Bina hazır olduqdan sonra isə mənzillər ipoteka və ya digər formalarda vətəndaşlara satıla bilər
Gələn ilin dövlət büdcəsi ilə bağlı par lamentdə keçirilən müzakirələr zamanı bir sıra təklif irəli sürən millət vəkili Fazil Mustafa Bakıdakı yarımçıq tikililərə də diqqət çəkib. Artıq çox sayda sahibkarların müflisləşdiyini vurğulayan millət vəkili hesab edir ki, ipoteka ilə bağlı islahatlara gedilsə, sahibkar binanı tamamlaya, ailə isə evə yiyələnə bilər.
Azərbaycanda tikilməkdə olan binalara ipoteka kreditlərinin verilməsi ilə bağlı məsələnin xeyli müddətdir gündəmdə olduğunu vurğulayan İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, burada əsas məqsəd vətəndaşların daha ucuz faizlərlə kreditlərdən yararlanmasından ibarətdir. İqtisadçının sözlərinə görə, tikintisi başa çatmayan daşınmaz əmlakın ipoteka alınması o deməkdir ki, istənilən şəxs rahat şəkildə mənzil sahibi ola bilər: "Məlumdur ki, tikintisi başa çatmayan binalarda mənzilin qiyməti ucuz olur. Belə olan
halda, vətəndaş daha ucuz qiymətə mənzil sahibi olur”. Ekspertin fikrincə, tikintisi başa çatmayan daşınmaz əmlakın ipoteka alınması eyni zamanda İpoteka Fondunun risklərini azaldacaq: "Bunun müsbət tərəflərindən biri də odur ki, inşaat yarımçıq qalmayacaq. Bəzən elə hal olur ki, inşaat şirkəti maliyyə çatışmazlığına görə tikintini müvəqqəti dayandırır. Amma tikintisi davam edən binanın ipoteka ilə satışa çıxarılması həmin daşınmaz əmlakın tez bir zamanda hazır olacağı deməkdir”. Tikintisi başa çatmayan daşınmaz əmlakın ipoteka ilə alınmasının birmənalı şəkildə vətəndaşın xeyrinə olacağını deyən İSİM rəhbəri qeyd edib ki, tikintisi yarımçıq qalan binaların Avropa ölkələrində olduğu kimi dövlət tərəfindən satın alınması da optimal variantlardan biridir. O deyib ki, xaricdə inşası yarımçıq qalan binalar dövlət tərəfindən alınır və inşası dövlətin vəsaitləri hesabına başa çatdırılır. Bina hazır olduqdan sonra isə mənzillər ipoteka və ya digər formalarda vətəndaşlara satılır: "Hətta bəzi ölkələrdə binaların inşası ilə əlaqədar konkret zaman müəyyənləşdirilir. Belə ki, tikintiyə başlayan şirkətlər qarşısında şərt qoyulur ki, bina 5 il müddətində istifadəyə verilməlidir. Əgər bu müddətdə bina hazır olmazsa, bina avtomatik olaraq dövlət mülkiyyətinə keçir. Zaman standartlarının dəqiqləşdirilməsi zamanı artıq vətəndaşların hüquqları pozulmur. Qanunla müəyyənləşdirilmiş zaman tavanı daxilində binanın inşası başa çatır və həmin binalarda mənzil almaq üçün ödəniş edən vətəndaşlar öz istəyinə çatır”.
Binaların inşası ilə bağlı qaydalara baxılmasına ehtiyac olduğunu vurğulayan ekspert deyib ki, konkret standartların müəyyənləşdirilməsi də vacib şərtlərdəndir.
Şəymən