Trampı işə saldılar

Konqres prezidentdən Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etməyi gur səslə tələb edəcək


"Səudiyyə Ərəbistanı ən yaxın müttəfiqi olan ABŞ Prezidenti Donald Trampı çətin vəziyyətə salıb”. "Şərq”ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, Konqresə və Amerika mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu lazım idi. Həmin mövzunu konqresmenlərə gözlənilmədiyi halda Səudiyyə Ərəbistanı verdi: "Təsəvvür edin, Səudiyyə rejiminə müxalif jurnalist Vaşinqtondan İstanbula gəlir və ölkəsinin konsulluq binasına daxil olduqdan sonra yoxa çıxır. Həmin jurnalistin öldürüldüyü ehtimalı yüksəkdir. Çünki həmin gün Səudiyyə Ərəbistanından İstanbula 15 nəfərlik qrup gəlib, işi gördükdən sonra özəl təyyarə ilə geri qayıdıblar. 

Bu vəziyyətdə Tramp nə edəcəyini bilmir. Çünki, Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı. Sazişə görə Səudiyyə Ərəbistanı 10 il ərzində Amerikadan yeni hərbi texnika almalıdır. Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi. Trampın sözlərindən belə çıxır ki, o Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inanır. 

Ancaq Səudiyyə ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan on minlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz. Yəni Tramp iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır. Problem isə ondadır ki, Konqresdə Trampın rəqibləri və Amerika mediası jurnalistin qətlini unutmağa hazır deyillər. Şübhəsiz ki, bu mövzuda Trampa təzyiqi artıracaqlar. Trampdan Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etməyi gur səslə tələb edəcəklər. Bir sözlə, Səudiyyə Ərəbistanı bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı”.

İsmayıl