Zəfər Vəliyev: "Layihə hələ Türkiyə Böyük Millət Məclisində tam təsdiqini tapmayıb"
Türkiyə Böyük Millət Məclisi Rusiya ilə "Türk axını" qaz boru kəmərinin tikintisi layihəsi haqqında sazişi təsdiq edib. Yaxın günlərdə qanun Türkiyə Prezidenti tərəfindən imzalanmalıdır.
Sənədin təsdiq edilməsinin isə lehinə 210 deputat səs verib, 7-si əleyhinə olub, 6 deputat isə bitərəf qalıb.
Son dönəmlərdə hər iki dövlətin yaxınlaşması və regional layihənin tərəflərə iqtisadi cəhətdən nə kimi vədlər verməsi gündəmdədir.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev isə layihənin 2013-cü ilin sonu 2014-cü ilin əvvəlində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfərindən sonra gündəmə gəldiyini bildirib:
"Bu layihə hələ Türkiyə Böyük Millət Məclisində tam təsdiqini tapmayıb. Sadəcə olaraq Məclisin bir komitəsində bəyənilib. "Türk axını" layihəsi bölgədə geosiyasi vəziyyətin gərginləşməsi ilə ortaya çıxmış bir layihədi. Yəni Rusiya Federasiyasının Avropa Birliyi ilə, ABŞ ilə Krımın anneksiyasından və Ukraynanın şərq bölgələrində separatçı meyillərə birbaşa dəstəyindən sonrakı gərginlikdən yaranmış bir layihədir. Eyni problemi bu gün ABŞ ilə Türkiyə Cümhuriyyəti yaşayır. Bu layihənin əsas fəlsəfəsi budur. Çünki layihə 2014-cü ildə Rusiya Prezidenti V.Putinin Türkiyəyə səfərindən sonra gündəmə gəldi. O dövrdə də "Qazprom" rəhbəri açıq bəyan etdi ki, Avropa Birliyi və ABŞ bilərəkdən və ya bilməyərəkdən qaz ventrini Türkiyə Cümhuriyyətinə təqdim etdi. Rusiyanın "Cənub axını" layihəsi fəaliyyətini dayandırdıqdan sonra "Türk axını" gündəmə gəldi".
Ekspert həmçinin Rusiyanın bütün hallarda Avropadakı qaz monopoliyasını əldən vermək istəmədiyini vurğulayıb:
"Avropa struktutlarının və siyasi mərkəzlərinin strateji hədəflərindən biri də ondan ibarətdir ki, yaxın dövrdə Rusiyanın qaz asılılığından azad olsun. Həmçinin, Avropada enerji təhlükəsizliyinin bərqərar olunması ilə bağlı şaxələndirilmiş enerji mənbələrinə müraciət etsin. Yəni Avropa dövlətləri özlərinin gələcək qaz partnyorunda Rusiya boru kəmər qazının xüsusi çəkisini aşağı salmaq istəyir. Rusiyanın isə hədəfi Avropanın şərq və cənubi-şərq regionlarındakı üstünlüyü əldən verməməkdir. Əsas məsələ ondan ibarətdir ki, "Türk axını" layihəsində 2 xəttin çəkilməsi ilə bağlı razılıq var. Bir xətt Türkiyənin daxili tələbatına yönələcək. Bu addımın atılmasında məqsəd Rusiyanın Ukrayna üzərindən Avropaya ixrac edilən qaz ilə bağlı Ukrayna-Rusiya hökumətləri arasında bağlanmış sazişə 2019-cu ildə son qoyacağını bəyan etməsi oldu. Yəni, guya ki, Rusiya artıq Ukrayna üzərindən qərb ölkələrinə qaz ixrac etməyəcək. Əslində isə bu tamamilə belə deyil. "Türk axını" layihəsinin imzalanmasından sonra ruslar açıq bəyan etdilər ki, biz Ukrayna üzərindən Avropaya qaz ixracına son verməyəcəyik. Ola bilər, tədarük həcmlərində azalmalar baş verəcək. Bütün bunlar birinci xəttin tikilməsinə aid idi. İkinci xəttin tikilməsi isə qeyri-mümkündür. Çünki bu xətt tikilərsə, yəni Yunanıstan sərhəddinə gedərsə, Avropa kommersiyasının ikinci enerji paketinin şərtləri gözləyir. Bu baxımdan ikinci xətt tətbiq olunmayacaq".
Yeganə Bayramova