"Trampın impiçmenti reallaşsa da Klinton prezident olmayacaq" - POLİTOLOQ

Tofiq Abbasov:"Artıq Trampın təşəbbüsləri Amerikaya böyük xeyir verməyə başlayır və onun siyasəti müəyyən qədər özünü doğruldur. Prezidentin addımları sayəsində hərbi-sənaye şirkətlərinə yüksək qazanc əldə olunur&


"Amerikada seçkiqabağı kompaniyalarda dünyanın öndə gedən mətbuat orqanları bir qayda olaraq Hillari Klintonu dəstəkləyirdi”.

Bunu Sherg.az-a ABŞ prezidenti Donald Trampın impiçmentinin mümkünlüyü haqqında danışarkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, ABŞ-ın daxilində də müxtəlif qurumlar, dövlət orqanları və s. Hillari Klintona dəstək göstərdiyinə görə, onun qələbəsi dəqiq gözlənilirdi:

"Buna rəğmən D.Tramp qalib gəldi. Onun əlehinə olan qüvvələr isə hələ də prezidentə qarşı mübarizəni müxtəlif istiqamətdə davam etdirirlər. Lakin impiçment reallaşdığı halda belə H.Klinton prezident olmayacaq.

Trampa qarşı addımlar atanların əsas məqsədi onu hakimiyyətdən uzaqlaşdırmaqdır. Ona görə, Rusiyanın seçkilərə müdaxilə etməsi məsələsi də ortaya atıldı. Prezidentə qarşı ittihamlar irəli sürülsə də onların faktlar əsasında dəlilləri yoxdur. Bu məsələlər fərziyyələr səviyyəsində irəli sürülür. Düşünmürəm ki, ittihamlar impiçmentə qədər gətirib çıxarsın. Çünki indi hər yerdə hakerlərin izi axtarılır, Rusiya ilə əlaqəsi olan şəxslər həbs olunur. Prosesləri mətbuat şayiələri əsasında qızışdırmaq başlıca addım oldu. Lakin bunların arxasında faktlar durmalıdır, isbata yetirilməlidir. Hələlik heç bir sübut yoxdur”.

T.Abbasov düşünür ki, hay-küylü olmasına baxmayaraq Trampa qarşı gücləndirilən kampaniyanın axırı yoxdur:

"Artıq Trampın təşəbbüsləri Amerikaya böyük xeyir verməyə başlayır və onun siyasəti müəyyən qədər özünü doğruldur. Prezidentin addımları sayəsində hərbi-sənaye şirkətlərinə yüksək qazanc əldə olunur. Bunlar Trampın səyləri nəticəsində əldə olunub. Lakin o müstəqil idarəçi deyil. Amerikanın ənənəvi siyasətini davam etdirir. Bütün kampaniyaların sonunda Trampın rəqiblərinin uğur əldə edəcəyini düşünmürəm”.

Aysel Aslan