Terror fəaliyyəti ilə məşğul olanlar vətəndaşlıqdan çıxarılacaq

Ərəstun Oruclu qanunun dəyişikliyinin əleyhinə deyil, amma daha dərindən düşünmək lazımdır deyir




Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclası keçirilib. İclasda "Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi və bununla əlaqədar "Polis haqqında”, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, "Dini etiqad azadlığı haqqında” qanun layihələrinə, habelə İnzibati-Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunub.

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun müzakirəsi zamanı Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) nəzərdə tutulub. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1) və Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.

Qanun layihəsi dekabrın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif olunan dəyişiklikləri dəyərləndirən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə hesab edir ki, vətəndaşlıq məsələsinə son dərəcə ciddi yanaşılmalıdır: "İnsanların vətəndaşlıqdan məhrum edilməsi çox ağır cəza və çətin prosedurdur. Bu zaman məsələyə fərdi və çox ciddi yanaşılmalı, dəqiq araşdırılmalıdır. Ortada vətəndaşlıqdan ləğvə dair konkret əsaslar olmalıdır. Həmin əsaslar da qanunvericiliyə uyğunlaşdırılmalıdır. Azərbaycanda dini təhsil imkanları yüksək olmadığı üçün xaricdə dini təhsil almağa gedən insanlar çoxdur. Həmin adamın həqiqətən ilahiyyət təhsili aldığını, yoxsa dini təhsil adı altında ekstremist təbliğatlara cəlb edildiyini, dini münaqişələrə hazırlandığını ayırd etmək üçün konkret meyarlar müəyyənləşdirilməlidir. Azərbaycanın dövlət və hakimiyyət orqanları ən azı ölkənin imkanları baxımından elə də mükəmməl səviyyədə deyil ki, xaricdə olan azərbaycanlılar haqqında ətraflı məlumatlar əldə edib, hər addımlarından xəbərdar olsun, mövcud meyarlara uyğun- gəlib gəlmədiyini araşdırsın”. Terror fəaliyyəti ilə məşğul olan, qanunsuz silahlı qruplaşmalara qoşulan insanlara qarşı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən müddəaların öz əksini tapdığını qeyd edən politoloqun sözlərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddələrində həmin şəxslər haqqında konkret və kifayət qədər ağır cəzalar nəzərdə tutulub: "Dediyim odur ki, mövcud qanunvericiliyə uyğun olaraq, dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçən, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edən insanları ölkəyə qayıdacaqları halda mühakimə etmək mümkündür. Belə insanların vətəndaşlıqdan məhrum edilməsi ağır cəza olduğu üçün dəyişikliklərin effektiv olub-olmayacağını söyləmək çətindir. Bunu zaman göstərəcək. Vətəndaşlıqdan məhrum edildiyi halda həmin insanların ölkəyə qayıtmaq imkanı olmur və ya bu şans minimuma enir. Onlar ölkəyə ancaq qeyri-qanuni yollarla keçə bilər ki, belə olan halda da digər cəzalar nəzərdə tutulub. Mənim üçün maraqlı olan odur ki, bu qanun qüvvəyə mindiyi halda yuxarıda sadaladığım meyarlar nəzərə alınacaq, kütləvi xarakter daşımayacaq ki?! Yoxsa təhlükəsizlik nöqteyi-nəzərindən qurunun oduna yaş da yanacaq, əməliyyatlar ucdantutma həyata keçiriləcək? Prinsip etibarı ilə bu dəyişikliklərin əleyhinə deyiləm, sadəcə, müstəsna hallarda kimlərəsə şamil olunmasını daha məqsədəuyğun hesab edirəm”.

Ekstremist qüvvələrin artıq Azərbaycana ayaq açdığını vurğulayan Ə.Oruclu hesab edir ki, kompleks tədbirlər görülməsə, bu şəbəkəyə qoşulan insanların vətəndaşlıqdan ləğvi heç nəyi dəyişməyəcək: "Gördüyüm, bildiyim odur ki, ekstremistlərin təbliğatını aparan şəbəkələr artıq ölkə daxilində mövcuddur. Düşünmürəm ki, Suriyaya gedən azərbaycanlılar öz xoşuna təyyarəyə bilet alıb gediblər. Bu işlə məşğul olan şəbəkələr onları axtarıb, araşdırıb və bu işə cəlb ediblər. Çünki terrorçu qruplaşmalar heç vaxt öz sıralarına kənardan adam qəbul eləmirlər. Deməli, onların ölkəmizdə geniş şəbəkəsi var və əl altından gənclərin beyinlərini yuyurlar. Həmyerlilərimizin dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsini, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsini də təmin edən məhz onlardır. İlk növbədə bu şəbəkəni ifşa edib, daxildəki qruplaşmaları dağıtmaq, onların iştirakçılarını cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bəlkə də, bütün bunlara nail olsaq, hansısa azərbaycanlının vətəndaşlıqdan çıxarılmasına ehtiyac duyulmaz”.

Şəymən