Terrora qarşı birləşək...

Orta Asiya ölkələrinin fərqli xarici siyasəti var
Türkdilli ölkələrin terrorizmə qarşı yaradacağı vahid orduya birmənalı yanaşılmayacaq


Ankarada xeyli sayda insan tələfatı ilə nəticələnən dəhşətli terror aktını şərh edən "Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Emil Hüseynli türkdilli ölkələrin terrorizmə qarşı birgə mübarizə üzrə vahid ordusunun yaradılması ideyasını irəli sürüb.

E.Hüseynlinin fikrincə, terrorizmin bu qədər ayaq açmasının başlıca səbəbi illərdən bəri davam edən ikili siyasət və maraqlar uğrunda mübarizənin açıq müstəvidə aparılmasıdır. QHT rəhbərinin sözlərinə görə, son dövrlər baş verən terror hadisələri onu göstərir ki, dünya ölkələri, siyasi liderlər terrorizmə qarşı birgə mübarizəni gücləndirməlidirlər və bu mübarizə səmimiyyət üzərində qurulmalıdır: "Bu gün nə qədər ki, terrora məruz qalan ölkə ilə terrorçu ölkələr adı ilə çağrılmayacaqsa, terroru dövlət siyasətinə çevirən rejimlərə qarşı amansız mübarizə aparılmayacaqsa, terror aktları qaçılmaz olacaq. İstər qonşu, qardaş Türkiyə, istər Azərbaycan olsun, terrordan əziyyət çəkir. Siyasi güclər Türkiyəni bu cür çirkin əməllərlə sarsıtmaq istəyirlər. Həmçinin, Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanın terrorist rejiminin qurbanına çevrilib. Təəssüflər olsun ki, dünya birliyinin mövqeyi nəinki terrorizmin qarşısını almağa, əksinə, regionda terrorçuluğun inkişafına xidmət edib”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə deyib ki, Türkiyənin biri-birinin ardınca ağır, qanlı terror zərbələrinə məruz qalması və bunun fonunda çoxsaylı insan itkiləri verməsi qeyd olunan ideyaların ortaya çıxmasına zəmin yaradır: "Türkiyənin acısı bizim acımızdır və bununla bağlı hər kəs müəyyən çağırışlarda bulunmağı özünə borc bilir. Ona görə də, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri tərəfindən bu cür çağırışların edilməsini müsbət dəyərləndirirəm”.

Millət vəkilinin sözlərinə görə, türkdilli ölkələr arasında siyasi-mədəni əlaqələrin inkişaf etdirilməsi mahiyyət etibarı ilə həm də hərbi müttəfiqliklərə yol açmaqdır: "Ötən dövrlər ərzində Azərbaycan və Türkiyə arasında bu əlaqələr inkişaf edib. 2011-ci ildə Strateji Tərəfdaşlıq Şurası yaradılıb və iki ölkə arasında daimi hərbi əməkdaşlıq formalaşıb. Həmin Şuranın əsasnaməsində də mütəşəkkil cinayətkarlıq, hərbi təhlükə və təhdidlərə qarşı birgə mübarizə öz əksini tapıb. Ancaq bu əməkdaşlığı digər türkdilli ölkələrlə genişləndirmək bir o qədər də inandırıcı görünmür. Çünki Orta Asiya ölkələrinin fərqli xarici siyasət strategiyası var. Onların coğrafiyasına təhdidlər başqa istiqamətlərdəndir. Bizim sadəcə türkdilli olduqları üçün Əfqanıstanla sərhədi, Çinlə iqtisadi əlaqələri olan ölkələrin problemlərinə qarşı birgə mübarizəmiz nə dərəcədə realdır? Yaxud da onlar bizim bölgədə iştirak edərmi? Bu əməkdaşlığa regional dövlətlər necə reaksiya verəcək? Z.Orucun sözlərinə görə, bölgənin siyasi konstruksiyasını hazırlayıb, geopolitik xəritəsini cızanlar türkdilli ölkələrin terrorizmə qarşı yaradacağı vahid orduya birmənalı yanaşmayacaqlar”.

Şəymən