Tofiq Hacıyevdən sonra institutda vəziyyəti xaos adlandırmaq doğru deyil

Qulu Məhərrəmli: “Direktorun yoxluğundan sui-istifadə edib, nizam-intizamı pozan, idarəçilikdən bixəbər insanlar da ola bilər”
“Amma ümumi götürdükdə hər kəs normal şəkildə öz işinə gəlib gedir. İnstitutun əməkdaşları cəmiyyət qarşısında öz məsuliyyətini dərk edir”




AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun faciəvi şəkildə dünyasını dəyişən mərhum direktoru Tofiq Hacıyevdən sonra bu elmi müəssisədə acınacaqlı durum yaranıb. Elmi müəssisədəki vəziyyətə aydınlıq gətirən İnstitutun şöbə müdiri, fəlsəfə doktoru İdris Abbasovun sözlərinə görə, Tofiq Hacıyevdən sonra xaos yaranıb və iş rejimi pozulub, ciddi qayda pozuntuları yaranıb:

"Mərhum akademik Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edilir. Tofiq müəllimin vəfatından sonra institutda iş ahəngi pozulub. Akademikin vəfatından 10 günə yaxın bir müddət keçməsinə baxmayaraq, boş qalan direktor postuna rəhbər təyin olunmaması direktorsuz bir gün belə, ötüşə bilməyən institutda vəziyyəti xeyli gərginləşdirib. Artıq institutda gedən proseslər mənfi məcraya doğru inkişaf edir. Direktorsuzluq mühitindən doğan özbaşınalıq o həddə çatıb ki, rəsmi sənəd saxtalaşdırılması prosesinə start verilib. Mərhum akademik Tofiq Hacıyevin vaxtında qoyduğu dərkənarlara qanunsuz müdaxilələr edilir. Bir sözlə, institutda xoşagəlməz proseslər gedir”. Dilçilik İnstitutunun hər ay, hər həftə elmi müzakirələrin, seminarların, müdafiələrin keçirildiyi bir müəssisə olduğunu vurğulayan Abbasov deyib ki, orada dövlətin maraqları prioritet təşkil edir ki, bu da məsələnin nə qədər ciddi olduğunu bir daha aydınlaşdırır. Onun sözlərinə görə, instituta operativ müdaxilə olunması, heç olmasa, növbəti sənəd saxtalaşdırmalarının qarşısını ala bilər və nəhayət, mövcud qanunvericiliyin Dilçilik İnstitutuna da aid olduğu izah edilib başa salınar”. Alim təcili surətdə sənəd saxtalaşdırılmasının qarşısının alınmasını, quruma direktor gətirilməsinin vacibliyini bu cür əsaslandırır: "Mahiyyət etibarilə sənəd saxtalaşdırılmasının və digər xoşagəlməz halların qarşısı təcili surətdə alınmalı, ən azından bu istiqamətdə profilaktik tədbirlər görülməlidir. Bu işdə Azərbaycan dövlətinə və qanunlarına həqiqi sədaqət nümayiş etdirilməlidir. Hesab edirik ki, bu gün instituta təxirə salınmadan rəhbər təyin olunması mərhum akademikin ruhuna ehtiram əlaməti olardı. Çünki Tofiq Hacıyev heç vaxt institutun başsız qalmasını, özbaşınalıqların baş alıb getməsini istəməzdi. Bütün bunları nəzərə alaraq, ümid edirik ki, AMEA rəhbərliyinin baş verənlərə qanuni müdaxiləsi Nəsimi adına Dilçilik İnstitutunda işlərin normal məcraya düşməsinə və istənilən qanunsuzluğun qarşısının alınmasına səbəb olacaq”. AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli isə İnstitutda elə bir ciddi qarşıdurma hiss eləmədiyini deyib: "Ola bilər ki, kimsə müəyyən yanlışlıqlara yol versin, hansısa prosedur qaydalarını pozsun. Amma bütün bunları xaos adlandırmaq doğru deyil. Direktorun yoxluğundan sui-istifadə edib, nizam-intizamı pozan, idarəçilikdən bixəbər insanlar da ola bilər. Təbii ki, bunları istisna etmirəm. Amma ümumi götürdükdə hər kəs normal şəkildə öz işinə gəlib gedir. İnstitutun əməkdaşları cəmiyyət qarşısında öz məsuliyyətini dərk edir və üzərinə düşən vəzifəni icra edir. Artıq Elmi Şuranın iclası da keçirilib”.

Alimin sənəd saxtalaşdırılması ilə bağlı iddiasına gəldikdə isə Q.Məhərrəmli bu barədə konkret məlumatlı olmadığını deyib: "Xəbərim olmadığı şeylər haqqında danışmağı sevmirəm. Hansısa sənəd saxtalaşdırılması faktını müşahidə etmədiyim üçün dəqiq heç nə deyə bilmərəm”.

Şəymən