Türk dili Avropa Birliyinin rəsmi dili elan edildi

Nizami Cəfərov: “Bütün türk dünyasını təbrik edirəm. Çox böyük hadisədir”



Türk dili Avropa Birliyinin 24-cü rəsmi dili elan olunub. Bu barədə İngiltərənin "Daily Express” qəzeti yazıb. Məlumata görə, məsələ səsə qoyularkən Avropa Parlamentinin 133 üzvü əleyhinə,
375 üzvü isə lehinə səs verib, 28 nəfər səsvermə hüququndan istifadə etməyib. Beləliklə, türk dili Avropa Birliyinin rəsmi dili elan olunub.

Məsələni dəyərləndirən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov "Şərq”ə söyləyib ki, bu iddialar çoxdan vardı və buna dair də dəfələrlə müraciətlər olmuşdu:

"Hətta türk dünyasının böyük ziyalısı İhsan Doğramacı məsələ barədə dəfələrlə təkliflər verib. Ümumiyyətlə, bu iş bütün türkoloji konqreslərdə və konfranslarda səsləndirilirdi. Həqiqətən də türk dilləri içərisində daha çox inkişaf etmiş və daha çox insanın danışdığı Türkiyə türkcəsi beynəlxalq dil olmalıdı. Bununla bağlı o zaman mən də çoxlu yazılar yazmışam və təhlillər vermişəm. Əlbəttə, çox vacib məsələ idi. Buna ehtiyac vardı. Bütün türk dünyasını təbrik edirəm. Çox böyük hadisədir və özü də tamamilə təbii haldır. Çünki dünyada türklərin mövqeyi güclənir. Türk xalqları dünyanın ən tolerant xalqlarıdır. Dünya ilə ünsiyyətdə olan xalqlardan biridir. Sayları 100 milyonlarla ölçülür. Yüksək mədəniyyətə, böyük elmi imkanlara malikdirlər. Bir daha qeyd edirəm ki, bu, çox böyük hadisədir. Əminəm ki, türk dili dünyada ünsiyyətin genişlənməsində çox böyük rol oynayacaq”.

"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, türk dilinin Avropa Birliyinin rəsmi dili elan olunması gecikmiş məsələdir: "Bu qərar 15-20 il əvvəl qəbul edilməli idi. Avropada milyonlarla türk yaşayır və türk dilinin Avropa Birliyinin rəsmi dili elan olunması çox doğru qərardır. Azərbaycanda da daha Türkiyə filmlərini Azərbaycan türkcəsinə çevirməzlər. Yəni türkcəni olduğu kimi dinləyərik. Türk dünyası üçün ortaq dil məsələsi ilə bağlı da addımlar atılır”.

Ayyət Əhməd