Təmkinli olmaqda fayda var

“Bizə təqdim olunan “Kazan formulu” və “Yenilənmiş Madrid prinsipləri” üzərində ciddi müzakirələr getməlidir”



"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda aydın olmayan məqamlar var”. Bunu "Şərq”ə açıqlamasında tanınmış politoloq Azər Rəşidoğlu deyib. Son günlər aktivləşən Dağlıq Qarabağ müzakirələrinə münasibət bildirən ekspert deyib ki, 5 rayonun qaytarılması və Qarabağın statusu məsələsi bizə təqdim olunan sənədlərdə əksini tapmalı və müddəalar Azərbaycanın maraqlarına uyğun olmalıdır.

Əks halda, hansısa razılıqdan və müsbət nəticədən söhbət gedə bilməz: "Rusiya "sülhməramlıları” Qarabağa gələcəkmi, onların say tərkibi nə qədər olacaq, harada və nə qədər müddətə yerləşdiriləcək, bütün bu məsələlər danışıqlarda və ortaya qoyulan həll paketlərində konkret əksini tapmalıdır. Biz qaranlıq sənədə imza ata bilmərik. Məsələ kifayət qədər ciddidir. Ona görə də qətiyyən tələskənliyə yol verməməliyik”. Politoloqun sözlərinə görə, statusun müəyyənləşməsi üçün sadəcə Qarabağda referendum keçirilə bilməz. Bu, Azərbaycan konstitusiyasına ziddir: "Referendum bütün əhalinin yaşadığı ölkə ərazisində keçirilməlidir. Əks təqdirdə, Dağlıq Qarabağa veriləcək status dövlət içində bir erməni "dövlətinin” yaradılmasına rəvac verə bilər. Bu baxımdan təmkinli olmaqda fayda var. Bizə təqdim olunan "Kazan formulu” və "Yenilənmiş Madrid prinsipləri” üzərində ciddi müzakirələr getməlidir”. A.Rəşidoğlu deyib ki, əslində Azərbaycan tərəfi "Yenilənmiş Madrid prinsipləri”nin şərtləri ilə razı idi. Ancaq Dağlıq Qarabağa veriləcək status məsələsi mübahisələr yaratdı: "Biz Azərbaycanın ərazi bütövlüyünə ziyan gətirə biləcək istənilən statusun əleyhinəyik. Bu məsələyə "millətlərin öz müqəddəratını təyin etmə” prinsipi ilə yanaşmaq olmaz. Çünki bölgədə həmişə ermənilərdən çox azərbaycanlılar yaşayıb. "Kazan formulu”nda 5 rayonun qaytarılması, bölgəyə rus sülhməramlıların gətirilməsi nəzərdə tutulurdu. Elə son günlər gündəmə gələn "Lavrov plan”ları da bundan ibarətdir. Təbii ki, rəsmi Bakı rus qoşunlarının bölgəyə gəlişinə razılıq verə bilməz. Çünki bu addım müstəqilliyimizi təhlükə altında qoyar. Məsələ burasındadır ki, sadəcə rus qoşunlarından ibarət sülhməramlıdan söhbət gedə bilməz. Lakin beynəlxalq sülhməramlılar arasında rus ordusu çoxluq təşkil edəcək. Bu da təbii olaraq Azərbaycan tərəfinin narahatlığına səbəb olur. Çünki rus qoşunları yenidən ölkə ərazisinə girərsə, oradan çıxmaları ciddi problem olacaq. Həmçinin, ölkə konstitusiyası öz ərazisində xarici dövlətin hərbi birləşmələrinin olmasını qadağan edir. Bu yalnız o şəkildə mümkün ola bilər ki, burada faiz nisbəti pozulmasın və digər ölkələri təmsil edən qoşunlar paralel şəkildə sülhməramlıların içində yer alsın”.

İsmayıl