Tıxac problemi əyalət adamlarının başında çatlayır

Rayon maşınlarının Bakıya buraxılmaması ciddi fəsadlar yaradacaq

Fazil Mustafa: "İndi rayonda yaşayan və çörəkpulu Bakıdakı işindən, çalışmasından
çıxan on minlərlə insanın vəziyyəti necə olacaq? Nəqliyyatı İntellektual İdarəetmə mexanizmində nəhayət ki, intellekt işə salınmalıdır”

Ərşad Hüseynov: "Şəhərə girişlərdə hərəkət iflic olacaq. Nəticədə həmin postlarda vaxtaşırı münaqişələr, davalar, korrupsiya halları olacaq”
Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması üçün tədbirlər planı hazırlanır. Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev öz açıqlamasında deyib ki, Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır və hazırda həmin Komissiyada müzakirələr gedir.
K.Əliyevin sözlərinə görə, tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalıb.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, vətəndaşların hüquqlarının müdafiəsi baxımından bu məhdudiyyətlərin qüvvədə qalması doğru deyil: "Rəsmi açıqlamaya görə, tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır. Bu əlbəttə, bəndəniz də daxil olmaqla öz komfortunu düşünən və Bakıda daimi qeydiyyatda olan əhali üçün cəlbedici yanaşmadır. Ancaq nəzərə almalıyıq ki, ölkənin bütün
infrastrukturu Bakı ilə bağlıdır və təəssüf ki, vaxtında bu şəhərin məskunlaşma yükünü azalda bilmədik. İndi rayonda yaşayan və çörəkpulu Bakıdakı işindən, çalışmasından çıxan on minlərlə insanın vəziyyəti necə olacaq? Hamımız tıxac probleminin həllindən yanayıq, ancaq bunu vətəndaşın çiləsi hesabına etməzlər ki?! Rayon nömrəli maşın sahibinin öz evinə aparacağı çörəkpulunun bizə hansısa aidiyyəti yoxdurmu? Onların da normal yaşamasını bizlər də istəmirikmi? Məncə, daha ağlabatan yollar tapılmalıdır”. Millət vəkili hesab edir ki, Avropa Oyunlarına görə hamı anlayışla davrandı, bir ay bunun tətbiqi üçün hamı fədakarlıq etdi. İndi isə bunun davam etməsi həm də insan haqları baxımından doğru sayılmaz: "Nəqliyyatı İntellektual İdarəetmə mexanizmində nəhayət ki, intellekt işə salınmalıdır. Yollarda təhlükəsiz velosiped zolaqları açılmalıdır və bu nəqliyyat vasitəsindən istifadə üçün vətəndaş təşviq olunmalıdır. Metrodan başqa heç bir ictimai nəqliyyatın ayrıca hərəkət zolağı olmadığına görə tıxaclar qaçılmaz olur. Bu barədə düşünülməlidir. Parking yerləri ucuz və rahat olmalıdır ki, adamlar maşınlarını burada rahatlıqla saxlayıb tıxac yaratmasınlar. Daha başqa nələrisə düşünmək olar, ancaq bütün hallarda rayon nömrəli maşınların şəhərə buraxılmaması rayonda yaşayan aztəminatlı ailələrin daha da sıxıntı içində yaşamasına rəvac verə bilər”.
Hüquqşünas Ərşad Hüseynov da deyib ki, Avropa Oyunları zamanı belə məhdudiyyət məntiqli və əsaslı idi. Ona görə də əksər sürücülər bunu anlayışla qarşıladılar. Lakin oyunlar başa çatdıqdan sonra da belə məhdudiyyətlərin davam etməsi doğru qərar deyil: "Ola bilsin, kimsə düşünür ki, oyunlar zamanı şəhərin küçələrində seyrəklik olması rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulması ilə bağlı idi. Ona görə də bundan sonra da belə davam etsə, şəhərdə sıxlıq olmayacaq. Lakin belə qənaət yanlışdır, çünki Avropa Oyunları zamanı şəhərdəki seyrəkliyin əsas səbəbi sürücülərin bu tədbirə sayğı ilə yanaşması və fərdi avtomobillərdən minimal dərəcədə istifadə etməməsi, habelə yay tətili ilə əlaqədar ümumi sıxlığın olmamasıdır”.
Ə.Hüseynovun sözlərinə görə, rayon qeydiyyatlı maşınların şəhərə girişi ilə bağlı məhdudiyyətlərin tətbiqinə hər hansı zərurət yoxdur, çünki Bakı şəhərində nəqliyyat sıxlığının yaranmasında rayonlardan gələn avtomobillərin payı çox cüzidir. Məsələnin ölkə əhalisini paytaxtda və digər ərazilərdə yaşayanlara bölmək kimi ayrı-seçkilik xarakterli nüanslarını da kənara qoymaq olmaz. Amma əsas məqam belə məhdudiyyətin əhəmiyyətsizliyi, hətta yeni məzmunlu problemlər vəd etməsidir.
Rayon avtomobillərinin Bakıya girişinə məhdudiyyət qoyulmasının doğuracağı ciddi problemlərə toxunan ekspert deyib ki, belə məhdudiyyətə nəzarət üçün şəhərin girişlərində nəzarət postlarının yaradılması və gələn avtomobillərin yoxlanılması lazım olacaq: "Bunun nəticəsində şəhərə girişlərdə hərəkət iflic olacaq. Rayonlardan gəlib şəhərə daxil olmaq istəyənlər nəzarətçilərlə dil tapmaq üçün müxtəlif vasitələr axtaracaqlar. Nəticədə həmin postlarda vaxtaşırı münaqişələr, davalar, korrupsiya halları olacaq.
Eyni zamanda rayonlardan Bakıya mütəmadi gələnlər şəhərə giriş üçün həmişəlik hüquq qazanmağa çalışacaqlar və bu məqsədlə avtomobillər üçün Bakı nömrələri əldə etmək, Bakıda hər hansı bir üsulla qeydiyyat hüququ qazanmaq kimi məsələlər ətrafında ajiotaj yaranacaq və s.
Göstərilənləri və digər məqamları nəzərə alaraq, rayon qeydiyyatlı avtomobillərin Bakıya girişini nəinki qadağan etməyə, hətta bu mövzuda müzakirə aparmağa da ehtiyac yoxdur”.
Ə.Hüseynovun qənaətincə, Bakı şəhərində nəqliyyat gərginliyini azaltmaq üçün daha səmərəli və perspektivə hesablanmış kompleks tədbirlər görülməlidir.
Bura paytaxtın yol şəbəkəsinin artırılması, ictimai nəqliyyatın işinin ideal səviyyəyə gətirilməsi, paytaxtda yerləşən sənaye, ticarət, təhsil müəssisələrinin, iri dövlət idarələrinin fəaliyyətini nəqliyyat baxımdan daha optimal təşkil etmə, paytaxtın ətrafındakı yaşayış massivlərində sosial infrastrukturu inkişaf etdirmək, yeni iş yerləri açmaq hesabına həmin massivlərdən mərkəzə axını azaltmaq və s. kimi tədbirlər aiddir: "Eyni zamanda Bakı şəhərinə fərdi avtomobillərlə gələn şəxslərin şəhər ərazisində avtomobilsiz hərəkətini stimullaşdırmaq lazımdır. Rayonlardan Bakı şəhərinin girişlərinə qədər fərdi avtomobillərlə gələn şəxslər üçün elə şərait yaratmaq lazımdır ki, onlar şəhərə çatdıqdan sonra öz avtomobillərini girişdə qoyaraq, könüllü surətdə şəhərdaxili ictimai nəqliyyata keçsinlər. Bu məqsədlə Bakının nəqliyyat qovşağı əhəmiyyətli
girişlərində (məsələn, "20 Yanvar” metrosu və ya avtovağzal ətrafında, "Koroğlu” metrosu ətrafında, Şıx çimərliyi zonasında) nəhəng avtodayanacaqlar yaratmaq və orada simvolik parklanma xərci (məsələn, bir gün üçün 1 manat) tətbiq etmək lazımdır. Belə dayanacaqlardan şəhərin müxtəlif nöqtələrinə, xüsusən də metro stansiyalarına intensiv avtobus marşrutları olmalıdır ki, öz avtomobilini orada qoyan şəxs qısa müddətə şəhərin lazımi yerinə qədər gedə bilsin.
Şübhəsiz ki, Bakıdan dəfələrlə böyük olan meqapolislərdə və şəhər aqlomerasiyalarında nəqliyyat infrastrukturunun təşkili ilə bağlı səmərəli təcrübənin öyrənilməsi nəticəsində başqa faydalı ideyalar da həyata keçirmək olar. Bunun üçün sadəcə olaraq mövcud şəraiti düzgün qiymətləndirmək və doğru qərarlar qəbul etmək lazımdır. Amma belə kreativ ideyalar arasında Bakıya girişi rayon avtomobilləri üçün qadağan etmək kimilərinin yeri görünmür”.
Şəymən