Zəlimxan Məmmədli: "Nəzərli, Kosalı sakinlərinin etirazlarını haqlı hesab edirəm"
Gürcüstanda yaşayan soydaşlarımızın hüquqları yenidən pozulub. Bu dəfə də onlara haqq etdiyi torpaq sahələrini verməmək üçün müxtəlif yollara əl atılıb. Artıq gürcü hakimiyyəti gizli hərraclar keçirərək torpaq sahələrini gürcülərə satır, azərbaycanlıları isə hərraca yaxın belə buraxmırlar. Bununla da Gürcüstanın qanunlarını pozurlar. Bu pozuntuya misal olaraq Qardabani rayonunda baş verənləri göstərmək olar. Qeyd edək ki, Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində etiraz aksiyası keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, kəndin mərkəzinə toplaşan sakinlər kənd ərazisindəki 110 hektarlıq otlaq sahəsinin 17 hektarı 2012-ci ildə Gürcüstanın İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-qanuni olaraq hərrac yolu ilə satıldığını qeyd ediblər. Qalan otlaq sahəsinin 1800 təsərrüfatın ehtiyacını ödəmədiyini deyən sakinlər əsasən, heyvandarlıqla məşğul olduqlarını qeyd ediblər. Aksiya iştirakçıları problemin həlli üçün Gürcüstan parlamentinə və prokurorluğuna müraciət ediblər.
Qardabani Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamar Dzaqaniya isə bildirib ki, kənd sakinlərinin etirazı haqlıdır və onlara məxsus torpaqlar keçmiş hakimiyyətin vaxtında kimlərəsə hərrac yolu ilə satılıb. O, məsələnin araşdırılacağını və Nəzərli sakinlərinə cavab veriləcəyini əlavə edib.
"Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli də "Şərq”ə açıqlamasında Gürcüstanda məskunlaşan soydaşlarımızın torpaq üzərində mülkiyyət hüququnun pozulması amilinin fundamental və siyasi mahiyyət daşıyan problemlərdən biri olduğunu deyib.
"Kəndlilərin torpaqlarını əlindən alanda artıq o, kəndli olmaqdan çıxır” deyən Z.Məmmədlinin sözlərinə görə, minlərlə hektar sahə qapalı hərrac keçirilmədən açıq hərraca çıxarılır və işbazlara satılır: "Gürcüstan qanunvericiliyinə görə, qapalı hərrac torpağın yalnız o kəndin sakinlərinə təklif olunması ilə keçirilən hərracdır. Onlar bunu etməyiblər. Torpaq sahəsini işbazlara satıb insanlarımızı öz işçiləri kimi işlətmək olmaz. Nəzərli, Kosalı sakinlərinin etirazlarını haqlı hesab edirəm. Hesab edirəm ki, kəndlərin ətrafındakı torpaqların başqaları tərəfindən alınması və kəndlilərin orada minnətlə işlədilməsi qanunauyğun deyil. Düzdür, torpaqların böyük bir qismi satılıb, investisiyalar qoyulub. Amma bizim təklifimiz odur ki, Gürcüstan dövləti həmin kəndliləri ya torpaqla təmin etməli, ya da kompensasiyalar verməlidir. Əgər dövlət əhali başına kompensasiya versə, vətəndaşlar həmin torpaqları işbazlardan geri ala bilərlər. Ancaq biz Gürcüstanın bu məsələlərə "dözümlü” yanaşdığını görürük. Bunun isə adı diskriminasiya deməkdir”.
Şəymən