Prezident Riyad şəhərində bütün islam dünyasını “qucaqlayacaq” bir çıxışla islam dünyasına qarşı buraxdığı səhvləri düzəltdi
ABŞ Prezidenti Donald Tramp ilk səfərini Səudiyyə Ərəbistanına etdi. Bununla da Amerikanın səfər ənənəsi pozuldu. ABŞ-da prezidentlər, adətən, ilk səfərlərini ya Kanadaya, ya da Meksikaya edirlər. Trampın Ərəbistana səfəri bu dövlətin ABŞ üçün əhəmiyyətinin göstəricisi sayıla bilər. Tramp Riyad şəhərində çıxışı zamanı bildirib ki, dünya terror qurbanlarının 95 faizini müsəlmanlar təşkil edir.
Onun fikrincə, terrorizmə qarşı mübarizəni bir dinə qarşı müharibə kimi deyil, xeyirlə şər arasındakı döyüş kimi dəyərləndirmək lazımdır. Ağ Ev rəhbəri Tramp bütün dünya ölkələrini İranı təcrid etməyə çağırıb. O, rəsmi Tehranı ekstremist qüvvələri dəstəkləməkdə, onlara silah verməkdə və terrorizmi maliyyələşdirməkdə ittiham edib. Tehran rejimi Bəşər Əsədi dəstəklədiyi üçün də sərt şəkildə tənqid olunub. Xatırladaq ki, Donald Tramp Ərəbistandan sonra İsrailə səfər edib. O, daha sonra Roma Papası Fransisklə bir araya gələcək. Heç şübhəsiz, bu görüşlərin hamısında terrorçuluğa qarşı mübarizə, Suriyadakı mövcud vəziyyət müzakirə olunacaq. Trampın Səudiyyə Ərəbistanı və İsrailə səfərində müzakirə olunan əsas mövzulardan biri də düyünə düşən Fələstin-İsrail münaqişəsi ilə bağlı olacaq.
ABŞ Prezidentinin səfər xəritəsini "Şərq”ə şərh edən politoloq Natiq Miri deyib ki, Amerika tarixində ilk dəfə olaraq prezident ilk səfərini xristian yox, müsəlman ölkəsinə səfər edib. Ekspertin sözlərinə görə, xüsusilə Səudiyyə Ərəbistanın ilk sıraya qoyulması çox ciddi geosiyasi mənalar daşıyır:
"Tramp birinci səfərini Ərəbistana etməklə bir milyarddan çox müsəlman toplumunun Amerikaya mənfi münasibətini dəyişdirməyə çalışır. Seçki ərəfəsində Tramp müsəlmanlar əleyhinə verdiyi bəyanatlarla xeyli nifrət qazanmışdı. Ona görə də Riyad şəhərində bütün islam dünyasını "qucaqlayacaq” bir çıxışla islam dünyasına qarşı buraxdığı səhvləri düzəltdi. Tramp nüfuzlu və aparıcı müsəlman dövlətlərini bir araya gətirərək, bir növ öz tərəfinə çəkərək dünyanın idarə olunmasında yeganə güc mərkəzi olduğunu sübut etdi”.
Politoloqun fikrincə, Tramp Ərəbistan toplantısı ilə İranı təkləməyi bacardı:
"Müsəlman dünyasında kənarda saxlanılan tək ölkə İrandır. Tramp bu cür gedişlə İranın dağıdıcı ünsür olduğunu, müsəlman dünyasını parçaladığını bütün dünyaya göstərmiş oldu. Belə demək mümkündürsə, ABŞ Prezidenti "bir güllə ilə bir neçə dovşanı vurdu”. Həmçinin, Tramp öz hakimiyyəti əleyhinə daxildə gedən prosesləri başqa istiqamətə yönəltməyi bacardı. Bunu Ağ Ev rəhbərinin uğuru kimi dəyərləndirmək olar. Xatırladım ki, Trampın yəhudi toplumuna çox böyük simpatiyası var. Hesab edirəm ki, İrana qarşı atılan addımlar və digər müsəlman dövlətlərinin ABŞ ətrafında cəmlənməsi əslində İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Prezident açıq şəkildə yəhudilərlə dost olduğunu söylədi və İsraili hərtərəfli müdafiə edəcəyini də bildirdi”.
İsmayıl