“Əgər ideya reallaşarsa, türk xalqlarının nümayəndələri qısa zaman ərzində biri-biri ilə qaynayıb-qarışacaqlar, ləhcələrini öyrənəcəklər”
Firudin Cəlilov və Tənzilə Rüstəmxanlı Ərdoğanın təşəbbüsünü müsbət qarşıladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərindən sonra türkdilli dövlətlərin vahid universitetinin yaradılması təklifini irəli sürüb. Türkiyə lideri belə bir vahid universitetin yaradılmasının türkdilli ölkələrin marağına cavab verdiyini və türk xalqları arasında mənəvi bağ yaradacağını söyləyib. Ərdoğan bildirib ki, bütün türkdilli ölkələr, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə daxil olmaqla yeni universitetin təsisçiləri ola bilərlər.
Türkiyə Prezidentinin təklifi ilə bağlı "Şərq”ə danışan sabiq təhsil naziri, türkoloq-alim Firudin Cəlilov təşəbbüsü çox müsbət qarşılayıb. Professorun sözlərinə görə, türk xalqları arasında sıx əlaqə yaratmaq prosesində tələbə mübadiləsinin və təhsil sisteminin rolu böyükdür:
"5-6 türk dövlətinin ortaq universitet yaratması çox böyük əhəmiyyətə malikdir. Bu addım inteqrasiyanı gücləndirəcək. Vahid universitetdə tədricən ortaq türk əlifbası işlənə, ortaq türk dili formalaşa bilər. Bununla yanaşı, ölkələr arasında elmi və mədəni əlaqələr, iqtisadi münasibətlər inkişaf edər. Bütün bunların kökündə isə ortaq universitetin yaradılması durur. Əgər ideya reallaşarsa, türk xalqlarının nümayəndələri qısa zaman ərzində biri-biri ilə qaynayıb-qarışacaqlar, ləhcələrini öyrənəcəklər. Ortaya atılan layihə hərtərəfli sərfəlidir”. Alim bildirib ki, bu ideyanı 25 il əvvəl reallaşdırmaq istəyiblər. Ancaq o zaman maddi imkanları bunu reallaşdırmağa imkan verməyib: "Çox yaxşı olardı ki, belə bir universitet Azərbaycanda təsis edilsin. Bununla da bütün Orta Asiya məkanından vətənimizə minlərlə tələbə gələr. O vaxt mən Kiprdə bir universitetə girmişdim. Orada xeyli azərbaycanlı tələbə, qazaxlar və qırğızlar var idi. Hamısı bir-biri ilə yaxınlaşmışdılar. Çox gözəl təklifdir, mən dəstəkləyirəm. Sadəcə ortaq universitetlərə çox savadlı, təcrübəli kadrlar seçilməlidir. Yalnız o halda həmin ali təhsil ocaqlarından yaxşı məzunlar çıxartmaq olar”.
"Türkiyə Prezidentinin təklifinə çox böyük ehtiyac var”. Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfərindən sonra türkdilli dövlətlərin vahid universitetinin yaradılması haqqında təklifinə münasibət bildirərkən Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
O bildirib ki, yaradılacaq universitetin qərargahının Türkiyədə olması daha məqsədəuyğundur: "İnanıram ki, Türkiyə prezidenti özəlliklə İstanbulda universitetin yaradılmasını təmin edəcək. Buna çox böyük ehtiyac var. Neçə illərdir, bəlkə də Azərbaycan müstəqilliyini qazandığı gündən bu yana ziyalılarımız və milli təfəkkürü olan insanlarımız təklif edirdi. Nə yaxşı ki, R.T.Ərdoğan bu təklifi işıqlandırıb. Xeyirli, uğurlu olsun! Bu sözün arxasında durmasını, türk ölkələrinin də buna dəstək verməsini arzu edirik”.
İsmayıl