Təxribatlar önləndi...

Gec də olsa, Gürcüstan hökuməti ayıldı Cavaxetiya bölgəsində yaşayan ermənilərin üstünə xüsusi təyinatlılar göndərildi
Gürcüstan hakimiyyəti orada yaşayan ermənilərin dövlət üçün təhlükə olduğunu nəhayət ki, anlamağa başlayıb. Ölkənin xüsusi təyinatlı dəstələri bundan sonra gürcülərin və ermənilərin yaşadığı Samsxe-Cavakx regionunda yerləşdiriləcək, orada ictimai asayişi qoruyacaq.
Dünəndən etibarən Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Samsxe-Cavakx regionundakı Aspindza qəsəbəsində, Axalkalaki və Axalltsıx kəndlərində fəaliyyətə başlayıb.
Hətta Gürcüstanın baş naziri İrakli Qaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri bu münasibətlə təşkil edilən təntənəli mərasimdə iştirak üçün bölgəyə gedib. İ.Qaribaşvili Aspindze qəsəbəsində yerləşdirilən xüsusi bölmənin əsgərlərinə müraciət edərək bildirib ki, Samsxe-Cavakx ölkənin strateji bölgəsidir: "Burada xüsusi tapşırıqlar üzrə polis idarəsi indiyə qədər mövcud deyildi. Bu, təəccüb doğurur. Mən bunu daxili işlər naziri işləyərkən təsadüfən aşkar etdim. Kütləvi qarışıqlıq yaradanlarla mübarizə üçün məhz Aspindzedə xüsusi təyinatlıları yerləşdirməyə qərar verdik”.
Gürcüstanın hökumət başçısı vaxtilə bu regiona rəhbərlik etmiş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ən yaxın silahdaşlarından olan Vano Merabişvilini ittiham edib, onu Cavaxetiyada problemlərin qarşısını almamaqda, ölkənin ən əhəmiyyətli regionlarından birində polisin inzibati binasının olmasına icazə verməməkdə, bu ərazidəki obyektlərin qanunsuz zəbt edilməsində günahlandırıb. O, Aspindzedə xüsusi bölmə əsgərlərinin ünvanına tərif deyib, ermənilərə isə üstüörtülü şəkildə mesaj göndərib: "Ümidvaram ki, burada baş verən özbaşınalıqlara son qoyulacaq”.
"Erməni Cavakx Respublikası”nın təbliğatı genişləndirilib
Bu artıq Gürcüstan hakimiyyət dairələrinin ayıldığını göstərir. Çünki ermənilər ənənəvi xislətlərinə uyğun olaraq, yaşadıqları ərazilərin onlara məxsus olmasını iddia etmək, yaşadıqları ərazidə çaxnaşma yaratmaq, sərsəm fikirlər səsləndirməklə hər zaman məşğul olublar. Bunu nəhayətdə anlayan Gürcüstan hakimiyyətinin gələcəkdə problemlər yaşamaması, ermənilərin onlara başağrısı olmaması üçün bu addımı atması müsbət qiymətləndirilir.
Məlumdur ki, hələ 4 il bundan əvvəldən başlayaraq ermənilər Axısqa bölgəsində (gürcülər bu regionu "Cavaxetiya”, ermənilər isə "Cavakx” adlandırır) Gürcüstan Konstitusiyasında təsbit olunan Acarıstan, Abxaziya və Cənubi Osetiya muxtar respubliklarının sırasına "Erməni Cavaxk Respublikası”nın da əlavə edilməsi təbliğatını genişləndiriblər. Ermənilər bu yöndə onlara məxsus internet sosial şəbəkələrində yeni separatçı regionun bayrağı, gerbi, himni və digər atributlarını yerləşdiriblər və bu hələ də saytda qalmaqdadır. Əksər erməni təşkilatları hətta bu regionun Ermənistana birləşdirilməsi üçün "qanuni hüquqlarının” olmasını iddia etməkdədirlər.
Qafqazda ikinci Qarabağ problemi yarana bilər
Faktiki olaraq Cavaxetiya bölgəsində, ermənilərin kompakt yaşadıqları yerlərdə separatizm meyilli hərəkətlər özünü büruzə verməkdədir. Təbii ki, tarixən separat əməllərlə məşğul olan, əsassız torpaq iddiaları ortaya qoyan ermənilərin niyyəti Qafqaz regionunda hər zaman olub. Beyinlərindəki uydurma iddiaların reklamı ilə indi Gürcüstanda məşğuldurlar. Bütün planlar "Erməni Cavakx Respublikası”nı yaratmağa hesablanıb. Ermənilər dinc durmayaraq "Gürcüstan Erməni Kilsələri Şurası”, "Erməni Xristian Abidələrinin Qorunması”, "Erməni Xristian Dini Məktəblər Birliyi” və digər ictimai qurumlar yaradıblar. Onlar hətta beynəlxalq xristian təşkilatlarla birlikdə lobbiçilik istiqamətində Gürcüstanda strateji hədəflərinə nail olmaq üçün bir sıra layihələrə girişiblər.
Bu gün də Gürcüstan, Rusiya, Ukrayna, Fransa, İran, Kanada, ABŞ və digər dövlətlərdəki erməni siyasi, ictimai, dini təşkilatları "Erməni Cavakx Respublikası” ideyasını fəal şəkildə müdafiə edirlər. Bu sırada əsas təbliğat mənbəyi isə Axısqa vilayətində ermənilərin öz milli dillərində məktəblərin, qəzet və jurnalların, televiziya və radio kanallarının gürcü hakimiyyəti tərəfindən sıxışdırılması, bölgədə əhalinin gürcü dilini bilmədiyi üçün rəsmi dövlət sənədlərində erməni dilindən istifadə olunması, erməni dilinə ikinci dövlət dili statusunun verilməsi və digər tələblər irəli sürülməkdədir. Maraqlı məlumatlardan biri də odur ki, bu gün Ermənistan nazirlər kabineti yanında "Birləşmiş Cavakx” təşkilatı da fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən bu təşkilata xüsusi maliyyə vəsaiti ayrılır. Bu isə artıq ermənilərin Gürcüstan üçün nə qədər təhlükəli olduğunu göstərir. Gürcüstanda erməni dilində olan qəzetlərin, internet resursların, radio və televiziya kanallarının regionda separatizmə dəstək verməsi, təbliğat aparması, Qafqazda ikinci Qarabağ probleminin yaranmasına gətirib çıxara bilər. Görünənlər, əldə olan faktlar bu ehtimalları yaradır.
Ermənilərin uzağa hesabladığı məkrli planı
İnternetdə apardığımız xırda araşdırmalar nəticəsində məlum oldu ki, erməni analitiklərinin fikrincə, onlar Axısqa vilayətində öz mövqelərini gücləndirməklə yanaşı, bu regionu tədricən Ermənistanın Kotayk vilayətinin təsir dairəsinə sala biləcəklər. Bunun üçün iki region arasında kommunikasiya strukturlarının yaradılması, biznes mühitinin inkişaf etdirilməsi, sosial və mədəni sahənin uzlaşdırılması əsas strategiya kimi qəbul edilir. Yüksək dağlıq region olan bu ərazidə həmin şəbəkənin yaradılması üçün yüz milyonlarla dollar vəsait xərclənməsi kasıb Ermənistanı öz strateji hədəfindən yayındıra bilmir. Kotayk vilayətinin Axısqa vilayətinə birbaşa çıxışını təmin etməklə ermənilər həm də buradan Acarıstana birbaşa nəqliyyat dəhlizi əldə edəcəklər. Uzaq hədəfdə Ermənistanın Qara dənizə çıxışının təmin edilməsi uzun illərdir müzakirə olunur. Acarıstanda "turizmin inkişafı” adı altında erməni iş adamlarının buraya daha çox yatırım qoymalarının əsl səbəbi də bu siyasətin dərin köklərinə bağlıdır. İndiki zamanda Kotayk vilayətinin Gürcüstanla həmsərhəd olmasını bəhanə edərək strateji hədəflərə hesablanan bu siyasət ildən-ilə inkişaf etdirilməkdədir.
Gürcüstan hökumətinin yürütdüyü "dövlət liberalizmi” xətti ilə bu gücə necə dirəniş göstərə biləcəyi sual olaraq qalır. Amma görünən odur ki, gürcü hakim dairələrində olan ağıllı məmurlar bunun qarşısının alınması yollarını axtarırlar. İlk tədbir isə nəticə kimi qəbul edilir. Xüsusi təyinatlıların bu bölgəyə yerləşdirilməsi, Gürcüstan hakimiyyətinin ermənilərə ilk şilləsi sayıla bilər.
Xüsusi təyinatlıların orada yerləşdirilməsi ilə hər şey bitmir
Müşahidəçilərin qənaətincə, Gürcüstan hakimiyyəti bunun qarşısını almaq üçün əməli tədbirlərin sayını çoxaltmalıdır. Gürcüstanda fəaliyyət göstərən Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov "Şərq”ə bildirdi ki, əvvəl Gürcüstan hakimiyyəti Qərbdən gələn mesajlarla hərəkət edirdi: "Ordan gələn səs də, demokratiya, insan haqları, şəffaflıq və s. Amma separatizmə meyillilik, xüsusən də ermənilərin Cavaxetiyada olması, niyyətlərinin də bəlliliyi yaddan çıxmışdı. İndi yəqin ki, gürcü hakimiyyətinin başbilənlərinin yadına düşüb ki, belə bir fəaliyyət planı var. Beyinlərinə təzə isti keçib. Düşünürəm ki, ermənilərə qarşı daha sərt tədbirlər görülməlidir. Sərt o mənada ki, separatizmin qarşısını almaq üçün fəaliyyət genişləndirməlidirlər. Əks təqdirdə, doğrudan da yeni Qarabağ problemi yaranacaq”.
"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də deyir ki, Gürcüstanda erməni problemi qabarıq olaraq qalmaqdadır: "Ordakı ermənilər də, Ermənistan hakim dairələri də, Gürcüstanın əhəmiyyətli hissəsini xülya olan "Böyük Ermənistan” kimi görürlər. Gürcüstan siyasi, ictimai, iqtisadi həyatında saxta gürcü şinelinə girmiş ermənilər mühüm rol oynayır və bunun Gürcüstan üçün qorxu olduğunu dərk edən gürcülər çoxalmaqdadır. Gürcülərin türk dünyasına yanlış olaraq ifrat ehtiyatlı yanaşmaları da buna şərait yaratmaqdadır. Beynəlxalq aləmdə də bəzən ermənilərin üstünlük qazanmasının kökündə həm də mənfi hədəflərə və saxta ideologiya azarı ilə zəhərlənmiş təşkilatlanmalarıdır. Ermənilər sadaladığım faktorlardan istifadə edərək istədiklərini qanun çərçivəsində ala bilirlər. Ona görə də, Gürcüstan hakimiyyəti götür-qoy etməlidir. Burnunun ucundakı problemin şişməsinin qarşısını almalıdır. Xüsusi təyinatlıların orada yerləşdirilməsi ilə hər şey bitmir. Daha effektiv tədbirlər görülməlidir”.
Göründüyü kimi, ekspertlər də, Gürcüstandakı ermənilərin problem, separatçı olduqlarını təsdiqləyirlər. Onların bu cür təşkilatlanmaları, xəyallarında tutduqları qondarma respublika iddiaları gerçəkləşərsə, bu təkcə Gürcüstanın deyil, ümumilikdə Qafqazın probleminə çevrilər. Necə ki, 27 il bundan əvvəl yaranan Qarabağ münaqişəsinin hələ də çözümü yoxdur.
Anar Bayramoğlu