Tovuzda tələbə qız döyülərək zorlanıb
“Məni döyə-döyə kəndimizdəki qəbiristanlığa apardılar. Əllərindən zorla qaçdım”
Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Lent.az-ın məlumatına görə, bu günlərdə Əyyublu kənd sakini olan, 20 yaşlı G.N 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib. Tovuz rayon Məhkəməsi gənc qızı zorlamaqda şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarmayıb və onların polis nəzarətində olmasını məqbul sayıb.
Fakta görə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluq da gənc qızı zorlayanların həbs edilməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
"Qız könüllü surətdə evdən çıxaraq, bu uşaqlara qoşulub. Bu, onlar arasında olan telefon danışıqlarından və "sms” yazışmalarından da görünür”
4 nəfər tərəfindən cinsi təcavüzə məruz qalan 20 yaşlı qızla bağlı yeni məlumatlar yayılıb.
"Aznews.az”ın məlumatına görə, hadisənin baş verdiyi Tovuz rayonu, Əyyublu kənd sakinləri, bu xəbərin ictimailəşməsinə və həmin 4 nəfərin polis tərəfindən saxlanılmasına etiraz ediblər. Bununla bağlı kənd sakinləri icra nümayəndəliyi qarşısına toplaşıblar. Onlar iddia edirlər ki, həmin qıza qarşı heç bir fiziki zorakılıq olmayıb.
Qızı zorlamaqda şübhəli bilinən şəxslərdən biri - Elməddin Niyazovun atası İsgəndər Niyazov da hadisənin mediaya ötürüldüyü formada baş vermədiyini deyib: "Kənd camaatı da yaxşı bilir ki, saxlanılan uşaqlar sadəcə şərə düşüb. Əlbəttə, kənd yerində belə bir hadisənin baş verməsi ən azından ayıbdır. Mən də oğluma buna görə heç cür haqq qazandıra bilmərəm. Amma həqiqət budur ki, orada heç bir zorakılıqdan söhbət gedə bilməz. Polis də təsdiq edir ki, qız könüllü surətdə evdən çıxaraq, bu uşaqlara qoşulub. Bu, onlar arasında olan telefon danışıqlarından və "sms” yazışmalarından da görünür. Hələ məlum olub ki, həmin qız bu oğlanlarla bərabər, xeyli sayda başqa adamlarla da yazışıb”. İ.Niyazov deyir ki, məsələnin bu şəkil alması, qızın atasının ixtisasça hüquqşünas olması və vaxtilə məhkəmədə işləməsi ilə bağlıdır: "Qızın atası hüquqşünasdır, əli də müəyyən yerlərə çatır. Bu hadisədən istifadə edərək qızını və özünü təmizə çıxarmaq istəyir. Amma bunu hamı kənddə bilir ki, bizim uşaqlar kiminsə qurbanına çevrilir”. Müsahibimiz könüllü olaraq, oğlanlarla görüşən qızın niyə birdən-birə şikayətçi olması sualına da aydınlıq gətirib: "Əslində qız şikayətçi olmayıb. Onu atası məcbur edib. Qızın üzərində heç bir zorakılıq halı olmayıb. Sadəcə qız evə gec gəlib. Bundan sonra atası onu qorxudub və qız da hardan gəldiyini deyib. Yəqin o özünü qorumaq üçün zorla aparıldığını bildirib”.
"Qızıma deyiblər ki bunu kiməsə desən, öldürəcəyik”
Bu arada zorlanan qızın atası Kamal Nəsibov Tovuzun Əyyublu kəndində baş verənlərlə bağlı aznews-az danışıb. O, qızının üzərində zorakılıq hadisəsi olduğunu təsdiqləyib: "Hadisə martın 22-də Tovuz rayonunun Əyyublu kəndində baş verib. Hadisəni törədənlər - Məmmədov Kamal, Kərimov Mürsəl, Niyazov Ellməddin, Rzayev Nemət qızımı qaçırıb. Qızım tələbə olduğuna görə kəndə tətilə gəlmişdi. Yağışlı gündə babası ilə görüşməyə gedib. Yolda oğlanlardan biri onun başından vuraraq təpikləyib və avtomobilə mindirib. Qız avtomobildən düşə bilməyib. Oğlan avtomobili açıqlıq bir əraziyə sürüb. 3 nəfər də bunların ardınca "Ford” maşını ilə gəlib. Onlar qızıma qarşı zorakılıq edib. Sonra ordan götürüb qəbiristanlığa aparıblar. Orada deyiblər ki "Sən bunu bir adama desən, öldürəcəyik”. Məsələ ilə bağlı cinayət işi başlanılıb”. K.Nəsibov bildirib ki, qızının zorlanmasında iştirak edən cinayətkarlardan biri Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib ki, onun barəsində olan qəti-həbs imkan tədbiri dəyişdirilsin: "100-dən çox adam buna etiraz edirik. Bu saat kənd ayağa qalxıb. Əgər məhkəmə Niyazov Elməddin barəsində olan həbs-qəti imkan tədbirini dəyişib buraxsa, kənddə tayfa-nəsil davası düşəcək. Ölüm olacaq. Onlardan 3-ü həbs olunub, biri isə azadlıqdadır”.
K.Nəsibov qızının hələ də şokda olduğunu qeyd edib: "Qızım intihar eləmək istədi, zəhər içdi. Bu boyda haqsızlıq olar? Bu cinayətkarların 4-ü də həbs olunmalıdır. Hazırda cinayətkarlardan birinin valideynləri onu zaminə buraxmaq istəyirər. İmkanlı adamlardır, yol tapıb çıxmaq istəyirlər. Kənd əhli isə buna razı deyil. Deyilənə görə, bunların ilk işi deyil. Onlardan biri qızıma deyib ki, "Sən birinci deyilsən. Sənin kimi neçəsini yola vermişəm”. Mən buradan ölkənin rəhbər şəxslərinə müraciət edirəm. Bu boyda haqsızlığa göz yumayın. İnanın ki, onları buraxsalar, kənddə ölüm olacaq”.
"Mənə dedilər ki, səni soyundurub, şəklini çəkib internetə yerləşdirəcəyik”
"Aznews.az” qızın özü ilə əlaqə saxlayıb və bəzi suallara cavab alıb.
- Xanım, başınıza gələnlərlə bağlı nə deyə bilərsiniz? Həmin gün sizə zor tətbiq edən oğlanlarla harda qarşılaşdınız?
- Həmin gün saat 12-də evimizdən çıxıb nənəmgilə gedirdim. Elməddin Niyazov mənə yaxınlaşıb başımdan vurdu və zorla avtomobilə mindirdi. Avtomobildə olduğum müddətdə də elə hey məni döyürdü.
- Siz onu tanıyırdınız?
- O, bizim kəndçimizdir. Digər oğlanlardan isə yalnız birini üzündən tanıyıram. Amma o biriləri ilə telefon danışığımız olub. Mənə zəng edərək deyiblər ki, "Mənimlə danışmalısan, danışmasan, sənin şəkilini internetə qoyacağıq. Şəkilini oturduğun yerdə çəkmişik. Səni soyundurub, şəklini çəkib internetə yerləşdirəcəyik”. Hədə-qorxudan sonra məcbur olub danışmışam. Telefon nömrəmi də paylayıblar. Elməddin məhkəmədə boynuna aldı ki, mənim telefonunu Kamaldan alıb.
"Onlar məni döyürdülər, amma paltarım əynimdəydi, soyundurmamışdılar”
- Maşında olarkən, sizi döyərkən Elməddin nə deyirdi, nə istəyirdi?
- Heç nə demirdi. Az sonra telefonla dostuna zəng etdi. Həmin dostu da gəldi.
- İkinci gələn hansı oğlan idi?
- Kamal Məmmədov.
- Bəs, yerdə qalan iki nəfər nə vaxt gəlib?
- Onlar sonradan gəliblər, saat 16.00-da.
- Sizə qarşı hansı zorakılıqlar oldu?
- Elə hey döyürdülər. Sonra məni döyə-döyə kəndimizdəki qəbiristanlığa apardılar. Ümumiyyətlə, onlar bir dəstə uşaq olublar. Təsdiq üçün telefonlarındakı nömrələri də yoxlaya bilərlər. Mənə qarşı dördü də zor tətbiq etdi. Ekspertizadan keçmişəm, bədənimdə xəsarət yerləri var.
- Bunu nə ilə əlaqələndirirdilər. Nə deyib döyürdülər?
- Mən onların dediyinə razılaşmırdım, ona görə döyürdülər.
- Həmin vaxt onlar sizi videoya çəkiblərmi?
- Dediklərinə görə çəkiblər, amma mən görməmişəm.
- Atanız açıqlamasında bildirib ki, guya oğlanlar deyiblər ki, əgər hadisəni kiməsə danışsanız, sizi öldürəcəklər.
- Bəli, elədir.
- Bəs bu 4 nəfər oğlanın əlindən necə çıxdınız? Kimsə köməyinizə gəldi?
- Yox, elə özüm əllərindən çıxıb qaçdım...
- Həmin vaxt çılpaq idiniz?
- Yox... Onlar məni döyürdülər, amma paltarım əynimdəydi, soyundurmamışdılar.
- İddia belədir ki, sizə qarşı cinsi zorakılıq olub...
- İndi çox danışa bilmirəm. Yoldayam. Evə çatım, rahat danışarıq.