Türkiyə bizim yeganə təbii müttəfiqimizdir
Azərbaycan və Türkiyə rəsmiləri ilə sıx təmaslar olduqca yaxşı haldır
Ötən gün Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizdə baş nazir Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Çavuşoğlunu qəbul edən baş nazir Novruz Məmmədov ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladıb və iki dövlət arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Baş nazir bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcuddur:
"Bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır”. Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir:
"Bu layihələr təkcə bizim ölkələrin deyil, region xalqlarının rifahının artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfələr verir”. Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini bəyan edən baş nazir xüsusilə vurğulayıb ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə yeni təyinatdan sonra ilk xarici səfərini Azərbaycana etməsinə diqqət çəkərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib. Çavuşoğlu deyib ki, dövlət başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayır:
"Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyətlərini gücləndirəcəklər. Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda irqçilik, ayrı-seçkilik daha çox özünü büruzə verir. XİN rəhbəri söyləyib ki, erməni naziri təbrik etməsi Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlməməlidir: "Sadəcə, ayaqüstü təbrik etmişəm. Bu o demək deyil ki, Türkiyənin mövqeyində hər hansı dəyişiklik ola bilər. Türk dövləti və xalqı Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın verdiyi hər bir qərarı dəstəkləyirik”. Onu da vurğulayaq ki, yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın və milli müdafiə naziri Hulusi Akarın da Azərbaycana səfərləri baş tutacaq.
Qardaş ölkə rəsmilərinin Azərbaycana səfəri və mühüm mesajlar verməsi ilə bağlı "Şərq”ə danışan "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirib ki, Türkiyə Azərbaycanın yeganə müttəfiqidir. Ona görə də türk dövlətini təmsil edən istənilən siyasətçinin Azərbaycana gəlişi cəmiyyət tərəfindən müsbət dəyərləndirilir: "Türkiyə bizim yeganə təbii müttəfiqimizdir. Son dövrlərdə Azərbaycan və Türkiyə rəsmiləri ilə sıx təmaslar olduqca yaxşı haldır. Düşünürəm ki, əməkdaşlıq daha da dərinləşməlidir.
Rusiya-Ermənistan hərbi ittifaqına alternativ cavab ancaq Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi olar. Azərbaycanın təhlükəsizliyi naminə, Rusiya və İranla sərhədlərimizə türk qoşunları yerləşdirilməlidir. İkitərəfli, bərabər hüquqlu hərbi əməkdaşlığın göstəricisi kimi, Türkiyənin Suriya və İraq sərhədlərində də Azərbaycan qoşunları yerləşdirilə bilər. Türkiyə və Azərbaycan arasında hərbi pakt imzalanmalıdır. İki müttəfiqdən birinin hər hansı üçüncü dövlətlə müharibə ehtimalında avtomatik o biri tərəf müharibəyə qoşulur. Əgər bunlar reallaşarsa, Azərbaycan Ermənistanla müharibəyə başlasa, Rusiyanın ikincinin tərəfində açıq iştirakının qarşısı alınacaq”.
"Prezidentlərin və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri, Türkiyənin Azərbaycan təəssübkeşliyi, səmimiyyəti iki dövlət arasındakı münasibətləri səciyyələndirən addımlardır”. Bunu isə "Sherg.az”a millət vəkili Fəzail İbrahimli deyib. O qeyd edib ki, M.Çavuşoğlu Avropa Şurasında Türkiyəni təmsil etdiyi dönəmdən indiyə qədər Azərbaycan təəssübkeşliyini nümayiş etdirib:
"Xarici işlər nazirinin qardaşlıq mövqeyi, ölkəmizin siyasətini dəstəkləməsi təqdirolunan addımdır. Bu gün nazir vəzifəsini icra edən M.Çavuşoğlu Azərbaycanın hər zaman yanında olduğunu ifadə edir. İki qardaş ölkənin yaxşı münasibətləri, qarşılıqlı əlaqələri onun üçün yüksək önəm kəsb edir. Hazırda Azərbaycan və Türkiyənin münasibətlərinə bütün dünya qibtə edir.
Dünya bilir ki, Türkiyə Azərbaycan üçün güvən yeri, Azərbaycan da Türkiyə üçün dayaq dövlətdir. Türkiyənin ən çətin anlarında yanında olan, haqq səsinə cavab verən Azərbaycanın addımları Türkiyə cəmiyyəti və rəhbərliyi tərəfindən həmişə vurğulanıb. Bu yaxın əlaqələr dünyaya, Avropa dövlətlərinə mesajdır ki, Azərbaycan-Türkiyə qardaşlığı regionda aparıcı amildir”.
İsmayıl