Firudin Cəlilov: “Bu cür gözəl türk adlarının lüğətdən çıxarılmasına görə, Komissiyanın işini yarıtmaz hesab edirəm”
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən adlar açıqlanıb.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova yeni şəxs adları lüğəti hazırlanarkən Nazirlər Kabinetinin 12 may 2011-ci il 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” rəhbər tutulub.
Onun sözlərinə görə, həmin Qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.
Sədr müavini bildirib ki, Azərbaycan dilində şəxs adları lüğətinə Ədliyyə Nazirliyində saxlanılan, indiyə qədər şəxs adları ilə bağlı çap olunan lüğətlərdəki seçmə, daha yaxşı adlar daxil edilib.
S.Sadıqova əlavə edib ki, lüğət çap olunandan dərhal sonra "ASAN Xidmət” mərkəzlərinə göndəriləcək. Sədr müavini qeyd edib ki, şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib.
S.Sadıqova Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 adı da açıqlayıb.
Qeyd edək ki, həmin siyahıda Tufan, Tayfun, Yolçu kimi adların yer alması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu mövzu sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirəyə çıxarılıb və qurumun bu cür adlara qoyduğu qadağa narazılıq doğurub.
Türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov da Tufan, Tayfun kimi adların lüğətdən çıxarılmasının xoşagəlməz hal olduğunu deyib: "Siyahı barədə tam məlumatlı deyiləm, ancaq Tayfun və Tufan adlarının tövsiyə olunmayan adlar sırasına daxil edilməsi fonunda hazırlanan siyahının uğursuz olduğunu deyə bilərəm. Hətta bu addımın böyük yanlışlıq olduğunu hesab edirəm. Bu adların hər ikisi türk xalqları arasında geniş yayılan və praktikada da istifadə olunan adlardır. Sovet dövründən qalma uyğunsuz adların lüğətdən çıxarılması müsbət haldır. Kolxoz, Kombayn, Sovet kimi adlar dilimizdən birdəfəlik silinməlidir. Ad həm mənalı olmalıdır, həm də estetika baxımından zövq oxşamalıdır. Çərkəz, Altay, Dəniz adları Azərbaycanda geniş yayılmalıdır. Bizim şifahi xalq ədəbiyyatımız genişdir. Başqa xalqlardan götürdüyümüz adlara nə ehtiyacımız var? Allahın, haylarının (ermənilər) adlarının yarıdan çoxu türk mənşəlidir. Gürcülər, Dağıstan xalqları bizdən nə qədər ad götürüblər. Rusların özləri bizim Aslanı götürüb, Ruslan, farslar isə həmin adı Rüstəm edib. Biz də Tufan, Tayfun adını bəyənmirik. Bu cür gözəl türk adlarının lüğətdən çıxarılmasına görə, Komissiyanın işini yarıtmaz hesab edirəm. Amma sovetdən qalma heç bir mənası olmayan adların siyahıya salınması təqdirəlayiqdir”.
Şəymən