“Transplantasiya barədə reklama qadağa məqsədəuyğundur”

Adil Qeybulla: “Bu sahə üzərindən reklam siyasəti yeritmək düzgün deyil”


Azərbaycanda insan orqanlarının transplantasiyası barədə reklamın tibbi ixtisaslaşması olmayan mətbuat, televiziya və digər vasitələrdə yerləşdirilməsi qadağan olunur.
Milli Məclisin dünən keçirilən iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası
haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanunun 16-cı maddəsinə edilməsi nəzərdə
tutulan dəyişikliyə əsasən, transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış
mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana biləcək.
Layihənin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, bu ixtisaslaşmış mətbuatı
kimin müəyyən etməsi qaranlıq qalır: "Kim müəyyən edəcək ki, filan mətbuat ixtisaslaşmış tibb üzrə
mətbuatdır? Dilimizdə orqan köçürməsi ifadəsi olduğu halda, transplantasiya sözündən niyə istifadə
edirik?”
Layihə səsə qoyularaq qəbul olunub.
İnsan orqanlarının transplantasiyası barədə reklamlara qoyulan qadağanın məqsədəuyğun olduğunu vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, müəyyən müdaxilələrin olması gərəkli idi: "

Televizayalar mövcud vəziyyətdən sui-istifadə edərək dərmanlar, klinikalarla
bağlı reallığa uyğun olmayan reklam çarxları təqdim edirlər. Bu isə ümumi işin ziyanına işləyir.
Bütün dünyada dərmanların media orqanlarında reklam olunması qadağandır, amma Azərbaycanda
bu sahədə müəyyən boşluqlar var. O cümlədən də insan orqanlarının transplantasiyası sahəsində
vəziyyət eynidir. Bu sahədə yol verilən hər hansı bir boşluq insanlara həyatı bahasına başa gəlir”.
Azərbaycanda insan orqanları köçürmələrinin yalnız qohumlar arasında həyata keçirildiyini
vurğulayan ekspert deyib ki, bu qərara səbəb də orqan transplantasiyasının tətbiq edilməsinin
qanunsuz orqan ticarətçilərinin fəaliyyətinin genişlənməsinə, sui-istifadə hallarının artmasına gətirib
çıxaracağı ilə bağlı ehtimallar oldu: "Azərbaycanda ancaq qan qohumlarından orqan köçürülməsi
mümkün olduğu üçün bu sahə üzərindən reklam siyasəti yeritmək düzgün deyil. Orqanların qeyri￾qanuni satışı kriminal xarakterli olduğu üçün transplantasiyanın media orqanlarında reklamına
qadağa qoyulması vacib amil idi”.

Şəymən