Tramp hər gün itirir

O, əgər Amerika Konqresinə seçkilərə qədər xarici siyasətdə uğur əldə etməzsə, demokratlar üstünlük əldə edəcəklər


ABŞ Prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb. Bu barədə "Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunub. Keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 57 faizi prezidentin fəaliyyətini mənfi qiymətləndirib.

Vurğulanıb ki, ABŞ-ın sabiq prezidentləri Barak Obama və Bill Klintonun reytinqləri aşağı düşməyib. İctimaiyyətlə yanaşı siyasi ekspertlər də Ağ Ev rəhbərinin fəaliyyətinə tənqidi yanaşırlar. Onların fikrincə, Tramp işə başladığı gündən bu yana heç bir ciddi siyasi qərara imza atmayıb və hər hansı məsələyə reaksiya doğuracaq səviyyədə münasibət bildirməyib. Əksinə, Prezidentin atdığı qeyri-ciddi addımlar ona qarşı olan etimadsızlıq hissini daha da şiddətləndirib. Xüsusən, son günlərdə Trampın öz kürəkəni - Cared Kuşnerə Ağ Evdə vəzifə verməsi narazılığı bir qədər də artırıb. 

ABŞ rəhbəri arasında cərəyan edən prosesləri "Şərq”ə şərh edən siyasi ekspert Azər Rəşidoğlu deyib ki, əgər Amerika Konqresinə seçkilərə qədər Donald Tramp xarici siyasətdə uğur əldə etməzsə, seçkilərdə demokratlar üstünlük əldə edəcəklər:

"Bu baxımdan Tramp üçün "xarici düşmən” amili vacibdir. Ehtimal edirəm ki, Tramp antiislam isteriyasını davam etdirəcək və daha çox İranı hədəf kimi seçəcək. Tramp milli neft şirkətlərinin meydana çıxardığı simadır. Əsas məqsəd İran və Türkiyəyə qarşı planın həyata keçirilməsidir. "Xarici düşmən” amili sadə amerikalıların rəğbətini qazanmağa kifayət edə bilər. Lakin bu, uzun müddət Trampa rahatlıq verə bilməz. Fikrimcə, Tramp əleyhinə çıxışlar artan xətt üzrə inkişaf edəcək”.

İsmayıl