Tramp İrana qarşı sanksiyaları gücləndirəcək- POLİTOLOQ




Donald Trampın prezidentliyi dövründə ABŞ-ın İrana qarşı təzyiqləri güclənəcək.

Bunu Sherg.az-a ABŞ prezidenti Barak Obamanın İrana qarşı sanksiyaların müddətinin 10 il uzadılmasına münasibət bildirərkən Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib. 

Onun sözlərinə görə, Tehrana qarşı sanksiyaların uzadılması ABŞ-ın yarımçıq qalmış siyasətinin davamı olacaq: 

"İran öz qonşu ölkələrində, Suriya, Fələstin və Yəməndə pozuculuqla məşğuldur. İran rəhbərliyi ABŞ-ın terrorçuluğa dəstək verən şəxs elan etdiyi Bəşşar Əsədi açıq şəkildə dəstəkləyir. İran hakimiyyətinin diktatura meylli olması, islam adı altında gizlənməklə ölkədə insan azadlıqlarının məhdudlaşdırılması, mətbuat və sərbəst toplaşma azadlıqlarına əngəllərin törədilməsi ABŞ-n maraqlarına zidd olmaqla yanaşı regionda da demokratikləşmə prosesinin genişlənməsinə mane olur. Öz növbəsində rəsmi Vaşinqton bölgəyə İranın anti-demokratik təsirlərini azaltmaq üçün tətbiq etdiyi sanksiyaların müddətini 10 ilə qədər artırıb. İrana qarşı təzyiqlər D. Trampın hakimiyyəti dövründə daha da kəskinləşəcək”.

S. Soltan diqqətə çatdırıb ki, dünyanın aparıcı qüvvələri ABŞ-ı İrana qarşı kəskin mövqe tutmaqda günahlandırırdılar. Belə fikir yaranırdı ki, bunun nəticəsində İran bölgədəki dövlətlərə qarşı sərt mövqe nümayiş etdirir: 

"Zamanla rəsmi Tehran və Vaşinqton arasında yaranan yumşalmalar hakimiyyətin bölgədəki pozuculuq fəaliyyətinə təsir göstərmədi. Bu siyasət İranın qərbiləşməsinə heç bir müsbət təsir göstərmədi. Amerikanın "quduz köpək” ləqəbli yeni müdafiə naziri Ceyms Mettisi İranın da düşmənlərindən biri sayılır. D. Tramp hesab edir ki, 2015-ci ilin iyunun 15-də İranla 6-lıq dövlətlərin bağladığı atom-nüvə proqramı müqaviləsinə yenidən baxılmalıdır. Konqresdə respublikaçılar üstünlük təşkil etdiyindən İrana qarşı tətbiq olunan layihələr həm Senatda həm Konqresdə qəbul ediləcək. Suriya, Yəmən və İraqla bağlı məsələlərdə gərginliyin azaldılması üçün ilk növbədə İrana qarşı sərtləşmək lazımdır”.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Barak Obamanın İrana qarşı sanksiyaların müddətinin 10 il uzadılması barədə qanunu imzalayacağı halda cavab tədbirləri həyata keçiriləcəyini bəyan edib.

Ayyət Əhməd