“Bununla ali məktəblərdə qohumbazlıq, tapşırıqla tələbə qəbulu daha da dərinləşə bilər”
“Yeganə yol buraxılış imtahanlarıyla qəbul imtahanlarının birləşdirilməsidir”
Qəbul imtahanlarında test üsulunun ləğvi zaman-zaman gündəmə gətirilib. Təhsil ekspertlərinin bəzisi test üsulunun özünü doğrultmadığını, şagirdləri əzbərçiliyə alışdırdığı qənaətindədir. Amma bu məsələdə rəylər haçalanır. Test üsulunu yeganə doğru variant sayıb, lakin onun tətbiqində yanlışlıqlara yol verildiyi fikrində olanlar, hələ ki, test üsuluna alternativ tanımadıqlarını bildirirlər.
Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev isə bu günlərdə KİV-ə açıqlamasında qəbul imtahanlarının təşkilinə yeni yanaşmanın vacibliyini bildirib: "Test üsulu artıq özünü doğrultmur. İmtahanların sayını artırmaq lazımdır. Çünki bizə hansısa yaddaşı ilə rəqəm yaza bilən adam yox, bilgisi, təfəkkürü, təxəyyülü, vətəndaşlıq mövqeyi olan insan lazımdır”.
"XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə bu fikirdədir ki, test üsulu ləğv olunacağı təqdirdə, qarışıqlıq yaranacaq və bu, böyük narazılıqlara səbəb olacaq:
- Hazırkı şəraitdə test üsulunun ləğvi mümkün deyil. Bununla ali məktəblərdə qohumbazlıq, tapşırıqla tələbə qəbulu daha da dərinləşə bilər. Yeganə yol buraxılış imtahanlarıyla qəbul imtahanlarının birləşdirilməsidir. Amma bu, heç də sadə məsələ deyil. Rusiya dediyim modeli sonuncu tətbiq edən ölkələrdəndir. Və bunun hansı nəticələri verməsinə görə sınaq mərhələləri keçib. Onun mənfi-müsbət tərəfləri araşdırılandan sonra bu üsul təsdiqlənib. Azərbaycanda bu məsələnin tətbiq olunması üzərində dərindən işlənməlidir. İslahatlar aparılmalıdır. Uşaqlar küçələrdən yığışmalı, onlar orta məktəbin tədris proqramı əsasında qəbul prosesində iştirak etməlidirlər.
Hansısa üsulun ləğvindən danışırıqsa, əvvəlcə onu əvəzləyə biləcək, alternativ üsul ortaya qoyulmalıdır. Hələ ki, test üsuluna alternativ yoxdur. Əgər test üsulu ilə qəbulda problemlər yaranırsa, bu, birbaşa prosesi icra edənlərdən asılı məsələdir.
Ekspert bu fikirdədir ki, ali məktəblərə qəbul prosesində ən yaxşı variant Estoniya təcrübəsidir. Bu üsulda birinci şifahi sorğu, ikinci yazılı şərh, üçüncü isə test variantıdır. Testi tamamilə ləğv etmək subyektiv halların artmasına gətirib çıxara, kimlərinsə süni təsirlərini reallaşdıra bilər. Ona görə də test üsulu mütləq saxlanılmalıdır. Xüsusilə də maddi imkanı aşağı, lakin bilik səviyyəsi üstün uşaqlar üçün test üsulu hələ ki, vacibdir.
Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, test üsulunun ləğvi mümkün deyil:
- Test üsulu hər cəhətdən ideal deyil. Amma Azərbaycan şəraitində bundan yaxşısı yoxdur. Azərbaycanda ali məktəblərə qəbul imtahanlarını subyektiv amillərin öhdəsinə buraxmaq olmaz. Biz dəfələrlə bildirmişik ki, imtahanlarda təkmilləşməyə ehtiyac var. Test sualları elə tərtib olunmalıdır ki, orada düşüncə, təfəkkür, yaradıcılıq elementləri özünü büruzə verə bilsin. Test tapşırıqlarında nöqsanlar olur, biz bunları göstəririk, növbəti imtahanlarda baxırıq ki, həmin nöqsanlar yenə təkrar olunub. Çünki bu nöqsanlı test tapşırıqları test bankında saxlanılıb və onları heç kim dəyişməyib. Bu da artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının üzərinə düşən işdir. Test üsulunda nə qədər nöqsanlar olsa da, ondan daha yaxşısı, hələ ki, kəşf edilməyib. Biz geri qayıda bilmərik. Azərbaycan test üsulu ilə qəbul imtahanları qərarını 20 il bundan əvvəl verib və geri qayıdış artıq mümkün deyil. İrəli getməliyik və test üsulunu təkmilləşdirməli, nöqsanları aradan qaldırmalıyıq. İnkişaf etmiş ölkələrin hamısında qəbulda test üsuluna üstünlük verilir. Fərq burasındadır ki, məsələn, Türkiyədə abituriyent imtahanlarda topladığı nəticələrə uyğun ali məktəb seçir, amma bizdə ixtisaslar üzrə imtahan verilir və yerləşdirmə aparılır. Test üsulunun ən üstün cəhəti budur ki, abituriyent özü taleyini həll edir. Mən təsəvvür edə bilmirəm ki, test üsulunun ləğvini istəyənlərin əsl məqsədi nədir.
Məlahət Rzayeva