Sahib Məmmədov: “Test artıq yüksək təhsilə mane olur. Yüksək bal toplayanların sonrakı karyerası buna misaldır”
Test imtahanının ləğvinin tərəfdarları az deyil
Kamran Əsədov: “Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir”
Sahib Məmmədov: “Test artıq yüksək təhsilə mane olur. Yüksək bal toplayanların sonrakı karyerası buna misaldır”
Sahib Məmmədov: “Test artıq yüksək təhsilə mane olur. Yüksək bal toplayanların sonrakı karyerası buna misaldır”
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iki ildən sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyini deyib. Gələn ilki abituriyentlərin axırıncı dəfə test formasında imtahan verəcəklərini qeyd edən Şura sədri onlardan daha da məsuliyyətli olmalarını gözləyir: "Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
Hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelləri üzərində müzakirələr apardıqlarını vurğulayan M.Abbaszadə bildirib ki, dəyişikliklər, qərarlaşdırdıqları model sentyabr ayında ictimaiyyətə təqdim ediləcək. Hazırda isə ekspert və mütəxəssislər bu istiqamətdə işlərini davam etdirir.
XXI yüzilliyin tələblərinin tamamilə fərqli olduğunu vurğulayan tarixçi-alim, təhsil eksperti Kamran Əsədov deyib ki, biz XX yüzillikdə ancaq bilik verməklə məşğul olduq: "Bu cəmiyyətdə yaşayan hər bir insan minimal biliklərə malik olmaqla, müəyyən sosial insani davranışlara, cəmiyyətdə adaptasiya, öz "mən”ini qoya bilmək bacarığına malik olmalıdır. Bu isə məktəbəqədər tədris müəssisələrindən başlayıb, mərhələli şəkildə ailədə, cəmiyyətdə, oxuduğu təhsil müəssisəsində formalaşmalıdır. Orta məktəblərdə vacib fənlər tədris olunmalıdır.
Ölkəşünaslıq, mədəniyyətşünaslıq kimi fənlər insanın formalaşmasında, yetişməsində, həmin bilik və bacarıqların aşılanmasında vacibdir. Dinşünaslığın bir elm şəklində, əxlaq və mənəviyyat dərsi kimi tədrisi çox vacibdir. Bu gün bizim orta məktəblərin qarşısında duran əsas vəzifə hərtərəfli, sosial cəmiyyətə adaptasiya ola bilən, dürüst, layiqli, ədalətli, obyektiv, öz hüquqlarını bilən insanın yetişdirilməsidir. Məhz qəbul imtahanlarında da bu nəzərə alınmalıdır”.
Test üsulunun qəbul prosesində insan faktorunu aradan qaldırdığını vurğulayan ekspert qeyd edib ki, əvvəllər üzbəüz imtahanda qeyri-obyektivliyə yol verilirdi, lakin artıq 24 ildir ki, bunu müşahidə etmirik:
"İkinci tərəfdən də test imtahanı vaxt qazanmaq baxımından əlverişlidir. Əvvəl ali məktəbə qəbul üçün 4 fəndən imtahan verilirdi, bu da ümumilikdə bir ay çəkirdi. İmtahan nəticələrinin vaxtında yoxlanılıb abituriyentə çatdırılması problem idi. Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir. Burada qiymətləndirmə nisbidir. Testin başlıca məqsədi obyektiv qiymətləndirmə, neqativ hallara yol verməməkdir”. Test imtahanında təkmilləşməyə ehtiyac olduğunu vurğulayan K.Əsədov hesab edir ki, imtahan fənlərinin sayının artırılıb-azaldılması təkmilləşmə deyil: "Yaxşı olar ki, məntiqə əsaslanan suallar tərtib olunsun.
Sırf statistik məlumatlarla, tarixi hadisələrlə testi yükləmək uşağın müstəqil düşüncəyə, təfəkkürə malik olmasının qarşısını alır. Həmçinin, formanın da təkmilləşdirməsinə ehtiyac var. Cəmiyyətdə test üsulunun ləğvinin tərəfdarları da var. Testi ləğv etmək olar, ancaq onun yerinə daha mükəmməl alternativ təklif etmək olar ki, bu da dünyada qəbul edilmiş SAT, İELTS imtahanlarıdır. Biz ilk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan asılı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir”.
Hüquq müdafiəçisi Sahib Məmmədov da özünün feysbuk səhifəsində test imtahanalarının ləğvi məsələsinə münasibət bildirib:
"Ali və orta ixtisas məktəblərinə test üsulu ilə qəbul öz tarixi missiyasını yerinə yetirib. Müasir universitetlərə qəbul olunmaq üçün belə bir üsul və "qosplan” yoxdur. Təhsil almaq istəyən universitetlərin müəyyən etdiyi minimal tələbləri yerinə yetirib ali təhsil müəssisələrinə qəbul olunmalıdır. Dövlət və ya biznes qurumları sifarişçi olduğu halda özünün göndərdiklərini əvvəlcədən imtahan edə bilər (pulu verirsə, riskləri azaltmaq üçün).
Qalanlar puluna minnət. Oxuya bilmirsən, yenə də ödə. Bəzi şərq ölkələrinin varlılarının övladları 15 ilə oxuyur. Təhsilin keyfiyyəti düşəcək? Əsla. Bir neçə ilə universitetlərin reytinqi bəlli olacaq. İşə qəbul isə onsuz da indi imtahanladır. Diplom daha bilik göstəricisi deyil, sadəcə arayışdır. Məşhur universitetlər diplom əvəzinə kağız parçası verir. Test artıq yüksək təhsilə mane olur. Yüksək bal toplayanların sonrakı karyerası buna misaldır”.
Şəymən