Təmkinli siyasətçi...
Davudoğlu Bakıda Kremlə ehtiyatlı reaksiyalar verdi
"Türkiyənin yüksəlişində Azərbaycanın, Azərbaycanın yüksəlişində Türkiyənin payı var”. Bunu ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. "ADA” Universitetində çıxış edən Baş nazir "Bir millət, iki dövlət” anlayışının həqiqətən doğru olduğunu vurğulayıb: "Azərbaycanla Türkiyə hər yerdə bir heyətdir. İki bayraq yana-yana dursa da, tək bayraqdır”.
Baş nazir Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin uğurlu layihə kimi gerçəkləşdiyini deyib və yeni layihələrdən danışıb: "Başqa enerji layihələrinə Avropa İttifaqı maraq göstərmədiyindən həmin planlar həyata keçməyib. Biz əvvəllər "İpək yolu” vasitəsi ilə Avropa ilə Asiyanı birləşdirirdik. İndi isə enerji xətləri ilə bunu həyata keçiririk. Bakı-Tbilisi-Qars dəmiryolu xətti yalnız bu üç gözəl şəhəri deyil, Pekinlə Brüsseli və Londonu biri-biri ilə birləşdirəcək. Çinlə bu məsələyə dair bir anlaşma imzaladıq. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Çinə edəcəyi səfər zamanı bu məsələni müzakirə edəcək”.
"Türkiyə və Azərbaycan Qafqazda sülhün təmsilçisidir”
Türkiyənin Baş naziri xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır: "Buna baxmayaraq, Azərbaycan Qafqazda sabitliyin qorunması və bölgənin inkişafı istiqamətində fəaliyyət göstərir”. Davudoğlu Ermənistan hakimiyyətinə müraciət edərək, onlara aid olmayan torpaqlardan çıxmağı tələb edib: "Bundan sonra siz də Azərbaycan-Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi layihələrə qoşula bilərsiz. Türkiyə və Azərbaycan Qafqazda sülhün təmsilçidir”. Suriyadakı türkmənlərin qaçqın halına salınmasına diqqət yönəldən Ə.Davudoğlu bildirib ki, bir milyon azərbaycanlı qaçqın onlara nə qədər əzizdirsə, suriyalı türkmən qardaşları da o dərəcədə əzizdir. Baş nazir Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin perspektivindən də danışıb: "Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 5 milyard dollardan 15 milyard dollara, sərmayə qoyuluşunu isə 13 milyard dollardan 20 milyard dollara çatdırmaq istəyirik”.
"Türkiyənin torpaqları, hava məkanı bizim üçün müqəddəsdir”
Ə.Davudoğlu Rusiya ilə pozulan münasibətlərə də toxunub və Bakıdan Kremlə mesaj ünvanlayıb: "Türkiyə bütün bu məsələlərdə həmişə şəffaf və açıq siyasət yürüdüb. Buradan bir daha dostumuz, qonşumuz və böyük ortağımız olan Rusiyanı bütün bu məsələləri soyuqqanlı şəkildə dəyərləndirməyə çağırıram. Türkiyə öz sərhədlərini qoruyub. İndiyədək hər hansı şəkildə heç bir ölkəni hədəf alan aqressiv mövqedə olmayıb. Sərhədlərimiz dəfələrlə pozulsa da, hər dəfə bu halları Rusiya tərəfi ilə, aidiyyəti tərəflərlə müzakirə etdik. Türkiyənin torpaqları, hava məkanı bizim üçün müqəddəsdir. Bundan başqa, Suriya böhranının ən çox təsir etdiyi ölkə Türkiyədir. Dünya bu böhranı seyr edərkən 8 milyard dollara yaxın xərclə iki milyon qardaşımızı Türkiyədə yerləşdirdik. Bizim Suriya torpağında gözümüz yoxdur. Amma başqa ölkələrin də bizim sərhədlərimizə, hava məkanımıza ehtiram göstərmələrini gözləmək ən təbii haqqımızdır. İndiki halda Türkiyə Rusiya ilə istənilən məsələni müzakirə etməyə hazırdır. Hər məsələdə fərqli qənaətdə olsaq da, görüşüb danışa, qənaətlərimizi bölüşə bilərik”.
"Rusiya ilə problemi masa arxasında həll edə bilərik”
Türkiyə hökumətinin başçısı açıqlamaları ilə gərginliyi artıran Putinə yumşalmağı tövsiyə edib: "Qarşılıqlı ittihamlar əvəzinə, müzakirələr aparmaq üçün görüşək. Gərginliyi azaltmaq, ittihamedici açıqlamalardan çəkinmək və iki qonşu ölkə olaraq bir masa ətrafında əyləşərək problemləri həll etmək bizim seçdiyimiz yol və metoddur. Çünki Türkiyə-Rusiya münasibətlərinə yalnız iki ölkənin deyil, Qafqaz, Balkanlar, Orta Asiya, Yaxın Şərq, Qara dəniz, Xəzər dənizi regionlarının və digər bölgələrin də ehtiyacı var. Türkiyə ilə Rusiya arasındakı əlaqələrin yaxşı olması bütün bu bölgələrin sülh və sabitliyinə töhfə verər. Əhməd Davudoğlu iqtisadi sanksiyalar məsələsinə fikir bildirib: "Türkiyə indiyə qədər İrana və bu yaxınlarda Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar məsələsində də eyni mövqe ortaya qoyub. Biz iqtisadi sanksiyaların siyasi problemlərin həllinə fayda verməyəcəyini düşünürük. Ona görə də Rusiyanın ən çətin vaxtlarında bu ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyalara qatılmadıq.
"Türkiyə Baş naziri Rusiya rəhbərliyindən fərqli olaraq əsl dövlət lideri kimi çıxış etdi”
Davudoğlunun səfəri və bəyanatları ilə bağlı "Şərq”ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev deyib ki, Türkiyə Baş nazirinin Azərbaycana səfəri birbaşa Rusiya ilə əlaqəli deyildi. Baş nazirin görüşü əvvəlcədən planlaşdırılmışdı: "1 noyabr seçkisində qalib gələn AKP sədri, Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan etdi ki, onun ilk səfəri Azərbaycana olacaq. Yəni səfər öncədən məlum idi. Sadəcə sonrakı hadisələrin gedişi Davudoğlunun Bakı səfərinin Rusiya hadisələri ilə üst-üstə düşməsinə gətirib çıxardı. İndi hamı kənardan Azərbaycan-Türkiyə və Rusiya-Türkiyə münasibətlərinin hansı məcraya yönələcəyini gözləyir. Davudoğlu Bakı səfərində Rusiyada Türkiyəyə qarşı sürdürülən iftira, nifrət və təhqir siyasətini, o cümlədən müasir dünya liderlərinin dilinə, üslubuna yaraşmayan ifadələr işlədilməsini tənqid etdi. Baş nazir əvvəlcədən tutduğu sakit və təmkinli mövqeyini davam etdirərək, Rusiya rəhbərliyini çirkin mövqedən daşınmağa səslədi. Özəlliklə də Prezident Putini ifadə şəklini dəyişməyə çağırdı. Davudoğlu bəyan etdi ki, rəsmi Ankara Moskva ilə dostluq münasibəti qurmaqda maraqlıdır. Türkiyə baş naziri Rusiya rəhbərliyindən
fərqli olaraq əsl dövlət lideri kimi çıxış etdi. Baxmayaraq ki, Ərdoğan Putinlə söz savaşını sürdürür, Türkiyə dağıdıcı yox, daha çox qurucu yol tutub. Şübhəsiz ki, Rusiyada Davudoğlunun bəyanatını hər kəs izlədi. Belə bir bəyanatın Bakıdan səslənməsi ikiqat məna daşıyır. O baxımdan hadisələrin gedişi Rusiyanın tutacağı mövqedən asılı olaraq tərəflərin münasibətini dəyişəcək”.
İsmayıl