"Turizm obyektləri təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər" - EKSPERT





"Turizm obyektlərində müştərilərin istirahəti üçün nəzərdə tutulan atraksionlar, su hövzələri, aquaparklarda və kanat yollarında tam təhlükəsizliyin təmin edilməsi üçün kompleks olaraq təhlükəsizlik tədbirləri görülməlidir”.

Bunu "Sherg.az”a Qubada kanatın sınması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisədən danışarkən təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev deyib. 

O xüsusilə vurğulayıb ki, insanların sıx istirahət etdiyi məkanlarda bütün "fors- major" hallar nəzərə alınmadır:

"Kanat yolları xüsusilə təhlükə potensiallı obyektlər siyahısına daxil edilib. Ondan istifadə zamanı bütün gərəkli təhlükəsizlik tədbirləri həyata keçirmək lazımdır. 

"Tros"larının istifadəyə yararlı, əyləc sisteminin saz olması, sürətinin, dönmə anında sürəti, kabinəsinə tutumu qədərdən artıq adamın minməməsi və s. nəzərə alınmalıdır. Əgər hər hansı nasazlıq varsa, təbii ki, onun istismarına icazə verilməməlidir.

Kanatdan istifadə edən müştəri kanatın saz, ya nasaz vəziyyətdə olduğunu bilə bilməz. Bu məsələdə turizm obyektləri maraqlı olmalıdırlar. Vaxtlı-vaxtında texniki baxışdan keçirməklə, lazım olan hissələrinə qulluq olunmaqla saz vəziyyətdə saxlamaq gərəkdir. 

Qubada baş verən hadisə və bir neçə gün əvvəl Novxanı qəsəbəsində yerləşən "Aquapark”da baş verən ölüm hadisəsi hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq, hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, "Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb. Bir neçə gün əvvəl isə Novxanıda yerləşən "Aqua Park” əyləncə mərkəzində ölüm hadisəsi baş verib. Belə ki, əyləncə mərkəzində olan attraksionda insanlar arasında baş verən toqquşma zamanı mərkəzdə istirahət edən Zamiq Nağıyev həyatını itirib.

Aysel Aslan