hadisələr o qədər kütləvi hal alıb ki, biz ən azından həmin ifadələrin yayım zamanı çıxarılmasına şükr edirik. Yaxşı ki, video formasında hazırlanan verilişdə qeyri-etik ifadələr olan hissəni asan şəkildə aradan qaldırmaq olur. Canlı yayımlanan verilişlərdə isə redaktorun, aparıcının öz məsuliyyəti və hər ikisinin daimi əlaqəsi söhbət mövzusudur. Üstəlik, texniki imkan da var - televiziya siqnalının ötürülməsi 20 saniyə zaman alır. Özəlliklə peyk yayımında bu zaman daha da çoxalır. Ona görə də redaktorun canlı yayımı tamaşaçıdan daha əvvəl görmək imkanı var və redaktor, rejissor bu 20 saniyədən maksimum istifadə etməlidir. Əgər o cür qeyri-etik bir ifadə gedirsə, elə həmin an onu başqa bir siqnala çevirmək olar. Diqqətli olsalar və redaktorla aparıcı əlaqəsi normal olsa, bunun qarşısını almaq həmişə mümkündür. Bu imkanlar ola-ola efirə qeyri-etik ifadələrin getməsinin səbəbi məsuliyyətsizlik, diqqətsizlikdir. Şou verilişləri komandasının nə mədəni səviyyəsi, nə intellekti, nə də peşəkar hazırlığı adekvat olmadığından bu hallar təkrar olunur. Hər dəfə bunun səbəbini konkret olaraq aparıcıda və ya redaktorda axtarmağımız da yanlış olar. Bu, bütövlüklə televiziya sisteminin söyüşüdür, ədəbsizliyidir. Nə qədər ki, bunu anlamırlar, bu cür hallar dəfələrlə təkrar olunacaq”.
Z.Məmmədli bu məsələyə cəmiyyət kontekstində baxmaq lazım olduğunu düşünür: "Baş verən bu cür hadisələrə sırf media, əyləncə kontekstində baxmaq lazım deyil. Buna bütövlükdə cəmiyyət kontekstində baxmaq lazımdır. Milli Məclisdə deputatlardan biri bilərəkdən və ya bilməyərəkdən ədəbsiz sözlər işlədir. Buna görə onu Milli Məclisdən çıxarırlarmı? Yox. Mən başa düşə bilmirəm ki, bizim media niyə aparıcıların bu cür hərəkətlərini ön plana çıxarır? Mediada önəmli olan məsələ aparıcının efirdən adamın gözünün içinə baxa-baxa yalan danışmasıdır. Media təbliğat vasitəsi ola bilməz, bundan qaçmalıdır”.
Z.Məmmədliyə görə, ictimai qınaq mexanizmi işləsə, belə hallar azalacaq: "Müəyyən bir dövr və dözüm lazımdır. Bizim ictimai qınaq mexanizmimiz işləsə, peşəkarlığa qiymət verə bilsək və peşəkarlığın hansı özəlliklərinin nəzərdə tutulduğunu göz önünə gətirsək, beynimizə həkk etsək, görəcəyik ki, belə problemlər hərdən bir sensasiya kimi olacaq”.
Şəymən