Tıxaclardan qurtuluş təklifləri ağlabatan deyil

“Görünür, ictimaiyyətin rəyini öyrənmək istəyirlər. Yaxşı olar ki, KİV-lər ictimai rəyin öyrənilməsinə köməklik göstərsin”



Paytaxt Bakıda nəqliyyatın hərəkətində sıxlığı aradan qaldırmaq və şəhərin ekoloji vəziyyətini normallaşdırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub. Məlumata görə, təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də yer alıb.

Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək. Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə, ümumiyyətlə, qadağa qoymaqdır. Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılmasıdır.

Təklifləri dəyərləndirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə açıqlamasında qeyd edib ki, bütün bunlar hələ ki söz-söhbət şəklində dolaşır. Çünki bu barədə heç bir rəsmi qərar yoxdur: "Görünür, ictimaiyyətin rəyini öyrənmək istəyirlər. Yaxşı olar ki, KİV-lər ictimai rəyin öyrənilməsinə köməklik göstərsin. Bununla yanaşı, düşünürəm ki, ortaya qoyulan təşəbbüsləri reallaşdırmaq çox çətin məsələdir. Kimdi Bakı küçələrində cüt və tək nömrəli avtomobilə baxan. Buna necə nəzarət olunacaq? Cüt və tək rəqəm məsələsi də ağlabatan deyil. Aidiyyəti komissiyadan mənə çatan məlumata görə, cüt və tək rəqəm məsələsi qurumda müzakirə olunmayıb. Bunu kim dövriyyəyə buraxıb, bilmirəm”. Rayon avtomobillərinin paytaxta buraxılmasına dair məhdudiyyətlərə gəlincə, ekspert bildirib ki, bu, yanlış addımdır: "Çünki o qanunu icra etmək çox çətin olacaq. Bu, əslində daha arzuolunmaz hadisələrə gətirib çıxaracaq. Rüşvətxorluq və qohumbazlıq halları artacaq. Vətəndaşların narazılığı güclənəcək. Bundan başqa deyim ki, həmin məhdudiyyətlər Bakıdakı sıxlığın aradan qalxmasına elə də müsbət təsir göstərməyəcək. Ola bilər ki, şəhərin girişində cüzi fərq hiss olunsun. Amma şəhərdaxili hərəkətdə heç bir müsbət dəyişiklik müşahidə olunmayacaq. Rəsmi məlumata görə, ölkəmizdə 1.3 milyon avtomaşın var. Onlardan 4 yüz mini bölgələrdədir. Bölgələrdən paytaxta gün ərzində uzağı 20 min avtomobil gəlir ki, onların da sıxlığa təsiri cüzidir”.

Avtomobillərin paytaxta qrafiklə saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılmasına diqqət çəkən Ə.Hüseynov vurğulayıb ki, bu çox təhlükəli yanaşmadır: "Gecə saatlarında yollarda hərəkət çox qorxuludur. Xüsusilə də yaşayış məntəqələrindən kənar yollar gecə saatlarında çox təhlükəli olur. Nəzərə almaq lazımdır ki, indi yaydır, qış aylarında saat 6-da qaranlıq düşür. Belə çıxır ki, camaat Bakıya ancaq gecə gedib-gəlməlidir. Xeyir ola? Bu, insanları ölümə məhkum etmək deməkdir. Çünki ən dəhşətli avtomobil qəzaları gecə saatlarında baş verir. Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının belə yanaşmasını anlamıram. Bu qurumun işi təhlükəsizliyi təmin etməkdir. Onun belə qərar qəbul etməyə səlahiyyəti çatmır”.

Ayyət Əhməd