Tofiq Yaqublu Müsavatın nizamnaməsini pozub

Gülağa Aslanlı deyib ki, onun Milli Şurada qalması məsələsi müzakirə olunacaq




"O vaxt da bu fikirdəydim ki, Müsavat Partiyası Milli Şurada (MŞ) qalmalıdır”. 
Bu barədə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib. O bildirib ki, Müsavat Partiyasının MŞ-dən çıxmaqla bağlı qərarının olmasına baxmayaraq, bu təşkilatda qalır: "MŞ fərdlərin təşkilatıdır. Mən də fərd olaraq, MŞ-də qalıram, çıxmamışam. Qurumun toplantılarında da iştirak edəcəm. Milli Şurada təmsil olunduğumu partiyanın rəhbərliyi də bilir. Onlar da normal yanaşırlar. Partiyada MŞ-də qalmağımla bağlı mənə heç bir irad bildirilməyib”. O, AXCP və Müsavat Partiyası arasında yaranmış gərginliyin həllinə çalışacağını da deyərək, bu istiqamətdə ilkin söhbətlərin aparıldığını qeyd edib.

Məsələyə münasibət bildirən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının sözlərinə görə, təşkilat üzvləri bilməlidirlər ki, partiya nizamnaməsindən kənar hərəkət etmək olmaz: "T.Yaqublunun MŞ-də qalması hələlik partiyada müzakirə olunmayıb. T.Yaqublu o qurumda qalmağına dair Divanda hər hansı fikir səsləndirməyib. Nə vaxt səsləndirsə, biz onu müzakirə edərik. Biz bu məsələni yalnız T.Yaqublunun özü ilə görüşəndən sonra müzakirə edəcəyik. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma Müsavatın üzvləri nəzərə almalıdır ki, partiyanın Nizamnaməsi var və Nizamnamə çərçivəsindən kənarda hərəkət etmək olmaz”.

Ayyət