"Tramp prezidentlikdən uzaqlaşdırılır ?" - Mümkündür, amma



Donald Trampın prezidentlikdən uzaqlaşdırılması mümkündür, amma çox çətindir"

 Bunu Sherg.az-a politoloq Zərdüşt Əlizadə deyib. 

O qeyd edib ki, D.Tramp seçkilərdə qalib gəlib, Respublikaçılar partiyası da həm senata, həm nümayəndələr palatasına nəzarət edir: 

"İcra və qanunverici hakimiyyətə nəzarət edən partiyanın böyük imtiyazları var. Bu partiyanı dəstəkləyən cəmiyyətdəki kəsim partiyanın və prezidentin hakimiyyətdə qalmasını istəyir. Uduzmuş kəsim, demokratlar isə istəyirlər ki, Trampı uzaqlaşdırsınlar. Bu, yalnız hüquqi müstəvidə baş verə bilər. Bunu həyata keçirmək üçün demokratların hüquqi mexanizmləri yoxdur. Yəni Trampı impiçment etmək üçün müstəqil komissiya təsis etmək barədə qərarı konqres verə bilər. Konqresdə isə əksəriyyət Respublikaçılardır. Respublikaçılar intihar edən insanlara bənzəyirlərmi? Xeyr. Onlar hamısı öz mənafelərini gözəl dərk edən insanlardır. Onlar obyektiv, qərəzsiz araşdırmaya ehtiyac duyduqlarını deyə bilərlər, lakin belə komissiya yaratmayacaqlar. Hələ D.Trampın impiçmenti üçün dəlil ortaya qoyub, sübut etməyiblər. 

Bu impiçment komissiyası yaratmaq üçün kifayət deyil. Prezident cinayət işi törətməyib. Demokratlar məsələni uduzacaqlar. Tramp icra hakimiyyətinin başında böyük səlahiyyətlərə malikdir. Çalışacaq ki, özünü müdafiə etsin. Hələlik mübarizədə hüquqi və inzibati baxımdan Respublikaçılar öndədir. Onların ağlı olsa, Trampı güdaza verməzlər. Versələr də bütün dünya bundan heç nə uduzmur. Tramp sübut etdi ki, ənənəvi ikipartiyalı Amerikanın xarici siyasətini davam etdirir. O uzaqlaşdırılsa, yerinə vitse-prezident Mayk Pens gəlsə, yenə eyni siyasəti yürüdəcək. Azərbaycana, Rusiyaya, müsəlman Şərqinə, Çinə və ya Koreyaya Amerikadakı məsələnin heç bir dəxli yoxdur. Bu Amerikanın daxili bazarıdır. Daxili bazarda isə əlverişli piştaxta uğrunda mübarizə gedir”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirin Rusiya rəsmiləri ilə əlaqələrinə dair təhqiqatın dayandırılmasına çalışdığına dair iddialar Ağ Evdə çaşqınlıq yaradıb. Bu iddialar Trampın keçən həftə Moskvanın iki diplomatı ilə görüşdə həssas kəşfiyyat məlumatlarını açıqladığına dair mediada məlumatlardan sonra irəli sürülüb.

Ayyət Əhməd