Tramp Ərdoğanla anlaşdı

ABŞ Türkiyəyə “PATRİOT” raketi satacaq
Görünür, Vaşinqton da Türkiyənin ABŞ-dan uzaqlaşdığının fərqindədi


"ABŞ-ın Türkiyəyə "PATRİOT” raket kompleksinin satışına razılıq verməsi Ərdoğan-Tramp danışıqlarının nəticəsidir”. Bunu "Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Vaşinqtonun bu raketlərin satışına razılaşması bir neçə səbəblə bağlıdır: "Birinci məqam Türkiyənin Rusiya ilə Suriya üzrə strateji tərəfdaşlığının inkişaf etməsidir. İkincisi, iki ölkə arasında hərbi-texniki müqavilələrin bağlanması nəticəsində "S 400" raketlərinin Türkiyəyə ixrac edilməsidir. 

Bu kimi şərtlər Vaşinqtonun geri addım atmasını, "PATRİOT" raket batareyasını Ankaraya verməsini şərtləndirdi. Türkiyənin dəfələrlə ABŞ-dan bu raket sistemini almaq istəklərinə baxmayaraq, Vaşinqton maraqlı olmayıb. Ankaranın qərarlığı, bir tərəfdən Suriyada YPG terrorçularına qarşı "Cənub Hərəkatı” hərbi əməliyyatına başlamaq planı Vaşinqtonun qərarının qətiləşməsində mühüm amil oldu. Bu razılaşma heç də Türkyənin öz siyasətindən geri çəkilməsinə gətirib çıxarmayacaq. Görünür, Vaşinqton da Türkiyənin ABŞ-dan uzaqlaşdığının fərqindədilər. Bu qərarı verməklə Ankara ilə müttəfiq əlaqələrinə sadiq olduqlarını nümayiş etdirirlər”.

Analitik bəyan edib ki, Türkiyə buna rəğmən Rusiyadan "S-400” raketlərinin alışını həyata keçirəcək: "Amma növbəti dəfə yeni hərbi-texniki müqavilələrin bağlanmasına getməyəcək. Amerikanın istədiyi də Rusiyanın silah ixracına zərbə vurmaqdır. 

Çünki silah bazarında ABŞ-ı Rusiyanın əvəzləməsi Vaşinqtonun ticari, həm də regional siyasətinin zəifləməsinə gətirir. Bundan sonra Vaşinqton satışını təxirə saldığı "F-35” təyyarələrinin Türkiyəyə satışını da həyata keçirəcək. Əgər ABŞ-la Türkiyə arasında bu kimi silahların alqı-satqısı davam edəcəksə, Ankara Moskvadan silah idxalını dayandıracaq. Göründüyü kimi, ABŞ-ın regionda strateji səhvləri öz əleyhinə yönəldiyindən geri addım atmaqdadır”.

M.Əsədullazadənin sözlərinə görə, Amerikanın Türkiyədən uzaqlaşması Rusiyanın yaxınlaşmasını şərtləndirdi: 

"Vaşinqtonda nəhayət ki, Ankara ilə saatın əqrəblərini tutuşdurmağa çalışırlar. Ankaranın təhlükəsizlik maraqlarını nəzərə alaraq, birgə müttəfiqliyi davam etdirmək Vaşinqtonun regional maraqlarının güclənməsinə gətirə bilər. ABŞ-la Türkiyə arasında silah alqı-satqısı Azərbaycanın maraqlarına da cavab verir. Bir müddətdən sonra ABŞ ölkəmizə də silah ixracını reallaşdıra bilər”.

İsmayıl