Türk ordusuna “hazır ol!” əmri verilib

“Ankara, İŞİD-ə qarşı mübarizə koalisiyasına rəhbərlik edən ABŞ-a dönəmli mesajlar verib”




İŞİD terror təşkilatının Suriyada strateji ərazi hesab edilən "Mare Xətti”ni hədəfə alması rəsmi Ankaranı hərəkətə keçirib. Türkiyə Silahlı Qüvvələrinə 90 kilometrlik sərhəd ərazisində "hazır ol!” əmri verilib. Suriya sərhədindəki Öncüpınar və Cilvegözü məntəqələrinin İŞİD-in nəzarətinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülüb. Türk ordusunun bölgəyə yaxın bütün qoşun birləşmələri hazırlıq vəziyyətinə gətirilib. Qırıcı təyyarələr qırmızı həyəcan siqnalı gözləyir.

Qeyd edək ki, PKK dünən Türkiyəyə hədə dolu mesaj verib. Bildirilib ki, əgər Ankara Suriyaya qoşun yeridərsə, Türkiyəni hərbi əməliyyatlar meydanına çevirəcəklər.

Maraqlıdır, Türkiyənin Suriya ilə sərhəddə qoşun növlərinə "hazır ol” əmri verməsi nəyə hesablanıb? Bütün bunlar sadəcə təhlükəsizlik tədbirləridir, ya Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatlara keçməsi üçün hazırlıq mərhələsidir?

Regionda kifayət qədər çirkli geosiyasi "oyun”lar oynanıldığını hesab edən politoloq Natiq Mirinin qənaətincə, türk ordusunun bölgəyə yaxın bütün qoşun birləşmələrini hazırlıq vəziyyətinə gətirməsi sərhəddə yaxın ərazilərinin təhlükəsizliyini təmin etmək və "oyun”ların qarşısını almağa hesablanıb: "Son zamanlar İŞİD terror qruplaşması Türkiyə ilə sərhəd olan Türkiyə torpaqlarını kürdlərə təhvil verərək geri çəkilməkdədir. Bunun isə müəyyən güc mərkəzləri tərəfindən gözardı edilməsi Türkiyəyə bəllidir. Daha doğrusu, bu məsələdə Türkiyə ABŞ-ı xüsusi günahlandırır. Bu səbəbdən də Ankara, İŞİD-ə qarşı mübarizə koalisiyasına rəhbərlik edən ABŞ-a dönəmli mesajlar verib. Çünki bölgədə baş verən prosesləri Amerikanın çox ciddi şəkildə izləməsi və idarə etməsi onlar üçün sirr deyil. Ona görə də, açıq şəkildə mesaj verib ki, ABŞ lazımi tədbirləri görməzsə, Türkiyə bildiyini edəcək”. Politoloqun sözlərinə görə, Suriya ərazilərində kürd dövlətinin yaradılması ideyasından Türkiyə xəbərdardır və o da məlumdur ki, yaradılan kürd dövləti təkcə Suriya ilə məhdudlaşmayacaq: "Kürdlərin planı daha qlobaldır. Onlar Suriya, Türkiyə və İran ərazilərini özündə ehtiva edən "Böyük Kürdüstan” dövləti yaratmağı hədəfləyiblər. Suriya ərazisində yaradılacaq dövlət indiki şəraitdə pilot layihədir. Türkiyə də bunu çox yaxşı anlayır və önləyici tədbirlər görür. Çünki Türkiyənin prezidenti Ərdoğan dəfələrlə Türkiyədə kürd dövlətinin yaradılacağına imkan verilməyəcəyini bəyan edərək buna qarşı konkret tədbirlər görüləcəyini elan edib. Türk ordusunun bölgəyə yaxın bütün qoşun birləşmələrini hazırlıq, qırıcı təyyarələr qırmızı həyəcan siqnalı vəziyyətinə gətirməsi də həmin tədbirlər planının tərkib hissəsidir. Türkiyə qoşunlarının sərhəddə yığılmasına rəğmən hələlik sərhəd keçilməyib. Düşünürəm ki, Türkiyə bu məsələ ilə bağlı öz müttəfiqləri, NATO, ABŞ və region dövlətləri ilə çox ciddi məsləhətləşmələr aparır. Türkiyə gözəl bilir ki, Suriya sərhəddini keçəcəyi halda bir sıra beynəlxalq güclər bundan hərbi, siyasi, hüquqi aspektdən Türkiyə əleyhinə istifadə edə bilərlər”.

Şəymən