Tiflis torpaqlarının işğalına göz yumur

Gürcüstan Abxaziya üzərindən Rusiya ilə ticari əlaqələrə başlamaq istəyir
Bu yol açılarsa Ermənistanın da Rusiya ilə əlaqələri rahatlaşacaq


"Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır”.

Bunu "Şərq”ə açıqlamasında "Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Qonşu ölkədəki prosesi dəyərləndirən politoloq bildirib ki, bu mövzuda illərdir İsveçrədə rus və gürcü diplomatlar arasında danışıqlar gedir: "Hazırda danışıqlar yekunlaşmağa yaxındır. Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiya ilə anlaşması ona bənzəyir ki, sanki Azərbaycan işğal altındakı Dağlıq Qarabağ üzərindən Ermənistanla ticarət mübadiləsini bərpa edir. Əlbəttə, biz buna heç zaman razılaşmarıq. Ancaq görünür, gürcülər bizdən fərqli düşünürlər. Məsələ ondadır ki, əgər Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə "yaşıl işıq” yandırarsa, avtomatik olaraq Ermənistana da yol açılacaq. Bu isə işğalçı Ermənistanın köhnə arzusudur”.

Analitikin sözlərinə görə, hazırda Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən yeganə nəqliyyat yolu dağlardan keçən "Böyük Larsdır”. Ancaq bu yol uçqunlar səbəbindən çox zaman işlək olmur: 

"Ermənistan bu yoldan istifadə edə bilmir və iqtisadiyyatında böyük problemlər yaranır. Abxaziya yolu açılarsa, Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək”.

İsmayıl