Türkiyədə Böyük Birlik Partiyasının (BBP) keçmiş sədri Muhsin Yazıcıoğlunun 2009-cu ildə helikopter qəzasında həlak olması ilə bağlı istintaqda ikinci dalğa əməliyyatı keçirilib.
Sherg.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində 47 şübhəli barəsində hüquqi tədbir görülüb. Onlardan 33-ü saxlanılıb, 10 nəfərin həbsdə olduğu, 4 nəfərin isə axtarışda olduğu müəyyənləşdirilib.
Əməliyyat 16 vilayətdə keçirilib, şübhəlilərin 45 ünvanında axtarış aparılıb. Axtarışlar zamanı 7 tapança, 10 daraq, 1990 ədəd müxtəlif çaplı patron və çoxsaylı sənədlər aşkarlanıb.

Şübhəlilər arasında qəza zamanı Hərbi Hava Qüvvələrinin axtarış-xilasetmə bölməsində vəzifə tutan keçmiş polkovnikin də olduğu bildirilir. Onun Merzifonda yerləşən axtarış-xilasetmə qrupuna vaxtında havaya qalxmaq əmri vermədiyi müəyyən edilib.
İstintaqda bəzi şəxslərin helikopterin qalıqlarının tapılması və Yazıcıoğlunun sağ olması barədə əsassız məlumatların yayılmasına səbəb olduğu, axtarış-xilasetmə qruplarının yanlış koordinatlara yönləndirildiyi iddia olunur.
Şübhəlilər arasında FETÖ-nün 15 iyul çevriliş cəhdi ilə bağlı ağırlaşdırılmış ömürlük həbs cəzası alan keçmiş mayorun da olduğu açıqlanıb.
Bundan başqa, keçmiş prokurorlar, keçmiş yüksək rütbəli polis əməkdaşları, şahidlər və gizli şahidlərin istiqamətləndirilməsi ilə bağlı adı keçən şəxslər də istintaqa cəlb olunub.
Ankara Respublika Baş Prokurorluğunun istintaqında şübhəlilərə “silahlı terror təşkilatı yaratmaq, idarə etmək və ya üzv olmaq” və “qəsdən planlaşdıraraq adam öldürmə” ittihamları irəli sürülüb.