Terror hücumları İranı daxildən zəiflədir

Bu hadisənin törədilməsi regionda yeni münaqişənin alovlanmasına gətirəcək



Ötən gün İranın Sistan və Bəluçistan vilayətində Xaş-Zahidan avtomagistralında İran İslam İnqilabı Keşikçilər Korpusunun Sepah hərbçilərini daşıyan avtobusun kənarında partlayıcı maddələrlə dolu avtomobil partladılıb. Nəticədə 27 nəfər həlak olub, 13 adam yaralanıb. Hadisə ilə bağlı İranın Sistan və Bəluçistan vilayətində 3 gün matəm elan olunub. "Ceyşül-Ədl” qruplaşması hadisənin məsuliyyətini öz üzərinə götürüb. Hadisəyə münasibət bildirən İran Prezidenti Həsən Ruhani deyib ki, baş verən terror aktının bütün səbəbkarları cəzalandırılacaq. Ruhani terror aktı ilə bağlı İran xalqı, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib.

İrandakı terrorla bağlı "Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın Sistan və Bəllucistan əyalətində SEPAH-a qarşı terror hücumunda 27 nəfər hərbiçinin öldürülməsi, artıq bu ölkədə terrorun genişlənməsi deməkdir: 

"Bundan sonra İranda terror intensiv xarakter alacaq, bu terrorla mübarizədə ölkənin təhlükəsizlik qüvvələri aciz alacaq. Son beş ayda demək olar ki, terror hücumları İranı daxildən zəiflədir və hökumətin daxili terrorla mübarizədə zəif olduğunu göstərir. İrana qarşı genişlənən siyasi-iqtisadi sanksiyalarla paralel etnik terrorun genişlənməsi də aydın görünür.

 Məhz İranın Yaxın Şərqdə hərbi fəaliyyətinin qarşısının alınması üçün bu terrorun törədilməsi əsas faktordur. İrana qarşı terror hücumlarının daha da artması, regionda yeni münaqişənin alovlanmasına gətirəcək. İranda bu terrorun aktivləşməsi iki əsas səbəblə bağlıdır. Birinci səbəb İranın ballistik raketlərini inkişaf etdirməsi, ikinci səbəb isə Suriya və Yəməndə hərbi fəaliyyətini genişləndirməsidir”.

İsmayıl