PKK terrorçuları dərhal toyun dayandırılmasını tələb ediblər
Türkiyənin Adana vilayətində ölümlə nəticələnən terror hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Adana vilayətinin Yüregir rayonunda keçirilən toya hücum edən PKK terrorçuları dərhal toyun dayandırılmasını tələb ediblər. Üzü bağlı olan terrorçular, bu gün toy eləmək olmaz, dərhal toyu dayandırın – deyiblər. Toy sahibi isə aylar əvvəldən hazırlıq görüldüyünü, qonaqların dəvət olunduğunu, çalğıçıların çağırıldığını deyib.
Tərəflər arasında dava-dalaş olub və ev sahiblərindən bir nəfərin xəsarət alması ilə terrorçular hadisə yerindən uzaqlaşıblar. Ev sahibləri yaralı ilə məşğul olarkən terrorçular toy yerinə geri qayıdıb və avtomat silahdan hara gəldi atəş açıblar. Bu vaxt 28 yşlı sintezator ifaçısı ağır yaralanıb. Hər iki yaralı Adana nümunə xəstəxanasına çatdırılsa da, güllə yarası alan musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin, iki gün əvvəl paytaxt Ankarada həmkarlar ittifaqı konfederasiyasının keçirdiyi mitinqdə törədilən terror hadisəsi nəticəsində çox sayda əsasən sol görüşlü aksiyaçıların ölməsi səbəbindən törədildiyi güman olunur.
Hadisə yerinə dərhal Adana polis idarəsi Asayiş şöbəsinin əməkdaşları cəlb olunub. Polis hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün əməliyyatlara başlayıb.
İki gün əvvəl günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də bu say gecə saatlarına qədər çoxalıb.
Türkiyədə 3 günlük milli yas elan olunub və ölkədəki bütün bayraqlar yarıya endirilib.
Baş vermiş terror aktı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng vuraraq başsağlığı verib.
İŞİD terror qruplaşması isə sosial şəbəkədə yaydığı ismarışda Ankarada baş vermiş partlayışa görə təbriklərini çatdırıb və ölü sayının çoxalmasını təmənna edib: "Ankarada baş tutmuş mitinqdə kafir kommunistlərdən 40-a yaxın ölü, 100-dən çox yaralı (95 ölü, 246 yaralı – red.) var. Bunu edənləri təbrik edirik. Allaha şükürlər olsun ki, Ankarada kommunistlərin mitinqində partlayış baş verib. Bir çox ölü və yaralı varmış. Allahım, ölülərin sayını artır. Yallı gedən kommunistlər "bu meydan qanlı meydan” şüarı səsləndirərkən bomba partlayır. Sülh istəyən onlarmı? Şükürlər olsun ki, qamda boğuldunuz.” – deyə terrorçu qruplaşmanın türkcə twitter səhifəsində yazılıb.
Baş verənlərin Türkiyədə Cümhuriyyət tarixinin ən qanlı terror hadisəsi olduğu bildirilir.
Ankarada partlayışın baş verdiyi yerlər
Bu ilin iyul ayında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda 30-dan çox insanın ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Baş verənlərə görə, Xalqın Demokratiya Partiyası (HDP) hökuməti ittiham etmiş, bundan sonra Türkiyədə çox sayda hərbçinin və polisin ölümü ilə nəticələnən intensiv terror aktları başlamışdı. Türkiyə Silahlı Qüvvələri (TSK) isə havada və quruda keçirdiyi hərbi əməliyyatlarla çox sayda PKK terrorçusunu məhv etmişdi.