Tənqidlər haqlıdır

Dərsliklərin yazılmasında inhisarçılığa son qoyulmalıdır
Milli Məclis mövzunu aktuallaşdırdı, təhsil ekspertləri dərindən nəfəs aldı

Dərslik məsələsi Milli Məclisi də ayağa qaldırdı. MM-in Elm və Təhsil Komitəsinin iclasında təhsildəki problemlərdən danışılıb, o cümlədən dərslik məsələsi də müzakirə edilib. Millət vəkili Musa Qasımlı dərsliklərin keyfiyyətsiz hazırlanmasını sərt tənqid edib və bu sahədə inhisarçılığın qarşısının alınmasını vacib sayıb.

"Dövlətimiz regionlarda, ümumilikdə ölkəmizdə yeni-yeni təhsil müəssisələrinin yaradılması üçün çox böyük qayğı göstərir. Məktəbdə dərs deyən müəllimlərin keyfiyyəti artırılmalıdır. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları çox ciddi işlər görməlidir”, deyən millət vəkili dərsliklərin hazırlanması məsələsinə də toxunub.

Deputat hesab edir ki, diqqət yetirilən məsələlərdən biri də dərsliklər olmalıdır. "Müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmizdə müxtəlif sahələr üzrə dərsliklər yazılır.

Dərsliklərin yazılması ilə bağlı standartlar var. Bizim iradlarımız olan dərsliklərə əl qoyulmalıdır. Dərsliklərin yazılmasında inhisarçılıq ola bilməz. Bir tarixçi paleolitdən bu günə qədərki dövrü necə yaza bilər axı? Dərsliklərimizdə nə qədər xronologiya ola bilər? Dərsliklərimizdə çox ciddi şəkildə millətçilik, dövlətçilik aşılanmalıdır. Statistika yox”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rəfael Hüseynov isə dərslik vəsaitləri ilə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib və bildirib ki, dərsliklərlə bağlı son dövrlərdə tənqidi fikirlər çox səslənir:

- Məsələnin aktuallığını Təhsil Nazirliyi dərk edərək Ekspertiza Şurası yaradıb və mən də həmin şurada təmsil olunuram. Mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil. Bu şəkildə davam edilsə, gələcəkdə dərslik siyasətinin qənaətbəxş olduğu haqda nəsə deyə bilmərik.

Şurada səsləndirilən təkliflərin çoxunun təşəbbüslər səviyyəsində olduğunu diqqətə çatdıran parlament üzvü əlavə edib ki, dərslik siyasəti sahəsində qanunvericilik çərçivəsində müəyyənləşən istiqamətlər olmalıdır:

- Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun layihəsi hazırlanmalıdır. Qanunda elə parametrlər olsun ki, hansı müəllifin yazmasından asılı olmayaraq həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, o zaman ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər.
Deputat Kamilə Əliyeva isə bildirib ki, nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək: "Vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb. Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş senzi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda, əlbəttə, ciddi problem olacaq. Hesab edirəm buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır. Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır”.

"Milli Məclis indi anlayıb...”

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında dərsliklərin hazırlanmasında problemlərin həmişə olduğunu dedi:

- Milli Məclis indi anlayıb?! Biz bu məsələni dəfələrlə qaldırmışıq, demişik ki, Azərbaycanda dərsliklər nöqsanlı hazırlanır. Səhvlərə yol verilir. Amma deməliyəm ki, dünyanın inkişaf etmiş, oturuşmuş ölkələrində də bu problem var. Sadəcə, məsələ səhvlərin daim təkrarlanması, tipik hal almasındadır. Səhvə yol vermək olar, bir dəfə, iki dəfə. Amma səhvlər artıq xarakterik hal alırsa və daim təkrarlanırsa, bu, yolverilməzdir və qarşısı alınmalıdır. Azərbaycanda dərsliklərin hazırlanmasında problemin ortaya çıxmasının yeganə səbəbi də inhisarçılıqdır. Bəli, inhisarçılıq var. Dərsliklərin hazırlanması bir qrup insan arasında bölünür. Etsinlər. Amma heç olmasa, naşı adamlara tapşırmasınlar.
Bəs nöqsanlı, səhvlərlə dolu dərsliklər tədris prosesində hansı çətinliyi yaradır?

N.Qulamoğlu bildirdi ki, dərsliklərin tənqidində qərəz də var:

- Dərslikləri tənqid edənlər dərslik yazmaq istəyənlərdir. Mən müəllim işləmişəm və dərslikdə səhv aşkarlayanda çalışmışam onu şagirdlərin vasitəsilə düzəldim. Dərslikdəki hansısa postulata qarşı şagirdlərin başqa variantının olub-olmadığını soruşmuşam. Şagirdləri o postulata qarşı variant axtarıb tapmağa sövq etmişəm. Dərslikdə səhv var deyə, onu kənara qoya bilmərik. Müəllimin bacarığı o zaman üzə çıxır ki, səhvə qarşı başqa variant işləyə bilsin. Şagirdləri düzgün başa salsın. Tədrisdə məqsəd şagirdə hansısa müddəanı əzbərlətmək olmamalıdır. Tədrisin məqsədi şagirdin zehni qabiliyyətini inkişaf etdirməkdir. Hansı dərslikdə səhv varsa, müəllim o səhvi şagirdlərə bildirməli və bunun izahını da verməlidir.

"Bizim dərsliklər ancaq "yükdür”

Əməkdar müəllim Almaz Həsrət də dərsliklərin hazırlanmasında buraxılan səhvlərin ümumilikdə tədris prosesinə ciddi ziyan vurduğunu bildirdi:

- Dərsliklərdəki səhvlərdən, dərsliklərin hazırlanmasında nöqsanlara yol verildiyindən çox danışılıb. Yaxşı ki, Milli Məclis də bu məsələyə toxundu. Bizim dərsliklər informasiya yükünə malikdir. Şagirdlərin yaş həddinə uyğun olaraq tərtib olunmayıb.

Orta məktəb dərsliklərinin standartlara cavab verməməsi, müəyyən səhvlərin olması son illərin ən ciddi müzakirə olunan məsələsidir. Bioloq olduğum üçün biologiya dərsliklərindən danışa bilərəm. Artıq neçə ildir ki, biologiya dərsliklərində elmi, şəkil, redaktə və s. kimi səhvlər ortaya çıxarırıq. Bu, dərsliklərin hazırlanması işinin zəif təşkilini və dərslikləri yazan müəlliflərin səriştəsiz olmasını göstərir. Təəssüf doğuran məqam odur ki, səhvlərlə dolu bu dərsliklər Təhsil Nazirliyi tərəfindən təyin edilmiş ekspertlər tərəfindən analiz edilir, qalib elan olunur və çapa verilir.
Yeni tədris ili üçün həm rus, həm də Azərbaycan bölməsi üzrə hazırlanmış biologiya dərsliklərinin məktəblərə çatdırılmasının qarşısı alınmalıdır və onlar yenidən işlənməlidir. Məsələn, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar etmişik. Hətta şagirdlər özləri dərslikdə olan səhvləri tapıb müəllimə deyir. Bu, utancverici bir haldır. Maraqlısı odur ki, səhv dolu kitab niyə qalib elan edilir?!”.

A.Həsrət orta məktəb dərsliklərinin hazırlanmasında ümumtəhsil məktəblərində aktiv çalışan müəllimlərin iştirakının vacib olduğunu da vurğuladı.

Məlahət Rzayeva